Türkiyənin xarici siyasəti haqq-ədalət və dürüstlük meyarları üzərində qurulub

Azərbaycanla Türkiyənin ortaq köklərdən və dəyərlərdən güc alan dostluq və qardaşlıq münasibətləri böyük inkişaf yolu keçib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 29-da Türkiyənin milli bayramı – Respublika Günü münasibətilə keçirilən tədbirdə səsləndirib.

Türkiyə Respublikasının beynəlxalq aləmdə böyük nüfuz sahibi olduğunu vurğulayan Milli Məclisin sədri deyib: “Hesab edirəm ki, bu nüfuz bir tərəfdən və təbii olaraq, onun siyasi, iqtisadi, hərbi, intellektual, mənəvi potensialı və geosiyasi önəmi ilə bağlıdır. Digər tərəfdən isə onunla bağlıdır ki, Türkiyənin xarici siyasəti bu gün dünya miqyasında böyük ehtiyac duyulan haqq-ədalət və dürüstlük meyarları üzərində qurulub”.

Sahibə Qafarova qeyd edib ki, qardaş ölkənin qarşıya çıxan beynəlxalq problemlər barəsində nümayiş etdirdiyi obyektiv mövqe dünyanın yaşadığı indiki təhlükəli dövrdə birmənalı olaraq sabitləşdirici rol oynayır.

Şuşa Bəyannaməsinin əhəmiyyətindən danışan Milli Məclisin sədri qardaş Türkiyənin Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərində və bütün digər məsələlərdə də Azərbaycanın yanında olduğunu qeyd edib.