Ucar və Göyçay şəhərlərində milli ailə modeli və qloballaşma mövzusunda tədbir keçirilib

Demokratik Azərbaycan Naminə gənclərin (DANİB) İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Qloballaşmanın zərərli təsirlərinə qarşı mübarizədə ənənəvi ailə modelimizin və milli-mənəvi dəyərlərin təbliği, tədbirlərin təşkili” adlı layihə çərçivəsində Ucar və Göyçay şəhərlərində tədbir keçirib. Toplantı başlamazdan öncə ərazi bütövlüyümüzün qorunması və bərpası uğrunda canından keçən şəhidlərimizin ruhu sayğı duruşu ilə yad olunub.
Hər iki toplantıda çıxış edən DANİB sədri Elməddin Behbud layihənin məqsədinin milli ailə dəyərlərimizin qorunmasının əhəmiyyəti və qloballaşma dalğasının yaratığı mənəvi aşınmanın törətdiyi təhlükələr barədə Azərbaycan cəmiyyətinin maarifləndirilməsinin gücləndirilməsi olduğunu bildirib. Elməddin Behbud xalqımızın mənəvi dünyasını zənginləşdirən, tarix və mədəniyyətimizdən qidalanan, birliyimizi gücləndirən milli-mənəvi dəyərləri qoruyub saxlamağın hər birimizin borcu olduğunu vurğulayıb. DANİB sədri mənəviyyatımızın özülü və ilk qoruyucusu olan ailəni sevən və qoruyan şəxslərin torpağını, doğma yurdunu da qoruduğunu, ailəsinə diqqətli olanların cəmiyyətə də həssas münasibət bəslədiyini deyib. E.Behbud bildirib ki, texnologiyanın, kommunikasiyanın zəif inkişaf etdiyi dövrlərdə ailə identikliyini qorumaq toplumlar üçün xüsusi çətinlik yaratmırdı. Hazırkı qlobal dünyada isə təəssüflər olsun ki, bu sahədə vəziyyət o qədər də ürəkaçan deyil. Bu, gələcəyimiz üçün ciddi təhlükələr yaradır. Bu cəhətdən ənənəvi milli və mənəvi dəyərlərimizə söykənən ailə institutumuzu qorumaq həm də dövlətimizi mühafizə etməkdir.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov mövzu ilə bağlı geniş çıxış edib. Vüqar Səmədov bilirib ki, hər bir ailədə mövcud olan mənəvi-psixoloji abu-hava o mühitdə formalaşan insana ciddi təsir edir və bu, gələcəkdə ictimaiyyətə də nüfuz edir. Xalqımız üçün xarakterik olmayan davranışların, tamamilə yad dünyagörüşün, birgəyaşayış qaydalarının, bir sıra hallarda zərərli ideyaların günün istənilən saatında KİV-də, xüsusi ilə də sosial mediada təbliğ olunması hazırki yeniyetmə və gənclərin yanlış istiqamətə yönləndirilməsinə səbəb olur. Qlobal trendə çevrilən təhlükəli təbliğat nümunələrinin cəmiyyətimizdə özünə yer tapa bilməməsi üçün yalnız müvafiq dövlət qurumları deyil, eyni zamanda hər bir vətəndaşımız mübariz olmalı və milli-mənəvi dəyərlərimizin qorunub gələcək nəsillərə ötürülməsi işinə töhfə verməyə çalışmalıdır. V. Səmədov xalqımızın milli və dini dəyərlərinə istinad edərək yüksək əxlaqi keyfiyyətləri qoruyub saxlamağın bütün dövrlər üçün aktual və vacib oluğunu vurğulayıb.
Tədbir iştirakçıları mövzu ilə bağlı ekspertə fikirlərini bildirib və suallarını səsləndiriblər. Hər iki şəhərə keçirilən tədbirin iştirakçılarına layihənin mövzusu ilə bağlı nəşr olunan kitabça paylanılıb.