Azərbaycan Respublikasının Qeyri-HökumətTəşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin “Ürək, qan-damar xəstəlikləri: erkən aşkarlanma həyat xilas edir” layihəsi çərçivəsində Ucar rayonunda 20 avqustda tədbir keçirilib.
Tədbir haqqında layihə rəhbəri, Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Sveta Rəfiyeva bildirib: “Ürək qan damar sistemi xəstəliklərinin inkişaf riski, bu xəstəliklərin ağırlaşmasının profilaktikası barədə əhalini geniş maarifləndirmək əsas məqsədlərimizdən biridir. Praktiki tövsiyələr verməklə yanaşı, yerlərdə insanların sağlamlığının qorunmasına və yaxşılaşmasına nail olmaq, kardiolojı xəstəliklərinin ağırlaşmasının qarşısını qismən də olsa almaq əsas hədəfimizdir. Qeyd edim ki, Ucar rayonunda keçirilən tədbirə 40-dan yuxarı iştirakçı qatılmışdı. Həmin iştirakçılara 30 sualdan ibarət test tapşırıqları paylanıb. Həmin test vərəqələri tam doldurulduqdan sonra ayrılıqda yoxlanılıb, təhlil olunub. Bu usulla tədbir iştirakçıları arasında kardioloji patologiya riskini və xəstəliyini təyin etmək mümkün olub. Tədbirə qatılan iştirakçılar layihənin aktuallığını qeyd edərək, öz sağlamlıq durumları haqqında suallar veriblər. Qarşılıqlı müzakirələr şəklində davam edən görüşdə hər bir kəsin sualları cavablandırılıb. Onlara sağlamlıq durumu haqqında məlumat verilərək, geniş maarifçilik işi aparılıb. Ürək, qan-damar xəstəlikləri: erkən aşkarlanma həyat xilas edir layihəsi çərçivəsində xeyli sayda Ucar rayon sakini məlumatlandılıb, onlara tövsiyələr verilib. Hətta tədbirə qatılan iştirakçılara ailə üzvlərini, yaxınlarını zamanında ürək, qan-damar xəstəliklərinin erkən aşkarlanması ilə bağlı geniş məlumatlar çatdırıldı. Sevindirici haldır ki, tədbirə qatılan iştirakçılar arasında şəhid ailələrinin üzvləri də var idi. Yekunda onu da xatırladım ki, növbəti tədbirimiz Göyçay rayonunda sentyabr ayında keçiriləcək”.