UNESCO Haaqa Konvensiyasının şərtlərinin kobudcasına pozulmasına göz yumur

Azərbaycana məxsus adları, abidələri saxtalaşdırmaqla özlərinə tarix yaratmaq ermənilərin geninə hopmuş sağalmaz xəstəlikdir. Ermənilər Cənubi Qafqaza köçəri xalq kimi gəlib azərbaycanlıların tarixi torpaqlarına yerləşməsinə baxmayaraq, zaman-zaman soyqırımları və etnik təmizlənmə siyasətini davam etdirməklə özlərinə respublika yaradıblar. İşğalçı dövlətin etnik təmizlənmə və tarixi saxtalaşdırma fəaliyyəti 21-ci əsrin əvvəlindən daha geniş vüsət almağa başladı. Ermənistan hərbi-siyasi rəhbərliyi 1990-cı illərin əvvəllərində 300 min azərbaycanlını öz tarixi torpaqlarından qaçmağına məcbur etməklə etnik təmizlənməyə nail ola bildi. Ermənistanın qarşısında duran növbəti məsələ azərbaycanlılara məxsus toponimlərin dəyişdirilməsi, tarixi-mədəni abidələri və qəbiristanlıqları dağıdıb məhv edərək yer üzündən silməklə özlərinə yeni tarix yaratmaq oldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Deputat qeyd edib ki, tarixin saxtalaşdırılması ermənilərin 30 il işğal altında saxladıqları və iki il əvvəl 44 günlük Vətən müharibəsində azad etdiyimiz Azərbaycanın suveren ərazilərində də həyata keçirilib. Belə ki, 67 məsciddən 65-nin tamamilə məhv edilməsi, qəbiristanlıqların dağıdılması, tarixi özündə əks etdirən mədəni abidələrin məhv edilməsi, yaşayış məntəqələrinin düşünülmüş şəkildə yer üzündən silinməsi, alban xalqına məxsus dini ibadət yerlərinin saxtalaşdırılması ermənilərin əsas məqsədlərini və niyyətlərini nümayiş etdirib.

“Təəssüf ki, dünyada ikili standartlar davam edir. Torpaqlarımız işğal altında olan zaman Azərbaycan dövləti UNESCO-ya fakt araşdırıcı missiyasının göndərilməsi və digər beynəlxalq təşkilatlara da dağıdılmış ərazilərimizə baxış keçirilərək erməni cinayətlərinin qeydiyyata alınması ilə bağlı dəfələrlə çağırışlar edib. Amma nə UNESCO, nə də digər beynəlxalq təşkilatların nümayəndələri məsələnin üzərindən heç nə baş verməmiş kimi susqunluqla keçərək reaksiya vermədi. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və bir daha UNESCO-ya nümayəndələrini işğaldan azad olunmuş ərazilərimizə göndərilməsini təklif edib. Buna baxmayaraq, UNESCO gəlib dağıdılmış tarixi-mədəni abidələrin real vəziyyətini müşahidə etməkdən çəkinir. Məhz işğaldan azad edilmiş ərazilərimizdə azərbaycanlıların tarixinə və mədəniyyətinə bu təşkilatın laqeyd yanaşması Ermənistan ərazisində qalmış abidələrimizin, o cümlədən məzarlıqların dağıdılmasının davam etdirilməsinə yol açıb”,-deyə A.Badamov bildirib.

O əlavə edib ki, UNESCO 1954-cü il Haaqa Konvensiyasının şərtlərinin kobudcasına pozulmasına göz yumduqca dağılan abidələrin, məzarlıqların, məscidlərin sayı da artır. Cəzasızlıq Ermənistanı düşmənçilik hislərini daha da inkişaf etdirməsinə ruhlandırır. UNESCO özlərinin də qeyd etdiyi kimi siyasətə qoşulmamalı və məxsusluğundan asılı olmayaraq, bəşər tarixinin mədəni-tarixi irsinin qorunmasına çalışmalıdır. Beynəlxalq təşkilatların fəaliyyəti ədalətdən uzaq olmaqda davam etdikcə dünyada müharibələr, tarixin və mədəniyyətin saxtalaşdırılması prosesləri də davamlı olacaq. UNESCO–ya çağırış edirik ki, dünya mədəni irsinə laqeyd yanaşmasın və tarixi abidələrimizi yer üzündən silməyə çalışanlara qarşı ədalətli davransın.