Vasif Talıbov səfirlə görüşdü

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri muxtar respublikanın sosial-iqtisadi inkişafı, təhsil sistemi, yeni texnologiyaların tətbiqi və internet təminatı, eləcə də ərzaq təhlükəsizliyi sahəsində görülən işləri diqqətə çatdırıb. Naxçıvan Muxtar Respublikası ilə Yaponiya arasındakı əlaqələrin inkişaf etdiyini bildirən Ali Məclisin Sədri Ordubad rayonundakı Azadkənddə içməli su təminatının yaxşılaşdırılması layihəsini əməkdaşlığın nəticəsi kimi dəyərləndirib.

Ali Məclisin Sədri ali təhsil müəssisələri arasında əlaqələrin qurulması üçün geniş imkanların olduğunu vurğulayıb, Tokio Yay Olimpiya Oyunlarında muxtar respublika idmançısının iştirak edəcəyini xatırladıb.

Səmimi qəbula görə minnətdarlıq edən Vada Cüniçi Azərbaycan-Yaponiya əlaqələrindən və Naxçıvan səfərinin əhəmiyyətindən danışıb. Muxtar respublikanın inkişafına və şəhərin gözəlliyinə heyran qaldığını qeyd edən səfir ölkəsində Naxçıvanın turizm potensialından və burada gördüklərindən bəhs edəcəyini bildirib, əlaqələrin inkişafında səylərin artırılacağını diqqətə çatdırıb.