Avqustun 8-də Vaşinqtonda keçirilən tarixi görüş və imzalanmış Birgə Bəyannamə Prezident İlham Əliyevin qətiyyətli liderliyinin, praqmatik diplomatiyasının və milli maraqlarımızı qorumaq istiqamətində apardığı unikal siyasətin növbəti parlaq nəticəsidir. Bu sənəd illərdir davam edən gərginlik və münaqişə səhifəsini bağlayaraq, regionumuzda yeni sülh, sabitlik və əməkdaşlıq mərhələsinin əsasını qoyur. Prezident İlham Əliyevin ardıcıl və prinsipial mövqeyi sayəsində Azərbaycan beynəlxalq hüquq normalarına əsaslanan sülh gündəliyini qəbul etdirməklə yanaşı, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və milli maraqlarını tam təmin edən tarixi razılaşmaya nail oldu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.
O bildirib ki, Vaşinqton görüşündə əldə edilən razılaşmalar, xüsusilə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanması, ATƏT-in Minsk Qrupunun və onunla bağlı strukturların bağlanmasına dair birgə müraciətin imzalanması, eləcə də regionda yeni kommunikasiya imkanlarının açılması Prezident İlham Əliyevin uzaqgörən siyasi iradəsinin və qlobal miqyasda qəbul edilən diplomatik nüfuzunun bariz göstəricisidir.
"Dövlətimizin başçısının yalnız ölkəmizin deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyini müəyyən edən siyasi kursu formalaşdırması ilə hər bir Azərbaycan vətəndaşı qürur duyur. Vaşinqtonda imzalanmış Birgə Bəyannamə məhz onun milli maraqlarımıza sadiqliyinin, prinsipial mövqeyinin və sarsılmaz iradəsinin təntənəsidir. Xüsusilə vurğulamaq lazımdır ki, ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə olan yüksək hörmətini nümayiş etdirərək, onu regionun və beynəlxalq siyasətin ən güclü liderlərindən biri kimi qiymətləndirir. Donald Trampın bu mövqeyi, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və Azərbaycan Prezidentinin qlobal miqyasda qəbul edilən siyasi çəkisinin təsdiqidir. Avqustun 8-i Azərbaycan üçün tarixi bir gün olmaqla yanaşı, rəmzi mənada da xüsusi önəm daşıyır. Təsadüfi deyil ki, 8 rəqəmi ölkəmiz üçün uğurlu hesab edilir. Bu rəqəm tariximizdə mühüm qələbə və nailiyyətlərin simvoluna çevrilib. Şuşaya Zəfər bayrağımızın sancıldığı günün də məhz 8 tarixində baş verməsi, bu rəqəmin uğur rəmzi kimi xalqımızın yaddaşında əbədiləşdiyini bir daha göstərir. Vaşinqtondakı tarixi uğur da həmin ənənəni davam etdirərək Azərbaycanın gələcək inkişaf yolunda yeni bir zəfər səhifəsi açdı",- deyə G. Ağamalı vurğulayıb.