Vətən müharibəsi dövründə informasiya müharibəsindən də qalib çıxmış Müzəffər Ali Baş Komandan

Prezident, Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə cəbhədə döyüşən Azərbaycan Ordusu ilə yanaşı, informasiya məkanında gedən müharibədə də əzmlə, dəyanətlə mübarizə apararaq Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırırdı. Vətən müharibəsinin müzəffər sərkərdəsi kimi öz qətiyyətli yanaşmaları ilə düşmən tərəfinə, həmçinin antiazərbaycan mövqeli xarici qüvvələrə ismarışlar göndərməklə qələbəyə doğru gedən yolda bütün maneələrin dəf ediləcəyinə, qarşıya qoyulmuş məqsədə tam nail olunacağına əminlik yaradırdı. Müharibə dövründə orduya və xalqa verilən mənəvi ruh yüksəkliyinin arxasında cənab Ali Baş Komandanın çıxışları dururdu.

Qırx dörd gün davam edən müharibə dövründə cənab Prezident 11 ölkənin 26 KİV-nə müsahibələr vermişdir. Beynəlxalq hüququn prinsiplərinə, tarixi həqiqətlərə və siyasi reallıqlara əsaslanma həmin müsahibələrin məzmununu təşkil edirdi.

Bu fikirlər Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılovun “44 günlük Vətən müharibəsi dövründə informasiya müharibəsindən də qalib çıxmış Müzəffər Ali Baş Komandan İlham Əliyev” sərlövhəli məqaləsində yer alıb.

Dövlətimizin başçısı müsahibələrində Azərbaycan tərəfinin illərdir sülhpərvər mövqe nümayiş etdirdiyini, erməni tərəfinin illərdən bəri destruktiv mövqedə qalaraq danışıqlar prosesini tükəndirdiyini inkarolunmaz dəlillərlə sübut etmişdir. Həmçinin Ermənistanın qanunsuz silahlandırılmasını, Ermənistanda və işğal olunmuş ərazilərdə beynəlxalq terrorizm ocaqlarının fəaliyyət göstərdiyini, Azərbaycanın tarixi irsinə aid olan mədəni abidələrin erməni barbarlığı nəticəsində məhv edildiyini, hüquqi baxımdan Azərbaycana məxsus olan işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırmanı, münaqişənin sülh yolu ilə həllinə məsul olan Qərb ölkələrinin ikili yanaşmasını, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin ədalətsiz və qeyri-adekvat mövqelərini ifşaedici dəlillərlə sübut edərək kəskin tənqid etmişdir.

Azərbaycan Prezidenti müsahibələrində qonşu və tərəfdaş ölkələrlə münasibətlərə aydınlıq gətirmiş, gələcək ölkələrarası əməkdaşlığın perspektivləri barədə fikirlər səsləndirmişdir. Təbii strateji müttəfiqimiz olan qardaş Türkiyə, strateji müttəfiqimiz olan ABŞ, regionda yaxından əməkdaşlıq etdiyimiz qonşu ölkələrdən olan Rusiya və İranla, həmçinin regional müttəfiqimiz qonşu Gürcüstanla münasibətlərə aydınlıq gətirmişdir.

Ölkə rəhbəri informasiya müharibəsində ermənipərəst qüvvələrin səyi nəticəsində beynəlxalq ictimaiyyətdə fikir çaşqınlığı yaratmağa cəhd edən qüvvələri ifşa edərək, əsl həqiqətləri diqqətə gətirərək dünya ictimaiyyətini məlumatlandırmağa və nəticə etibarilə inandırmağa müvəffəq oldu.

Ali Baş Komandan İlham Əliyev müharibə dövründə xarici KİV-ə verdiyi müsahibələrində Azərbaycanın illərdir bu münaqişənin sülh yolu ilə həllini tapması üçün konstruktiv diplomatik fəaliyyət göstərdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Lakin qarşı tərəfin bu sülhpərvər yanaşmaya adekvat cavab vermədiyini xüsusi vurğulamışdır. Ermənistan illərdən bəri cəbhəyanı ərazilərdə Azərbaycana qarşı təxribatlar törətməklə bu problemin daha da dərinləşməsinə səbəb olmuşdur. Prezident bu məsələyə 29 sentyabr 2020-ci il tarixində “ROSSİYA-1” telekanalının “60 DƏQİQƏ” proqramında sualları cavablandırarkən toxunmuşdur: “Bilirsiniz, Azərbaycan danışıqlarda həmişə konstruktivlik nümayiş etdirib. Vasitəçilik missiyası üçün cavabdeh olan Minsk qrupunun həmsədrləri də bunu təsdiq edə bilərlər. O cümlədən son iki ildə mən dəfələrlə və başqa məsul şəxslər səviyyəsində bəyan etmişik ki, biz illər boyu işlənib hazırlanmış, Minsk qrupunun və onun həmsədrlərinin danışıqlar prosesi üçün əsas hesab etdikləri nizamlama prinsiplərinə sadiqik. Üstəlik son iki ildə və bundan əvvəl də dəfələrlə bəyan etmişik ki, biz danışıqların formatına da sadiqik”.

Ermənistanda baş verən son hakimiyyət çevrilişindən sonra proseslər illərdən bəri heç bir müsbət nəticəsi olmayan danışıqlar prosesinin tükəndiyini daha çılpaq şəkildə ortaya çıxardı. Yeni hakimiyyət müxtəlif bəyanat və çıxışlarla destruktivlik nümayiş etdirərək münaqişənin daha da alovlanmasına, müharibə fazasına keçməsinə səbəb olmuşdur. Son illər, xüsusən Paşinyan iqtidarı dövründə qarşı tərəf müharibəyə təhriketmə fəaliyyətinə keçmişdir. Dövlət başçısı “ROSSİYA-1” telekanalına müsahibəsi zamanı bu vəziyyəti belə ifadə etmişdir: “Lakin son illər ərzində, Ermənistandakı indiki hakimiyyətin törətdiyi Soros çevrilişindən sonra nələr baş verib? Ermənistanın baş naziri açıq-aşkar bəyan edir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Belə olan halda hansı danışıqlar prosesindən söhbət gedə bilər. Lakin Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır” və üstəlik, deyir ki, biz danışıqları Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparmalıyıq”.

Prezident İlham Əliyev əvvəlki müsahibələrində olduğu kimi, “ROSSİYA-1” telekanalına müsahibəsi zamanı da 30 ildən çox davam edən Qarabağ münaqişəsinin yalnız iki tərəfi olduğunu dilə gətirərək işğalçı Ermənistan ilə ərazi bütövlüyü pozulmuş Azərbaycan arasındakı problemin bu gün kəskin təzahür etdiyini ifadə etdi. Azərbaycan Prezidenti Rusiya telekanalına bu barədə belə demişdir: “Danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır. Münaqişənin yalnız iki tərəfi var. Bəzən münaqişədən söhbət gedəndə bütün tərəflər haqqında danışırlar. Bu, düzgün anlayış deyil. Bütün tərəflər yoxdur, yalnız iki tərəf var - Ermənistan və Azərbaycan”.

İnqilab yolu ilə hakimiyyətə gələn Paşinyan “Qarabağ Ermənistandır!” deməklə Ermənistanın işğalçı siyasətinin bundan sonra da davam etdiriləcəyinin anonsunu vermiş oldu. Ali Baş Komandan bu təcavüzkar bəyanatın danışıqlar prosesini “kökündən baltaladığını” dilə gətirərək 07 oktyabr 2020-ci il tarixində “CNN-TÜRK” televiziyasına müsahibəsində belə ifadə etmişdir: “Bundan əlavə, son dönəmdə Ermənistanın hərbi-siyasi rəhbərliyi həm təcavüzkar hərəkətlərlə, eyni zamanda, aqressiv bəyanatlarla danışıqlar prosesini məhv etdi. Yəni, ona çox böyük zərbə vurdu. “Qarabağ Ermənistandır” demək, əslində, müzakirələrə son qoymaq deməkdir”.

Prezident İlham Əliyev müsahibələrində Ermənistan tərəfinin Azərbaycana qarşı müharibəyə hazırlaşdığını, yeni torpaqlar zəbt etməyi planlaşdırdıqlarını təkzibedilməz sübutlarla ifşa etmişdir. Müharibə başlanmazdan bir neçə gün əvvəl ölkə rəhbərinin beynəlxalq kürsüdən - BMT kürsüsündən bu reallıqları dünyaya bəyan etdiyinin şahidi olduq. Sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın suveren torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini, xalqımıza qarşı etnik təmizləmənin vandalcasına həyata keçirilməsini, ermənilər tərəfindən beynəlxalq konvensiyalara zidd olaraq qanunsuz məskunlaşdırılmanı, qarşı tərəfin cəbhəyanı və xüsusən intensiv olaraq təmas xəttindən kənar ərazilərdə təxribatçı hərəkətlərə yol verdiyini, Ermənistanın açıqca Azərbaycanı müharibəyə təhriketmə hərəkətlərini, terror qruplarının işğal altında olan ərazilərdə yerləşdirilməsi məsələsini, münaqişəyə üçüncü tərəf ölkələrini cəlb etmək cəhdlərini və Ermənistan tərəfinin militarist davranışları ilə regionda yenidən müharibəyə hazırlıqlarının həyata keçirdiyini dilə gətirmişdir.

Dövlətimizin başçısı Rusiyanın RBK televiziyasına müsahibəsində bu barədə demişdir: “Xüsusən ona görə ki, biz bu hücumu gözləyirdik. Eskalasiyadan bir neçə gün əvvəl mən bu barədə BMT-nin kürsüsündən danışmışdım. Mənim çıxışımın mətninə baxa bilərsiniz. O vaxt mən demişdim ki, Ermənistan müharibəyə hazırlaşır. Ermənistanı dayandırmaq lazımdır. Bunun üçün dəlillər çox idi. Əvvələn, Ermənistanın müdafiə nazirinin keçən il Amerikada verdiyi bəyanat. Özü də o, bəyan etmişdi ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə hazırlaşır. Sonra Paşinyanın “Qarabağ Ermənistandır” məzmunlu bəyanatları və sair. Daha sonra Livandan olan ermənilərin nümayişkaranə şəkildə Şuşada məskunlaşdırılmasından ibarət təhrikçi hərəkətlər müharibə cinayətidir. Daha sonra Şuşada, yeri gəlmişkən, işğalçı rejimin orada mövcud olduğu müddətdə ilk dəfə qondarma “andiçmə” mərasimi keçirməklə Azərbaycan xalqının təhqir edilməsi. Qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentini Xankəndidən Şuşaya köçürmək cəhdi və bir sıra başqa əməllər. Bütün bunlar bizə qarşı təxribat idi. Sonra iyul hadisələri. Bizim hərbi mövqelərimizə təxribatçı hücumlar”.

Ali Baş Komandan İlham Əliyev bu səpkili fikirlərini daha sonra Rusiyanın “ROSSİYA-1” telekanalına müsahibəsi zamanı da səsləndirmişdir: “BMT Baş Assambleyasının tribunasından çıxış edərkən mən açıq demişəm ki, Ermənistan müharibəyə hazırlaşır və onu dayandırmaq lazımdır. İyul ayında onlar bizim dövlət sərhədindəki yaşayış məntəqələrimizə silahlı hücum etdilər. Bu, münaqişə zonasından uzaq bir yerdir. O vaxt bir dinc sakin və bir neçə hərbi qulluqçu həlak oldu. Döyüşlər dörd gün davam etdi və Ermənistan ərazisində bizim heç bir hərbi hədəfimiz olmayıb və yoxdur. Buna görə də Ermənistan silahlı qüvvələri bizim ərazidən çıxarılandan dərhal sonra qarşılıqlı razılaşmaya əsasən atəş dayandırıldı. Daha sonra mənim dediyim kimi, təxribat qrupu bizim ərazimizə soxuldu, həmin qrup neytrallaşdırıldı. Sonra erməni tərəfi açıq-aşkar, nümayişkaranə şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa şəhərində məskunlaşdırılmasını elan edir, bu da müharibə cinayətidir. Bu, Cenevrə Konvensiyasının pozulması deməkdir. Bunu nümayişkaranə şəkildə edirlər. Sonra onlar Şuşada – Azərbaycan mədəniyyətinin qədim incisində cinayətkar Dağlıq Qarabağ rejiminin qondarma başçısının qondarma inauqurasiyasını keçirirlər. Bütün bunlar bizə qarşı şüurlu provokasiyalar, bizi münaqişəyə cəlb etmək və cavab hərəkətlərinə təhrik etməkdir”.

Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun cəbhəboyu ərazilərdə apardığı əməliyyatları beynəlxalq hüquq sisteminə tam uyğun olaraq həyata keçirdiyini hər müsahibəsində dolğun şəkildə ifadə etmişdir. O, Azərbaycanın bu haqlı mövqeyini 2020-ci il oktyabrın 31-də Almaniyanın ARD televiziyasına müsahibəsində belə qeyd etmişdir: “Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”.

Həmin müsahibə zamanı dövlət başçısı almaniyalı müxbirin “Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?” sualına “Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir” cavabını verməklə Azərbaycan xalqının necə də yüksək mənəvi dəyərlərə sahib olduğunu isbatladı.

Prezident İlham Əliyev İtaliyanın “La Respublika” qəzetinə verdiyi müsahibədə xalqımızın milli şərəf və ləyaqətə sahib olduğunu, tarix boyu xalqımızın sahib olduğu qəhrəmanlıq ruhunun heç zaman sönmədiyni ifadə etmişdir. Ermənilərin dəfələrlə azərbaycanlı mülki əhaliyə qarşı törətdikləri xaos və təşviş xarakterli əməllərinə xalqımız əzm və dəyanət nümunəsi göstərdiyini vurğulamışdır. Ölkə rəhbəri italyan qəzetinə müsahibədə bunu belə ifadə etmişdir: “Onlar mülki şəxslərə hücum etməklə Azərbaycanda, həmçinin xaos və təşviş yaratmaq istəyirdilər. Lakin onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilməmişdilər”.

Dövlətimizin başçısı müsahibələrində düşmən tərəfindən hərbi əməliyyat zonasından kənarda yerləşən mülki obyektlərin və yaşayış məntəqələrinin qadağan olunmuş silahlardan atəşə tutulması faktlarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Bu kimi faktların ağ yalan olaraq Ermənistanın dövlət rəsmiləri tərəfindən inkar olunmasını gülünc adlandıraraq bu inkarolunmaz faktların Qərb dairələri tərəfindən bəzən görməzdən gəlmələrinin sivil dünya adına təəssüfedici hal olduğunu vurğulamışdır. Xüsusən də zaman-zaman Azərbaycana qarşı öz qərəzli mövqeyi ilə seçilən beynəlxalq QHT-lərin belə hallarda birtərəfli qaydada fəaliyyət göstərmələrini tənqid etmişdir.

EFE İnformasiya Agentliyinə 05 noyabr 2020-ci il tarixli müsahibəsində Prezident İlham Əliyev erməni barbarlığını faktlarla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı: “Onlar Ermənistan ərazisindən Gəncəyə ballistik raket atdılar və bu, sübuta yetirilib. Baxmayaraq ki, Ermənistanın baş naziri bunu onların etmədiyini dedi. Lakin bu, gülüncdür. Çünki ballistik raketin buraxılışı peyklər vasitəsilə müşahidə olunur. Hər kəs onun haradan buraxıldığını və onun hədəfinin nə olduğunu bilir. Gəncədə mülki şəxslərin yaşadığı əraziləri qəsdən iki dəfə vurdular. Onlar Bərdəyə çox dağıdıcı “Smerç” raketləri ilə iki dəfə zərbə endirdilər və yalnız bir hücum nəticəsində 21 insan öldürülmüş və 70 insan yaralanmışdır. Bir çox hücumlar olmuşdur. Onlar Tərtərdə dəfn mərasiminə zərbə vurdular, bu, tamamilə insan davranışının bütün normalarından kənar bir şeydir. İnsanlar dünyasını dəyişmiş şəxsi dəfn edəndə onlar qəbiristanlığı vurdular və dörd nəfər qətlə yetirildi. Onların kasetli bombalardan istifadə etmələri beynəlxalq media və QHT-lər tərəfindən təsdiq olunmuşdur”.

Dövlət başçısı ABŞ-ın “FOX NEWS” televiziyasına müsahibə verərkən hərbi əməliyyatlar dövründə qarşı tərəfdən olan mülki obyekt və əhalinin heç zaman hədəf seçilmədiyini əminliklə dilə gətirərək Azərbaycan tərəfinin bunu intensiv olaraq yaşadığını qeyd etdi: “Biz mülki şəxslərə hücum etmirik. Ermənistanın Gəncə şəhərinə qarşı onlarca adamın həlak olduğu ballistik raketlərlə törətdiyi amansız hücumdan, terror aktından sonra biz açıq şəkildə dedik ki, qisas alacağıq, lakin döyüş meydanında. Biz mülki şəxslərə hücum etmirik. Biz dini məkanlara hücum etmirik. Şuşada kilsədə baş verənlər ya səhv olub, - mən artıq buna açıq şəkildə münasibət bildirmişəm, - ya da bu, bizi günahlandırmaq üçün ermənilərin özləri tərəfindən törədilib”.

Ölkə rəhbəri çıxışlarında düşmənin Ermənistan ərazisindən müharibə zonasından kənar yerləşən mülki obyekt və yaşayış evlərini xaincəsinə intensiv atəşə tutaraq qarşı tərəfi təxribata təhrik etmək məqsədi daşıdığını xüsusi vurğulamışdır. O, “HABER TÜRK” kanalına bu barədə qeyd etmişdir: “Ermənistanın bu xain hücumunun səbəbi odur ki, onlar bu münaqişənin coğrafiyasını genişləndirmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək istəyirlər. Məhz buna görə Ermənistan ərazisindən Azərbaycan torpaqlarını, mülki şəxsləri atəşə tuturlar və bizi cavab atəşinə təhrik edirlər. Fəqət mən demişdim ki, bizim qisasımız döyüş meydanında olacaq. Biz heç zaman mülki şəxslərə qarşı heç bir addım atmırıq və bizim bütün hədəflərimiz hərbi hədəflərdir”.

Prezident bu müsahibəsində Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən “Amnesty International” və “Human Rights Watch” təşkilatlarının müharibə dövründəki fəaliyyətini açıq tənqid etmişdir: “Əminəm ki, bu barədə ilk dəfə məlumat verən oranı ziyarət etmiş beynəlxalq media olmuşdur. “Amnesty International” və “Human Rights Watch” təşkilatlarının bu halları təsdiq etməkdən savayı başqa bir seçimi yox idi. Lakin sual orasındadır ki, nə üçün onlar birinci növbədə Azərbaycana gəlmədilər? Nə üçün onlar yalnız Ermənistan tərəfindən işləyirdilər? Yalnız beynəlxalq media, Qərb mediası ermənilərin istifadə etdiyi kasetli bombaları göstərdikdən sonra bu iki QHT bunu təsdiq etdi. Onların bunu təsdiq etməsi yaxşı haldır, lakin səmimi desəm, bunun açıq-aşkar olmasını nəzərə alaraq onların bu məsələni necə təsdiq etməməsini də təsəvvürümə gətirə bilmirəm.”

Azərbaycan Prezidenti müsahibə verərkən açıq mövqe bildirərək illərdir münaqişənin həllinə məsul olan Minsk qrupunun nəticəsiz fəaliyyətini, beynəlxalq güclər və BMT tərəfindən beynəlxalq hüququn prinsiplərinə ikili standartlarla yanaşmalarını tənqid etmişdir. Bununla bağlı 02 oktyabr 2020-ci il tarixində “ƏL-CƏZİRƏ” televiziya kanalına müsahibəsi zamanı tənqidi mövqeyini bildirmişdir: “Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu artıq 28 ildir ki, fəaliyyət göstərir və heç bir nəticə yoxdur. Qeyd etdiyim kimi, əsas səbəb Ermənistanın mövqeyidir, ikinci səbəb Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən təkid göstərilməməsi və təzyiqin olmamasıdır. Bir çox hallarda mən bu məsələni qaldırmışam və demişəm ki, Ermənistanı qətnamələrin tələblərinə əməl etməyə məcbur etmək və torpaqlarımızın boşaldılmasına başlamaq üçün ona qarşı beynəlxalq sanksiyalar tətbiq olunmalıdır”.

Dövlət başçısı həmin müsahibədə münaqişənin bu qədər zaman müddətində uzanmasının səbəbini BMT qətnamələrinin praktik olaraq həyata keçirilməməsində görürdü: “Beləliklə, təcavüzkara praktiki təzyiqin olmaması münaqişənin nəyə görə bu qədər uzun çəkməsinin səbəblərindən biridir”. Dünyada müxtəlif maraqlar səbəbindən beynəlxalq hüququ ikili yanaşmanı, BMT qətnamələrinin illərdir kağız üzərində qalmasını tənqid edərək qeyd edirdi: “Biz burada beynəlxalq hüquq və reallıqda baş verənlər arasında ziddiyyət görürük. Ermənistan tərəfindən beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəl qoyulmaması beynəlxalq hüququn işləmədiyinin və ya selektiv üsulla işlədiyinin yaxşı göstəricisidir. Bildiyiniz kimi, bəzi hallarda Təhlükəsizik Şurasının qətnamələri bir neçə gün, bəlkə də bir neçə saat ərzində icra olunur. Lakin bizə gəldikdə qətnamələr uzun illərdir ki, kağız üzərində qalıb.”

Prezident İlham Əliyev ermənilərin qanunsuz olaraq işğal altında saxladıqları Azərbaycan torpaqlarında məskunlaşma siyasətinə beynəlxalq təşkilatların laqeyd münasibətini belə tənqid edirdi: “Təəssüf ki, buna heç kəs – nə Minsk qrupu, nə Avropa İttifaqı, nə də BMT reaksiya vermədi. Azərbaycanın tarixi irsinin dağıdılması, bizim mədəni, tarixi, dini abidələrin məhv edilməsi, toponimlərin dəyişdirilməsi, rayonlarımızın inzibati sərhədlərinin dəyişdirilməsi, bizim dağların, çayların və şəhərlərin adlarının dəyişdirilməsi”.

Ölkə rəhbərinin Vətən müharibəsi dövründə Türkiyənin “A HABER” kanalına verdiyi müsahibə zamanı işlətdiyi “Şuşasız bizim işimiz yarımçıq olar” ifadəsi Azərbaycanın bu müharibədə qətiyyətli mövqeyini və hədəflərini müəyyən etmiş oldu. Bu ifadə düşmən tərəfə vurulan mənəvi zərbə, xalqa verilən ən gözəl müjdə oldu. Türkiyəli jurnalistin Şuşa barədə verdiyi “Qarabağın qəlbi, gözü Şuşadır. Azərbaycanlıların gözü-qulağı Şuşadan gələcək xəbərdədir. İstiqaməti Şuşa olaraqmı verdiniz, İnşallah? sualına Ali Baş Komandan mükəmməl cavab vermişdir: “İstiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Təbii ki, müzakirələr prosesində də hər zaman bu məsələ gündəlikdə idi. Amma mənim mövqeyim hər zaman belə olub ki, Şuşasız bizim işimiz yarımçıq olar. Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur.”

Prezident İlham Əliyev müharibə dövründə xarici KİV-ə verdiyi müsahibələrində Türkiyə-Azərbaycan qardaşlığını və təbii maraqlara söykənən qarşılıqlı əməkdaşlığı öz tutarlı fikirləri ilə isbat etdi. Müsahibələrlə Türkiyə-Azərbaycan təbii-strateji əməkdaşlığının gələcək üfüqlərini müəyyənləşdirmiş oldu. Bəzən xarici KİV nümayəndəsinin Türkiyənin müharibədə mənfi imicini sərgiləməyə çalışan təxribat xarakterli suallarına tutarlı və məntiqli cavablar verməklə bir daha Türkiyə-Azərbaycan təbii müttəfiqliyinin müdafiəçisi kimi təəssübkeşçi mövqe sərgilədi.

Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 29-da “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında sualları cavablandırarkən Türkiyənin bu müharibədə rolu barədə sualına cavab verərək qeyd edib: “Hesab edirəm ki, Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə bizə qardaş ölkə və bizim müttəfiqimizdir. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ dəstəklədiyini bildirib... Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək bu, feyk nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur”.

Dövlətimizin başçısı 14 oktyabr 2020 tarixində “FRANCE 24” televiziya kanalı müxbirinin Türkiyənin bu müharibədə birbaşa iştirak etməsi ilə bağlı verdiyi suala cavab olaraq bildirib: “Türkiyənin hərbi iştirakı daha bir feyk xəbərdir. Türkiyənin hərbi iştirakı yoxdur. Biz Türkiyə istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik, bu, doğrudur... Siyasi müstəvi istisna olmaqla, Türkiyə heç bir halda prosesdə iştirak etmir.”

Prezident “CNN INTERNATIONAL” televiziya kanalının “CONNECT THE WORLD” verilişinə müsahibə verərkən bu barədə daha lakonik və qətiyyətli cavab verdi: “Bəli, türk avadanlığı var. Türk qüvvələri yoxdur”.

Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində isə bu barədə belə söyləmişdir: “Bu gün Ermənistanın baş naziri tərəfindən uydurulan yanlış məlumat, əlbəttə ki, beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlib... Bizim Türkiyədən, Pakistandan və başqa qardaş ölkələrdən aldığımız dəstək yalnız mənəvi və siyasi dəstəkdir”.

Türkiyənin “TRT HABER” televiziya kanalına 5 oktyabr 2020 tarixində verdiyi müsahibəsində dövlət başçısı Türkiyə-Azərbaycan dostluğuna toxunarkən qeyd etdi ki, “Bizim qardaşlığımız əbədidir və bizim qardaşlığımız bütün sınaqlardan keçib. Bilirsiniz ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər dünya ölkələri üçün örnəkdir.... bu gün dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkə yoxdur və bu, sadəcə olaraq, söz deyildi. Bu, ürəkdən gələn duyğulardır. Bizim birliyimiz bizim tariximizə əsaslanır, ortaq etnik köklərə, dilimizə, dinimizə, qardaşlığımıza əsaslanır. Əziz qardaşım Tayyib bəylə tarixi xidmətimiz odur ki, biz çox güclü bir təməl üzərində müasir Türkiyə-Azərbaycan birliyini yaratdıq. Türkiyə bayraqları onsuz da Azərbaycanda hər yerdə var, Azərbaycan bayraqları da Türkiyədə. Biz bir-birimizi bir-birimizdən ayırmırıq, birlikdəyik. Bu hadisələr bir daha onu göstərdi ki, bizi ən çox dəstəkləyən, birinci dəstəkləyən Türkiyə olmuşdur, birmənalı şəkildə, qəti şəkildə. Türkiyə Prezidentinin çox cəsarətli və qəti açıqlamaları bir çox ölkələrə xəbərdarlıq oldu - kənarda durun, qarışmayın, Azərbaycan tək deyil, Türkiyə yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır! Bütün mövzularda, bütün kürsülərdə biz bir-birimizi dəstəkləyirik və bizim birliyimiz əbədi olmalıdır.”

CNN-TÜRK televiziyasına müsahibəsi zamanı jurnalistin “Hara getsək - Bakıda və ya münaqişə bölgəsindəki şəhərlərdə, Tərtərdə, hər yerdə Azərbaycan bayraqlarının yanında Türkiyə bayraqlarını da görürük. Bununla bağlı nə söyləmək istərdiniz sualına - “Bu, əslində, hər zaman belə idi. Çünki Türkiyə bizim üçün təkcə müttəfiq və ən yaxın ölkə deyil. Türkiyə bizim üçün qardaş ölkədir, necə ki, Azərbaycan Türkiyə üçün. Türkiyə bayrağı bizim üçün əziz bayraqdır, Azərbaycan bayrağı qədər əzizdir” cavabı Müzəffər Ali Baş Komandan İlham Əliyevin qardaş ölkəyə olan sevgisinin bir daha etirafı idi.

Türkiyənin “HABER Türk” televiziya kanalına 13 oktyabr tarixindəki müsahibəsində Qarabağ münaqişəsinin tam həlli ilə bağlı suallara cavab verərkən dövlət başçısı burada Türkiyənin yeri və rolu ilə bağlı məsələyə toxunaraq öz qəti və prinsipial mövqeyini qeyd etdi: “Türkiyənin burada iştirakı olmasa, bu məsələ həll edilə bilməz. Bunu hər kəs anlamalıdır.” O, həmin müsahibədə bir daha qeyd etdi ki, “Kim deyə bilər ki, Türkiyə prosesdə yoxdur. Türkiyə yoxdursa, nə üçün danışırsınız? Türkiyə var. Biz də əlimizdən gələni edəcəyik ki, bundan sonra da olsun. Çünki Türkiyənin burada iştirakı olmasa, bu məsələ həll edilə bilməz. Bunu hər kəs anlamalıdır”. Həmçinin bildirdi ki, Türkiyə-Azərbaycan birliyi bölgəyə sabitlik, sülh gətirir... Bu gün Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynayır”.

Prezident İlham Əliyev Türkiyənin NTV televiziyasına 15 oktyabrda verdiyi müsahibəsində müharibə bitdikdən sonra sülhyaratma missiyasının həyata keçirilməsində gələcəkdə Türkiyənin iştirakı ilə bağlı məsələyə toxunaraq öz qəti mövqeyini ortaya qoyaraq bir daha bəyan etdi ki, “bizim mövqeyimiz bundan ibarətdir ki, Türkiyə mütləq olmalıdır. Hansı statusda olacaq, bu, texniki məsələdir. De-fakto artıq Türkiyə var.... Türkiyə mütləq bu işlərdə fəal rol oynamalıdır və əminəm ki, oynayacaqdır”. Həmin müsahibədə Ali Baş Komandanımız Türkiyə-Azərbaycan əməkdaşlığını böyük sərvət kimi qiymətləndirərək belə demişdir: “Türkiyə-Azərbaycan işbirliyi o qədər güclüdür, o qədər genişşaxəlidir ki, biz istənilən anda bir-birimizin yanındayıq. Baza olsa da, olmasa da, biz Türkiyəyə güvənirik, Türkiyə isə bizə güvənir... Türkiyə üçün Azərbaycan, Azərbaycan üçün Türkiyə bir nömrəli müttəfiqdir. Bu, böyük sərvətdir”.

Prezident İlham Əliyev 10 oktyabrda Rusiyanin RBK televiziya kanalına müsahibəndə bir daha qardaş Türkiyənin mövqeyinə toxunaraq bu rolu açıq və qətiyyətli şəkildə ifadə etdi: “Türkiyə rəhbərliyinin, şəxsən Prezidentin və digər rəsmi şəxslərin eskalasiya dövründə fəal və çox dəqiq mövqeyi, əslində, üçüncü ölkələrin bu münaqişəyə müdaxiləsinin qarşısını aldı. Türkiyənin rolu yalnız müsbətdir və o, bizim regionda, o cümlədən münaqişənin həllində daha böyük rol oynamalıdır”.

“BBC NEWS”a 9 noyabr tarixində müharibə dövründə verdiyi son müsahibədə müxbirin “Biz Ermənistanın artıq Rusiyaya müraciət etdiyini və onun nə etməyə hazır olduğunu soruşduğunu görmüşük. Sizcə Türkiyənin daha çox cəlb olunmağı xahiş edəcəyiniz gün gələcəkmi?” sualına ölkə rəhbərinin kəskin prinsipial cavab verdiyinin şahidi olduq: “Mən çox irəliyə baxmaq istəmirəm. Çünki bu, döyüş meydanındakı vəziyyətdən asılı olacaq. Bu, Ermənistanın davranışından və digər ölkələrin davranışından asılı olacaq. Çünki mən bir çox hallarda demişəm ki, biz münaqişənin beynəlmiləlləşdirilməsinin əleyhinəyik. Biz bütün ölkələrdən, qonşu ölkələrdən, qonşu olmayan ölkələrdən bu münaqişədən uzaqda durmağı xahiş etmişik. Biz beynəlxalq səviyyədə tanınan torpağımızda döyüşürük. Bu, bizim mövqeyimizdir. Mən düşünürəm ki, hazırda baş verənlər davam edəcək, beləliklə, Türkiyənin hər hansı hərbi iştirakına ehtiyac olmayacaq. Lakin uzun illər bundan əvvəl Türkiyə ilə təcavüz olacağı təqdirdə həm də hərbi dəstəyi təmin edən sənəd imzalamışıq. Beləliklə, bizim Türkiyə ilə bu və ya digər dərəcədə Ermənistanla Rusiyanın malik olduğu kimi eyni formatımız, qanuni bazamız var. Əgər Azərbaycan təcavüzlə üzləşsə və Azərbaycan görsə ki, Türkiyənin hərbi dəstəyinə ehtiyac var, onda biz variantı nəzərdən keçirəcəyik”.

Dövlət başçısı müsahibələrdə Azərbaycanın qonşu və tərəfdaş ölkələrlə həm müharibə dövründə, həm də müharibədən sonrakı dövrdə bu ölkələrlə münasibətlərdə əməkdaşlıq perspektivlərinə toxunaraq müdrik siyasi mövqeyini ortaya qoymuşdur. Bu müharibədə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən ölkələrə öz təşəkkür mesajını göndərməklə yanaşı, heç bir ədalət göstəricisinə sönkənməyərək birtərəfli mövqeyə əsaslanaraq Ermənistanı haqsız yerə müdafiə edən və ya düşmən cəbhəsinə dolayı yolla dəstək verən ölkələri və qüvvələri açıq şəkildə qınamışdır.

Müharibə dövründə Fransa Prezidenti Emmanuel Makronun “Azərbaycan Türkiyə ilə birlikdə bölgəyə terrorçular gətirib” və “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə verməyəcəyik” bəyanatlarına qarşı Prezident İlham Əliyev müsahibəsində öz mövqeyini sərt səkildə bildirərək Azərbaycanın haqlı mövqeyini bir daha dünya ictimaiyyətinə bəyan etmişdir.

Prezident “TRT HABER” televiziya kanalına 5 oktyabr 2020 tarixində verdiyi müsahibəsində Fransa Prezidentinin bu absurd bəyanatına cavab olaraq bildirdi ki, “Dağlıq Qarabağ bizim torpağımızdır. Bir dövlət öz torpaqlarını fəth edə bilərmi? Yəni, həmsədr bilmirmi ki, bu torpaqlarda qanunsuz olaraq ermənilər oturub bizim bütün tarixi abidələrimizi, məscidlərimizi, qəbirlərimizi, evlərimizi yerlə-yeksan ediblər. Ağdamın, Füzulinin görüntülərinə baxın. Bizim yarıdağılmış məscidlərimizdə donuz, inək saxlayır. Bütün müsəlmanları təhqir edir. Görmürlərmi bunu? Ona görə “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik” sözləri qəbuledilməzdir. Ona görə Fransa özü-özünü artıq bu bərabər üçlüyün xaricinə qoyur və biz buna səssiz qala bilmərik”.

Türkiyəli müxbirin “Fransa Prezidenti Makronu üzr istəməyə dəvət etdiniz” ifadəsinə dövlət başçısının cavabı isə daha cəsarətli oldu: “Bəli, təbii, çünki bizə qarşı ittiham irəli sürdü. Olmayan şeyləri üstümüzə atdı. Bu, bizim ölkəmiz üçün qəbuledilməzdir”.

Fransa hökumətinin Ermənistan tərəfini ədalətsiz şəkildə dəstəklədiyini tənqid edərək “CNN INTERNATIONAL” televiziya kanalının “CONNECT THE WORLD” verilişinə verdiyi müsahibəsində ölkə rəhbəri təkzibedilməz faktlarla bildirdi: “Məsələn, Fransanın xarici işləri naziri Rusiyanın Ermənistana pulsuz silah verərək onu dəstəkləməsindən narahat deyil və o, bunun münaqişəni beynəlxalq bir münaqişəyə çevirəcəyini düşünmür. Lakin Türkiyə legitim, siyasi dəstəyini ifadə etdikdə bu, narahatçılıq yaradır”.

Prezident Azərbaycan tərəfindən muzdluların və terrorçuların döyüşdüyünü qəti şəkildə rədd edərək bunun cəfəngiyat olduğunu bildirmişdir. Rusiyanın TASS İnformasiya Agentliyinə müsahibəsində “Terrorçular məsələsinə gəldikdə isə bunlar hamısı əsassız sözlərdir” ifadəsi ilə bütün bu qərəzli və əsassız iddiaları yalanladı. Türkiyənin “HABER Türk” televiziya kanalına müsahibəsində terrorçu və muzdluların kimin tərəfindən iştirak etdiyinin ifşaedici dəlillərini bu cür ortaya qoydu: “Bir də ki, əcnəbi vətəndaşların iştirakına gəldikdə, baxsınlar Ermənistana, orada nə qədər əcnəbi terrorçular var. PKK-nın düşərgələri var orada. O cümlədən Dağlıq Qarabağda PKK-nın düşərgələri var. Biz bu bölgəni işğalçılardan təmizləyəndən sonra o düşərgələri də məhv edəcəyik. Nə qədər əcnəbi bu gün bizə qarşı bu döyüşlərdə iştirak edir. Orada öldürülən terrorçuların üzərindən Kanada pasportları, Livan pasportları çıxıb. Onlar erməni əsillidir, ya da ki, erməni əsilli deyil, bu, başqa məsələdir. Başqa ölkənin vətəndaşı gəlib bizə qarşı müharibə aparır. Bunlar muzdlulardır”.

Dövlət başçısı bu əsassız iddialara qarşı 26 oktyabrda İtaliyanın RAİ-1 televiziya kanalı müxbirinin bu məzmunlu sualına qarşı yenə də açıq şəkildə cavab vermişdir: “Bizə bu cür əsassız ittihamları cəmi iki ölkə təqdim edib – Fransa və Rusiya. Fransa Prezidentin şəxsində, Rusiya isə Xarici Kəşfiyyat İdarəsinin rəhbərinin şəxsində. Hərbi əməliyyatlar başlanandan dərhal sonra bizə bu cür ittihamlar təqdim edilib. Lakin artıq bir aya yaxın vaxt keçib, bizə heç bir dəlil, heç bir sübut təqdim edilməyib. Üstəlik, ilk dəfədir deyirəm, mən Fransa tərəfə müraciət etmişəm ki, müvafiq xidmətlərin müvafiq rəhbərləri görüşsünlər, söhbət etsinlər və bizə sübutlar təqdim etsinlər. Bizə heç nə təqdim edilməyib. Ona görə bütün bunlar insunasiyadır. Bütün bunlar Azərbaycana qara yaxmaq cəhdidir. Mən təəssüflənirəm ki, bu cür əsassız ittihamlar həmsədr ölkələrdən daxil olur. Onlar obyektiv olmalıdırlar”.

Həmçinin bu müsahibə zamanı Ali Baş Komandan həm Rusiyanın bəzi hakimiyyət dairələrinin, həm də Fransa Prezidentinin muzdluların və Türkiyə hərbiçilərinin bu müharibədə iştirak etməsi ilə bağlı Azərbaycana qarşı səsləndirdiyi iddialara qarşı tutarlı faktlar səsləndirdi: “Axı, biz demirik ki, bu gün kənardan kömək olmasa Ermənistan işğal edilmiş ərazilərdə bircə gün də dayana bilməzdi. Həm siyasi dəstək, həm hərbi, həm də mənəvi dəstək, özü də bunlar bitərəfliyə riayət etməli olan ölkələr tərəfindən gəlir. Buna görə biz bu insunasiyaları qətiyyətlə rədd edirik, buna ehtiyac yoxdur. Əməliyyatlarda Türkiyə qoşunlarının iştirakına gəldikdə isə bu da yalandır. Heç bir sübut yoxdur. Türkiyənin F-16 təyyarəsinin Azərbaycan ərazisində olması onun nəticəsi olub ki, münaqişə ərəfəsində bizdə birgə hərbi təlimlər keçirilib. Axı, biz demirik ki, Ermənistan ərazisində Rusiyanın neçə MiQ-29, Su-30 təyyarəsi var. Axı, biz demirik ki, Ermənistanda, Gümrüdəki bazada Rusiyanın 5 minlik qoşunu var və bizdə olan məlumata görə oradan vaxtaşırı olaraq Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir və bizim barəmizdə deyilənlərdən fərqli olaraq, bunlar faktdır. Ona görə də bizi ittiham etmək istəyənlərə təklif edirəm ki, yalan informasiyaya əsaslanan bu cür tez-tələsik nəticələr çıxarmazdan əvvəl özlərinə baxsınlar”.

Noyabrın 5-də İspaniyanın EFE İnformasiya Agentliyi müxbirinin “Rusiya, Sergey Lavrov dünən dedi ki, Dağlıq Qarabağda təqribən iki min muzdlu döyüşür. Bununla bağlı nə deyərdiniz?” sualına Prezidentin cəsarətli və səlis cavab verdiyinin şahidi olduq: “Mən bu ittihamlara, bu əsassız ittihamlara dəfələrlə cavab vermişəm. Səmimi desəm, təəssüflənirəm ki, bitərəf olmalı, onlara ATƏT tərəfindən verilmiş mandata əsasən hərəkət etməli olan ölkələrin yüksək səviyyəli rəsmiləri təsdiqini tapmamış bu əsassız dırnaqarası “informasiya”dan və şayiələrdən istifadə edirlər. Bu, birincisi. İkincisi, bizdə heç bir muzdlu yoxdur. Bizim əlimizdə sübutlar var, bu 40 gün ərzində Ermənistanın hansı məbləğdə silahla təchiz edildiyi ilə bağlı məlumatı Rusiya rəsmilərinə təqdim etmişik. Niyə heç kim bu barədə danışmır? Gəlin, bunun haqqında danışaq, gəlin, ədalətli olaq”.

Rusiyanın TASS İnformasiya Agentliyinə 19 oktyabr tarixli müsahibəsində müharibə dövründə Ermənistana qanunsuz şəkildə, intensiv olaraq silahların kimlər tərəfindən və haradan göndərildiyini Prezident açıq şəkildə həm qarşı tərəfə, həm də beynəlxalq ictimaiyyətə mesaj olaraq göndərdi. Müsahibə zamanı belə halların illərdir münaqişənin sülh yolu ilə həllində həmsədr kimi iştirak edən tərəflərdən göndərilməsinin böyük təəssüfedici hal olduğunu dilə gətirdi. Azərbaycan Prezidenti bunları açıq formada belə ifadə etdi: “Bizim tərəfimizdən heç bir ölkə münaqişəyə cəlb edilməyib, bizim tərəfimizdə heç bir terrorçu yoxdur. Qarşı tərəfə, erməni tərəfinə gəldikdə isə biz Rusiya tərəfinə belə bir narahatlığımızı çatdırmışdıq ki, qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir. Bizdə bu barədə məlumatlar var, uçuşların xəritələri var, silahların tipləri var. Bütün bunlar Rusiya tərəfinə çatdırılıb. Əlbəttə, bu, bizim cəmiyyətdə çoxlu suallar və müəmmalar doğurur. Bax, vəziyyət belədir. Zəruri hallarda biz bu müddətdə Rusiya tərəfindən Ermənistana göndərilmiş silahların nomenklaturunu, bunların hansı nəqliyyat vasitələri ilə, hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edə bilərik. Bunlar indi əsasən qeyri-qanuni şəkildə çatdırılır”.

“Biz ICAO-ya rəsmən müraciət etmişik. Azərbaycan Xarici İşlər Nazirliyi ICAO-ya müraciət edib ki, müəyyən şirkətlərin nəqliyyat vasitələri ilə humanitar yüklər və Fövqəladə Hallar Nazirliyinin yükləri adı altında Ermənistana ölümsaçan silahlar çatdırılır, - yeri gəlmişkən bütün bu məlumatlar bizdə də var, mətbuatda da.”

“Həm Gürcüstan, həm də İran öz hava məkanını hərbi yüklər üçün bağladıqlarına görə, bu cür qaçaqmalçılıq metodlarından istifadə edilir. Biz Rusiya tərəfinə bildirmişik ki, bu işlərin qaçaqmalçılıq yolu ilə görüldüyünü güman edirik. Ona görə ki, Rusiyanın, həmçinin Fransa və ABŞ-ın da ATƏT-in Minsk qrupunun həmsədri və bitərəfliyi saxlamalı olan ölkə kimi münaqişənin aktiv fazası dövründə erməni tərəfini silahlandırmasına inanmağımız çətindir. Bizdə olan məlumata görə, bu sxemdə erməni mənşəli rusiyalı iri sahibkarların əli var, bu məsələdə beynəlxalq sanksiyalar tətbiq edilmiş məşhur silah alverçilərinin əli var. Bizim Rusiyaya müraciətimiz, o cümlədən bu məsələnin araşdırılmasına yönəlmişdi. Ona görə ki, əgər Rusiya silahları qaçaqmalçılıq yolu ilə, necə deyərlər, kəş üsulu ilə nağd pulla ödənilir və daşınırsa, araşdırmaq lazımdır, bu, necə ola bilər? Bizim bu cür narahatlığımız var və bizim narahatlığımız faktlara əsaslanır.” Həmçinin bu fikirlərlə beynəlxalq silah qaçaqmalçılığına qarşı mübarizədə birgə səyləri daha da gücləndirməyi sivil dünya güclərinin diqqətinə çatdırdı.

Ali Baş Komandan İlham Əliyev müsahibələrində müharibə zamanı Azərbaycana siyasi dəstək verən qonşu və tərəfdaş ölkələrə öz təşəkkürünü bildirməklə gələcək dövlətlərarası münasibətlərdə əməkdaşlıq perspektivlərini müəyyən etmiş oldu.

Dövlətimizin başçısı “TRT HABER” televiziya kanalı müxbirinin Pakistan və Rusiyanın bu müharibəyə olan münasibətilə bağlı sualı cavablandırarkən qeyd etmişdir: “Mən fürsətdən istifadə edərək, bizim digər dost-qardaş ölkələrə də təşəkkürümü bildirmək istəyirəm. Türkiyədən sonra bizə ikinci dəstək verən ölkə Pakistan oldu, ondan sonra Əfqanıstan oldu, ondan sonra daha bir neçə ölkə bizə öz dəstəyini göstərdi. Onların hər birinə, o ölkələrin prezidentlərinə təşəkkürümü bildirirəm”. Rusiya dövləti ilə bağlı verilən suala cavab olaraq bildirdi ki, Rusiya bizim qonşumuzdur. Rusiya ilə münasibətlərimiz uğurla inkişaf edir. Bu gün bir çox sahələrdə Rusiya ilə Azərbaycan arasındakı münasibətlər çox yüksək səviyyədədir. Hər iki ölkə bu münasibətlərə strateji tərəfdaşlıq münasibətləri kimi yanaşır və bu, birgə imzalanmış müqavilələrdə də öz təsdiqini tapır. Bu məsələ ilə bağlı Rusiya çox məsuliyyətli və böyük ölkə kimi davranır. Rusiyadan müsbət mesajlar gəlir və hər hansı bir tərəfi dəstəkləmək müzakirə mövzusu deyil”.

Həmçinin Ermənistan tərəfindən müharibədən əvvəlki vaxtlarda, həm müharibə dövründə təxribatçı hərəkətlər törətməklə Rusiyanı münaqişəyə cəlb etmək hallarını ifşa edərək onların bu niyyətlərinin heç zaman baş tutmayacağını birmənalı olaraq ifadə etdi. “TRT HABER”ə müsahibə zamanı bunları belə ifadə etdi: “Ermənistan buna çox ümid edirdi. Ermənistanın bu toqquşmanı bölgənin xaricinə çıxarmaq məqsədi də Rusiyanı buraya cəlb etməkdir. Ermənistan Azərbaycana hazırda Ermənistan ərazisindən niyə hücum edir? Məhz ona görə ki, biz də hücum edək, o da Rusiya ilə, başqa ölkələrlə birgə iştirak etdiyi Kollektiv Təhlükəsizlik Təşkilatı Müqaviləsinin baş katibliyinə müraciət etsin və desin ki, Azərbaycan bizə hücum edir, gəlin bizə yardım edin. İyul ayında, niyə onlar bu təxribatı Ermənistan- Azərbaycan sərhədində törətdilər? Tovuz Qarabağ bölgəsindən uzaq məsafədə yerləşir. Orada onların hansı hədəfləri var idi - bir hədəfi ki, biz hücum edək, biz dövlət sərhədini keçək, - mən dedim bizdə belə bir fürsət var idi, - və ondan sonra müraciət etsin o təşkilata ki, gəlin bizimlə bərabər Azərbaycana qarşı vuruşun. Yəni, Rusiyanı bu işlərə cəlb etmək istəyir və bu, növbəti təxribatdır, mən əminəm ki, buna müvəffəq olmayacaq”.

Azərbaycan Prezidenti müsahibələrində bəzən Ermənistana dəstək verən dairələri ifşa edərək sərt tənqid edirdi. Burada əsasən Ermənistanın qəsbkarlıq siyasətinə dəstək verən Fransa hökuməti ilə yanaşı, Rusiyanı, xüsusən Rusiyadan düşmən tərəfinə müxtəlif yollarla dəstək verən qüvvələri və bəzi hakimiyyət dairələrini açıq şəkildə cəsarətlə qınayırdı. İllərdir həllini tapmayan münaqişənin sonlanması Rusiyanın siyasi iradəsinə bağlı olduğunu qeyd edirdi.

Xüsusən bu cür cəsarətli fikirləri Rusiyanın RBK televiziya kanalına müsahibə zamanı səsləndirdi: “Rusiya rəhbərliyi Ermənistana siyasi təsir göstərmək vasitələrindən istifadə etsin, erməni tərəfini inandırsın ki, işğala son qoyulmalıdır... Axı, gizli deyil ki, bu gün Ermənistan Rusiyadan 100 faiz asılı vəziyyətdədir. Onun təhlükəsizliyi Rusiya tərəfindən təmin edilir, pulsuz silahlanması Rusiya tərəfindən təmin edilir. Biz Ermənistana məxsus, bəlkə də milyardlarla dollar dəyərində texnikanı iki həftə ərzində məhv etdik. Onlarda bu pullar haradandır? Onların pulu yoxdur. Bütün bunlar Rusiyadan pulsuz göndərilir. Qaz təchizatı Rusiyadan güzəştli qiymətlərlə təmin olunur, elektrik enerjisi də müəyyən dərəcədə güzəştlə verilir. Dəmir yolları, rabitə, hərbi baza. Hətta Ermənistanın Türkiyə və İranla sərhədini rusiyalı sərhədçilər qoruyur. Əgər belə olmasaydı, sərhəd boş qalardı. Ermənistana təsir göstərmək üçün daha hansı ölkənin bu qədər vasitələri var? Heç bir ölkənin. Bəlkə də dünyada başqa elə iki ölkə yoxdur ki, onlardan biri digərindən bu qədər tam asılı olsun. Buna görə əminəm ki, Rusiya tərəfindən təkid göstərilsə, bizim status-kvonu dəyişməyimiz, təmas xəttini yarıb keçməyimiz nəticəsində İrəvanın ayılması nəzərə alınmaqla Rusiya qısa müddətdə Ermənistanı inandıra bilər: təkcə hərbi qarşıdurma baxımından deyil, bütövlükdə Ermənistanın gələcəyi üçün indiki vəziyyətdən yeganə çıxış yolu Azərbaycanla münaqişənin həllini tapmaqdır”.

Rusiyalı müxbirin “Mən Bakıda gəzəndə çoxlu Azərbaycan bayrağı gördüm, bir qədər az, lakin yenə də çox sayda Türkiyə bayrağı gördüm və bircə dənə də Rusiya bayrağı görmədim. Bu o deməkdirmi ki, Azərbaycanda Rusiyanın təsiri azalıb və ya Azərbaycanda insanların Rusiyaya münasibəti dəyişib?” sualına cavab olaraq məntiqli fikirlə obyektiv yanaşma tərzinə əsaslanaraq dövlət başçısı belə qeyd etdi: “Rusiyanın aparıcı telekanallarında Azərbaycan xalqı, Azərbaycan Prezidenti təhqir ediləndə, əlbəttə, bunlar Rusiyanın nüfuzunu artırmır. Mən bu məsələni Rusiya rəhbərliyinin diqqətinə çatdırmışam. O mənada yox ki, bunlar bizi narahat edir, Azərbaycan cəmiyyəti və ictimai fikri Azərbaycanın daxilində formalaşır. O mənada ki, belə münasibət haçansa bizim planlarımızda müəyyən çətinliklərə gətirib çıxara bilər.... bu müddətdə Rusiya mediasında üzləşdiyimiz informasiya hücumu, əlbəttə, ictimai fikirdə Rusiyaya münasibətə böyük ziyan vurub. Düşünürəm ki, bu vəziyyəti qaydaya salmaq üçün vaxt və hər iki tərəfin rəhbərliyinin səyləri lazım gələcək”.

Prezident İlham Əliyev RBK kanalına verdiyi müsahibədə Rusiyanı bu münaqişədə düşmən tərəfə dəstək verməkdən uzaq durmağa səsləyən cəsarətli ifadələr səsləndirmişdir: “Paşinyan bizə 7 ultimatum təqdim edəndə, o, azərbaycanlıların hisslərini təhqir edəndə buna görə cəzalandırılmalı idi və biz bunu etdik. Qoy o, Putinə təşəkkür etsin ki, Rusiya növbəti dəfə Ermənistanı xilas etməyə gəldi”.

“Əl-Cəzirə” televiziya kanalı müxbirinin “bu siyasi dalanda Rusiya vasitəçiliyi Azərbaycan üçün məqbuldurmu? sualına “əgər siz vasitəçisinizsə, neytral olmalısınız, vasitəçi olmalısınız” prinsip xarakterli cavabı ilə Prezident Rusiyanın bu münaqişənin həllində roluna həm aydınlıq gətirdi, həm də mesaj olaraq qarşı tərəfə çatdırdı.

Qeyd etdiyim kimi, ölkə başçısı müharibə dövründə Türkiyə, Rusiya və Fransa kimi həssas davranış sərgiləyən ölkələrin yanaşma və hərəkətlərinə geniş münasibət bildirməklə yanaşı, ABŞ kimi qlobal gücün və qonşu İran və Gürcüstanın bu müharibəyə olan mövqelərinə də aydınlıq gətirmişdir.

“CNN Türk”ə müsahibəsində İranın bu münaqişəyə olan münasibətini belə ifadə etdi: “İran rəsmiləri Azərbaycanın haqq işini dəstəklədilər. Bir-iki gün bundan əvvəl İranın rəsmi şəxsləri açıqlamalar vermişlər ki, işğala son qoyulmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və bizim köçkünlərimiz öz torpaqlarına qayıtmalıdırlar”.

Fransanın “Figaro” qəzeti müxbirinin “Qafqaz regionunda digər xristian ölkəsi olan Gürcüstanla münasibətləriniz necədir?” sualına Prezident belə aydınlıq gətirdi: “Bəli, bizim Gürcüstanla münasibətlərimiz mükəmməldir. Biz bir-birimizi strateji tərəfdaş adlandırırıq... Bizim Türkiyə, Gürcüstan və Azərbaycan arasında üçtərəfli əməkdaşlıq formatımız var... Ona görə də münasibətlər mükəmməldir və düşünürəm ki, Türkiyə ilə münasibətlərimiz kimi, Gürcüstanla münasibətlərimiz də mehriban qonşuluğun yaxşı nümunəsi ola bilər. Yeri gəlmişkən, Gürcüstanın xristian, Azərbaycanın müsəlman ölkəsi olması faktının heç bir fərqi yoxdur. Biz bu regiona bu nöqteyi-nəzərdən baxmırıq”.

ABŞ-la əlaqələrə isə adıçəkilən ölkənin “FOX NEWS” kanalına verdiyi müsahibədə dövlət başçısı daha dolğun münasibət bildirilmişdir: “Azərbaycan həmişə Amerika Birləşmiş Ştatlarının həqiqi tərəfdaşı olub. Biz beynəlxalq terrorçuluqla mübarizədə bir yerdəyik, biz Əfqanıstanda bir yerdəyik, biz hərbi qulluqçularımızı Əfqanıstanda saxlayırıq və bununla sülhməramlı əməliyyatlara öz töhfəmizi veririk. Bizim gündəliyimizdə enerji təhlükəsizliyi kimi mühüm məsələ var. Amerika Birləşmiş Ştatları Azərbaycanın enerji təchizatı marşrutlarını şaxələndirmək səylərini həmişə dəstəkləmişdir. Amerika Birləşmiş Ştatlarının güclü dəstəyi ilə biz önəmli layihələri tamamlaya bilmişik…Azərbaycan və Amerika Birləşmiş Ştatlarının çox güclü tərəfdaşlıq münasibətləri var. Amerika Birləşmiş Ştatları Azərbaycanı dost hesab edir və biz həqiqətən də dostuq. Ona görə burada sülhün olması Amerika Birləşmiş Ştatlarının marağındadır”.

Dövlətimizin başçısı RBK kanalına müsahibəsində münaqişənin yenidən alovlanaraq müharibə səviyyəsinə catmasında erməni tərəfinin etdiyi bir çox təxribatçı hallar arasında işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma faktlarını əsas gətirməklə belə demişdir: “Qanunsuz məskunlaşdırma. Bu, beynəlxalq cinayətdir, Cenevrə konvensiyalarının pozulmasıdır”.

ABŞ-ın “FOX NEWS” televiziyası əməkdaşının 90-cı illərin əvvəllərində Azərbaycanın erməni tərəfi ilə döyüşlərdə uğursuzluq qazanaraq məğlub olması məzmunlu sualına Prezident İlham Əliyevin “Biz müharibədə məğlub olmamışdıq. Biz döyüşü uduzmuşduq. Bu da obyektiv səbəblər üzündən olmuşdur. Birincisi, Azərbaycanda daxili qeyri-sabitlik vardı, Ermənistan da bundan istifadə etdi” cavabı daha dolğun və dəqiq məntiqə əsaslanmışdı.

Azərbaycan Prezidentinin müsahibələrində diqqəti çəkən əsas məqamlardan biri də erməni tərəfinin bu münaqişədə ən çox səsləndirdiyi xalqların öz müqəddəratını təyin etmək iddiasına qarşı faktlara əsaslanan qəti prinsipial mövqeyi olmuşdur. Dövlət başçısı bunu “ƏL-CƏZİRƏ” televiziya kanalına müsahibədə belə ifadə etdi: “BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına nəzər salsaq görərik ki, öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünə ziyan vurmamalıdır. Başqa bir mühüm məqam odur ki, ölkənin ərazi bütövlüyü güc yolu ilə dəyişdirilə bilməz, ölkə əhalisinin razılığı olmadan dəyişdirilə bilməz. Ona görə də Dağlıq Qarabağ məsələsində sözsüz ki, öz müqəddəratını təyinetmə ermənilərin etmək istədikləri şəkildə işləmir. Başqa bir arqument odur ki, erməni xalqı artıq öz müqəddəratını təyin edib. Onların müstəqil Ermənistan dövləti var. Bu gün ermənilər hər yerdə yaşayırlar. Onlar Fransada yaşayırlar, onlar Amerikada yaşayırlar, onlar Rusiyada yaşayırlar, onlar Yaxın Şərqdə yaşayırlar. Qoy, onlar öz müqəddəratlarını həmin ölkələrdə istəsinlər. Qoy Dağlıq Qarabağa öz müqəddəratını təyinetmə vermək istəyən ölkələr öz torpaqlarının bir hissəsini Dağlıq Qarabağdan olan ermənilərə versinlər, onları qəbul etsinlər və orada onlara öz müqəddəratını təyinetmə hüququ versinlər. Onda baxaram onların reaksiyası necə olacaq”.

Yaponiyanın “Nikkei” qəzetinə verdiyi müsahibəsində Prezidentin “Dağlıq Qarabağı geri qaytarandan sonra Siz Madrid prinsiplərində qeyd olunduğu kimi, onların öz müqəddəratını təyinetmə hüququna hörmət edəcəksinizmi və referenduma razılıq verəcəksinizmi?” sualına cavabı daha qəti oldu: “Xeyr, əlbəttə ki, xeyr. Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz”.

Prezidentin 9 oktyabr 2021-ci ildə “SKY NEWS” kanalı müxbirinin bu səpkili “25 faiz azərbaycanlı əhalinin Dağlıq Qarabağa qayıtmasına icazə verilsə, siz Dağlıq Qarabağın müstəqilliyini tanıyarsınız? sualına cavabı da prinsipial olmuşdur: “Xeyr. Heç vaxt. Bu məsələ heç vaxt danışıqlar masasında olmamışdır. Bizim mövqeyimiz çox aydın idi ki, Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq”.

Dövlətimizin başçısı “BBC NEWS”a son müsahibəsində bir daha bu məsələni konkret nəticə olaraq dilə gətirmişdir: “Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. O, hər hansı başqa rayon kimi Azərbaycanın bir hissəsi olaraq qalacaq. Bu, yenə də Ermənistan hökumətinin necə davranacağından asılı olacaq. Onların məntiqli olması üçün hələ də çox gec deyil. Onların danışıqlar masasında daha çox şey əldə etmələri üçün hələ də çox gec deyil. Çünki biz digər şəhər və kəndlərə nəzarəti ələ keçirəndən sonra danışılacaq bir şey qalmayacaq. Beləliklə, onlar vaxt itirirlər. Əgər onlar məntiqli davransalar, biz bəzi özünüidarəetmə formaları üzərində işləyə bilərik. Biz bunun əleyhinə deyilik. Lakin onlar Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır”.

Prezident İlham Əliyev 30 ildən artıq ən çox istifadə edilən terminlərdən biri olan status-kvo məsələsinə daha dolğun aydınlıq gətirmişdir. Türkiyənin “A Haber” televiziyasına müsahibəsi zamanı bu məsələni bu cür dəyərləndirdi: “Status-kvo artıq yoxdur. Mən bu haqda öz sözlərimi dedim və bu, reallıqdır. Status-kvo nə idi? Torpaqların işğal altında saxlanılması demək idi... biz 30 il bu status-kvonun dəyişdirilməsini gözlədik ki, müzakirə prosesi nəticəsində buna nail ola bilərik. Amma olmadı. Ona görə döyüş meydanında biz bunu artıq məhv etdik. O artıq yoxdur”.

Ölkə rəhbəri Türkiyənin “Haber Global” televiziyasına müsahibədə bu məsələni daha sərt və qətiyyətli şəkildə ifadə etdi: “Status-kvonu Azərbaycan özü dəyişdirdi, döyüş meydanında dəyişdirdi. Artıq status-kvo yoxdur... Bir daha deyirəm, status-kvo yoxdur, təmas xətti yoxdur. Ermənilərin öz orduları haqqında uzun illər uydurduğu yenilməz ordu əfsanəsi yoxdur. Biz göstərdik kim kimdir. Ona görə bu reallıqlarla gərək həm Ermənistan hesablaşsın, onların havadarları hesablaşsın, bütün dünya hesablaşsın”.

Dövlətimizin başçısının müharibə dövründə verdiyi müsahibələrində ən diqqəti çəkən önəmli məqamlardan biri də regionun gələcəyi, Azərbaycan-Ermənistan münasibətlərinin perspektivi, azərbaycanlı və erməni xalqlarının gələcək birgəyaşayışı, barışığı, Qarabağ ərazisində yaşayan ermənilərin taleyi ilə bağlı verilən sualları cavablandırmaqla Azərbaycan dövlətinin sivil dəyərlərə söykəndiyini, Azərbaycan xalqının isə yüksək mənəvi keyfiyyətlərə malik tolerant xalq olduğunu nümayiş etdirməsidir.

Prezident “TRT Haber”ə müsahibəsində hər iki xalqın gələcək münasibətləri ilə bağlı qeyd etmişdir: “Ümid edirəm ki, bu işğalçı siyasətə son qoyulandan sonra bizim xalqlarımız barışacaq”.

Qarabağ ermənilərinin taleyi ilə bağlı məsələyə aydınlıq gətirərək “SKY NEWS”a müsahibəsində dövlət başçısı xüsusi olaraq vurğuladı ki: “Dağlıq Qarabağdakı erməni əsilli insanlar oradakı kriminal rejiminin girovlarıdır. Əminəm ki, müharibə bitdikdən sonra onlar bizimlə sülh və ləyaqət içində yanbayan yaşayacaqlar”.

Bu barədə daha bir KİV-ə - Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibəsində ölkə rəhbəri demişdir: “Biz Qarabağ ərazisində yaşayan ermənilərə öz vətəndaşlarımız kimi baxırıq. Hesab edirik ki, münaqişə nizamlanandan, işğala son qoyulandan sonra Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisi uzun illər boyu olduğu kimi birlikdə yaşamalıdır. Biz Qarabağ ərazisində yaşayan ermənilərə öz vətəndaşlarımız kimi baxırıq. Hesab edirik ki, münaqişə nizamlanandan, işğala son qoyulandan sonra Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisi uzun illər boyu olduğu kimi birlikdə yaşamalıdır”.

“Nikkei” qəzetinə müsahibəsində Prezident bu fikirləri bir daha təsdiq etmişdir: “Dağlıq Qarabağda yaşayan həmin ermənilər bizim vətəndaşlarımızdır. Onların təhlükəsizliyi, hüquqları Azərbaycanın digər insanlarının hüquqları kimi tam təmin olunacaq”.

Həmçinin “Nikkei”yə müsahibəsində dövlətlərin ərazi bütövlüyünü təhdid edən, separatizmə dəstək verən, xalqlararası düşmənçiliyi körükləyən və terrorizmi dövlət siyasətinə çevirən Ermənistanın dövlət olaraq gələcəyinin olmadığını ifadə edən dövlətimizin başçısı bu barədə belə proqnozlaşdırıcı fikir bildirmişdir: “Üç Qafqaz ölkəsinin əməkdaşlıq edəcəyi vaxtı görməyi ümid edirəm... Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur”.

İtaliyanın “RAİ-1” televiziyasına müsahibəsi zamanı Prezident bir daha Ermənistanı açıq şəkildə ekspansionist siyasətdən əl çəkməyə çağırıb: “Hesab edirəm ki, tərəflərin qarşılıqlı xoş məramı olsa buna nail olmaq mümkündür... Barışıq mümkündür, sadəcə, Ermənistan rəhbərliyi işğalçı siyasətdən imtina etməlidir”.

Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsi zamanı ölkə rəhbəri Azərbaycanın hərbi əməliyyatlardakı qətiyyətli mövqeyini və hədəflərini mesaj olaraq düşmən tərəfə və beynəlxalq ictimaiyyətə bu cür ifadə etdi: “Bizə dur deyənlər bilməlidirlər ki, yaxşı, biz dura bilərik, biz də istəmirik ki, qan tökülsün. Amma ondan sonra gərək siyasi proses başlasın. Siyasi proses başlamasa, biz durmayacağıq. Mən demişəm, biz sona qədər gedəcəyik, sona qədər. Amma necə? Hərbi yolla, yaxud da ki, siyasi yolla, o, başqa məsələdir. Biz istəyirik ki, hərbi mərhələ dursun, qan tökülməsin, şəhidlər olmasın və sülh yolu ilə öz torpaqlarımızı azad edək”.

Ali Baş Komandanın müharibədən sonra həm erməni icmasının gələcək taleyi ilə yanaşı, həm də işğaldan azad olunmuş ərazilərin gələcəyi barədə nikbin fikirlər səsləndirdiyinin şahidi olduq. O, Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində erməni vandallığının qurbanı olan işğaldan azad olunmuş vətən torpaqlarının qısa zamanda cənnətə çevriləcəyini belə dilə gətirdi: “Biz orada şəhərlər quracağıq, biz oraya həyatı qaytaracağıq. Biz bütün dağılmış yerləri bərpa edəcəyik... Bütün o torpaqları biz cənnətə çevirməliyik. Onsuz da oranın mənzərəsi cənnətdir və uzun illər erməni tapdağının altında olmasına baxmayaraq, o torpaq canlanacaq, oraya həyat qayıdacaq, uşaqların gülüşü gələcək, insanların təbəssümü qayıdacaq. Azərbaycan vətəndaşları o torpaqlarda ləyaqətlə yaşayacaqlar”.

Beləliklə, 44 günlük Vətən müharibəsinin məntiqi yekunu Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin “HABER Türk ” televiziyasına verdiyi müsahibəsindəki bu ifadəsi ilə sonlandı: “Onlar bizim ərazimizə girib yeni torpaqlar işğal etmək istəyirdilər. Ancaq bunun acı nəticəsini yaşadılar”.

Prezident İlham Əliyevin vaxtilə dediyi “Qarabağ Azərbaycandır. Nida işarəsi” ifadəsi 44 günlük Vətən müharibəsi ilə reallığa çevrilərək “Zəfər Azərbaycanındır” məntiqi kəlməsi ilə yekunlaşdı.