Vətən müharibəsində qazanılan Zəfərin davamı olan quruculuq işlərini də uğurla başa çatdıracağıq

Tarixən bütün müharibələr torpağa görə başlayıb. Belə müharibələr bəzən illərlə davam edib. Ermənistanın Azərbaycandan ərazi iddiası da elan edilmədən başlayan müharibəyə səbəb oldu. İşğalı qeyri-rəsmi dəstəkləyən, əslində demokratik dövlət imicini itirmiş bəzi dövlətlərin siyasi, iqtisadi və hərbi yardımından bəhrələnən Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın münaqişənin sülh yolu ilə həll edilməsinə tərəfdar olduğunu bildirirdi. Ermənistan isə bölgədə status-kvonu saxlamaq niyyəti ilə danışıqlardan yayınırdı. Belə bir vəziyyətdə sülh danışıqlarını sonacan aparmaq mümkün olmazdı.
2016-cı ilin aprelində Ermənistan silahlı birləşmələri iri miqyaslı təxribat törətmək məqsədi ilə müxtəlif təyinatlı atıcı silahlardan istifadə etməklə Azərbaycanın ərazilərinə hücum etdi. Azərbaycan ordusunun hissələri hücumun qarşısını aldı, düşmən geri çəkilməyə məcbur oldu.
Düşmənin 2020-ci ilin iyulunda Tovuz rayonu istiqamətindən dövlət sərhədlərimizi pozmaq cəhdi də baş tutmadı.
2016-cı ilin Aprel döyüşləri Azərbaycan ordusunun torpaqlarını işğaldan azad etməyə qadir olduğunu təsdiqlədi. Düşmən buna əhəmiyyət vermədi, işğalçılıq niyyətini davam etdirdi. Bu isə BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyən, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin tövsiyələrinə, xatırlatmalarına əməl etmədi. Bir daha təsdiqləndi ki, işğalçılıq niyyəti bəşəri duyğuları nəinki korşaldır, həm də şikəst edir. Ermənistanın xarici siyasəti bu vəziyyətə düşmüşdü.
İşğalçılıq Ermənistanı Azərbaycandan yeni ərazilər işğal etməyə meyilləndirirdi. 2020-ci ilin sentyabr ayının 27-də bütün istiqamətlərdən hücum etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalq müraciətində dedi: “ Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur”.
Ölkə başçımızın qətiyyətlə dediyi “Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!” fikri dünya ictimaiyyətinə, dünya dövlətlərinə Vətən müharibəsinin mahiyyətini açıqladı.
Vətən müharibəsində xalq ordunun arxasında qətiyyətlə dayandı, xalqın böyük mənəvi dəstəyini hiss edən ordu daha qətiyyətlə döyüşdü. Ermənistanın illərlə düzəltdiyi, möhkəmləndirdiyi, təkmilləşdirdiyi müdafiə sədlərini, mühəndis-istehkam qurğuları sistemini darmadağın etdi. Qısa müddətdə ilkin mövqe qələbələri qazanıldı. Bu qələbələr ordunun şəxsi heyətinin qələbə ruhunu daha da yüksəltdi. Çarəsiz müdafiə döyüşləri aparan düşmən döyüşə-döyüşə geri çəkilirdi, bəzi mövqelərdə döyüşməyə cəsarət etmirdi.
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin “CNN Türk” televiziya kanalına müsahibəsində müxbirin sualına cavab olaraq dedi: “Onlar altı xətt istehkam qurmuşdular, müdafiə zolağı qurmuşdular və oranı keçmək böyük məharət, qəhrəmanlıq tələb edirdi. Bizim hərbçilərimiz ölümə gedirdilər. Eyni zamanda, o bölgənin coğrafiyası, relyefi də onlar üçün əlverişli idi. Çünki onlar dağlarda yerləşmişdilər, bütün yüksəklikləri götürmüşdülər, biz isə aşağıdan getməli idik. İndi siz Şuşaya da gedəcəksiniz, görəcəksiniz ki, Şuşanın alınması bir möcüzə sayılır”. Bu fikirlər Azərbaycan əsgərinin həm döyüş hazırlığının, həm də mənəvi-psixoloji hazırlığının səviyyəsinin göstəricisidir. Belə səmimi fikirlər həm də səmimi sevginin təsdiqidir. Vətən müharibəsində Azərbaycanda yaşanılanlar – istər müharibə həyəcanı, istər qazanılan qələbələrin sevinci, istər Ermənistanın döyüş bölgələrindən uzaq şəhərlərə raket zərbələri vurması Türkiyədə də eyni səviyyədə yaşanılmışdı. Ölkə başçımız bu məqama da toxunaraq dedi: “İkinci Qarabağ savaşı dönəmində də Ermənistan döyüş meydanında ilk gündən məğlubiyyətə uğramağa başlamışdı. 44 gün ərzində hər gün biz irəli gedirdik, bir gün belə geri addım atmadıq. Hətta manevr etmək məqsədilə də geri addım atmadıq. Ermənistan isə artıq öz qaçılmaz məğlubiyyətini dərk edərək bizi durdurmaq və mülki əhaliyə böyük zərər vermək üçün şəhər və kəndlərimizi ballistik raketlərlə, artilleriya qurğuları ilə daim atəşə tuturdu”.
Rayonlarımız işğaldan azad edildi. Oktyabrın 8-də Şuşa işğaldan azad edildi.
Vətən müharibəsi Azərbaycan ordusunun Zəfəri ilə başa çatdı. Bu Zəfər Azərbaycanın dövlət olaraq, silahlı qüvvələrinin ordu olaraq qüdrətini təsdiqlədi. Vətən müharibəsindən əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyirdi: “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır”. İşğalçı Ermənistan bu fikrin nəyə söykəndiyinə ciddi diqqət yetirməli idi. Ölkə başçımızın bu fikrini davamı müsahibədə dediyi “Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü, torpaq bütövlüyünü bərpa etdi” fikridir.
Üçtərəfli bəyanatda qeyd edilən bəzi müddəalara əməl etməyən Ermənistan müharibədən sonra da özünü səmimi aparmır. Üçtərəfli bəyanatı imzalayan dövlət olaraq Rusiya bu məqama ciddi diqqət yetirməlidir. Belə olmazsa, dünyada nüfuzunu itirəcəkdi. Bəyanatda Zəngəzur dəhlizi haqqında da razılaşma var. Bu razılaşma Ermənistanda müəyyən etirazlarla qarşılandı. Dövlət başçısının imzaladığı məsələyə qruplar, altqruplar, qruplaşmalar etiraz edərsə, dövlət buna ciddi münasibət bildirməli deyildimi? Bildirilmədiyinə görə də bu, müəyyən problemlərin yaranmasına səbəb oldu. Dövlətçlik dövlətin bütün pillədən olan qərarlarına ikili münasibəti inkar edir. Ermənistan bu diplomatik lemmaya niyə məhəl etmir? Nəyə və kimə ümid bağlayır? Belə mövqe dövlətin səmimi xarici siyasətə malik olmadığını təsdiqləyir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müxbirin sualını belə cavablandırdı: “...dörd il bundan əvvəl Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi olmuşdur. Biz bu dəmir yolu sayəsində Türkiyə ilə birləşdik. Zəngəzur dəhlizi isə ikinci bir birləşmə istiqaməti olacaq. Beləliklə, bizim üçün yeni fürsətlər ortaya çıxacaq. Eyni zamanda, Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə də dəmir yolu ilə birləşəcək. Eyni zamanda, biz tələb edirik ki, avtomobil yolu da çəkilsin - Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzur ərazisində, Mehri bölgəsində. Çünki bu da mütləq lazımdır.
Əfsuslar olsun ki, Ermənistan buna etiraz edir. Son günlərə qədər Zəngəzur dəhlizinin açılmasına etiraz etmişdi. Sadəcə olaraq, bir neçə gün bundan əvvəl orada bir müsbət fikir ortaya çıxdı ki, onlar da etiraz etmirlər. Ancaq Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm avtomobil yolu olmalıdır. Biz Bakıda avtomobilə əyləşib oradan rahatlıqla Türkiyəyə və Naxçıvana keçə bilərik”.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə Ermənistan silahlı birləşmələrinin razılaşmaları pozması üçtərəfli razılaşmanın bütün şərtlərinə əməl edilmədiyini göstərir. Rusiyanın sülhməramlıları vəzifə borcunu məsuliyyətlə yerinə yetirmir. Müsahibədə ölkə başçımız bu məqama da münasibətini bildirib: “Ümid edirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın. Eyni zamanda, bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq. Bu, bizi narahat edir. Müharibə başa çatıb. Yəni, erməni xalqı da bu vəziyyətlə barışıb. Erməni rəhbərliyi də məğlubiyyətlə barışıb...”
Azərbaycan bölgədə sülhün bərqərar olmasına tərəfdardır. Təbii ki, Azərbaycanın ərazi bütövlüyü qorunmaqla. Bu istək diplomatik sənədlərdə də təsbit edilməlidir. Əgər qarşı tərəf bunu istəyərsə belə olacaqdır. Ermənistan məğlub dövlət olaraq bir daha anlamalıdır ki, belə olmazsa, daha ağır itkilərə məruz qalacaqdır. Dövlətçiliyini itirmək səviyyəsində məğlubiyyətlə də üzləşə bilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müsahibədə bu məqamı da diplomatik tezislərlə xatırlatdı: “Bir neçə gün bundan əvvəl Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə görüş zamanı söyləmişdir ki, Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlamışdır. Bu, çox narahatedici bir məsələdir. Həm də Ermənistanın yeni müdafiə naziri çox məsuliyyətsiz açıqlamalar verdi ki, əgər Azərbaycan tərəfi Ermənistan sərhədini bir santimetr pozsa, o zaman onlar atəş açacaqlar. Yəni, görünür, İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq. Ona görə biz ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq. Çünki buna ehtiyac yoxdur.”
“Əgər erməni faşizmi yenə baş qaldırmağa cəhd edərsə, biz onun başını bir daha əzəcəyik” deyən Azərbaycan Respulikasının Prezidenti İlham Əliyev “CNN Türk” kanalına müsahibəsində Vətən müharibəsində Ermənistan ordusunun tamamilə darmadağın ediməsindən, minalanmış ərazilərin xəritələrinin verilməməsindən, verilənlərin tam olmamasından, yanlışlığından, Türkiyə - Azərbaycan münasibətlərindən, Şuşa bəyannaməsindən, Türkiyədə baş verən yanğınlardan və Azərbaycanın qardaş köməyindən söz açdı. Bu müsahibə Azərbaycanın Vətən müharibəsindən sonrakı daxili və xarici siyasətinin konturlarını ifadə etmək baxımından dəyərlidir.
Azərbaycan Vətən müharibəsində qazanılan Zəfərin davamı olan quruculuq işlərini də uğurla başa çatdıracağıq.

Səbinə Xasayeva,
Milli Məclisin deputatı