"Vətəndaşlara cərimə borcu olduğu barədə saxta SMS-lər göndərilir" - DYP

Son zamanlar sosial şəbəkələrdə vətəndaşlara nəqliyyat vasitələri üzrə inzibati cərimə borcu olduğu barədə SMS bildirişlər göndərilməklə saxta internet səhifələrinə yönləndirən reklam və məlumatlar yayılır.

Sabahinfo.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində qeyd olunub.

Bildirilib ki, həmin səhifələrdən biri də asanpayex.cc/az ünvanıdır:

"Qeyd olunan internet səhifəsinin dövlət qurumları və rəsmi ödəniş sistemləri ilə heç bir əlaqəsi yoxdur. Vətəndaşlardan xahiş olunur ki, bu kimi saxta səhifələrə etibar etməsin, şəxsi məlumatlarını və bank kartı məlumatlarını belə platformalarda paylaşmasınlar. İnzibati cərimələrlə bağlı məlumatların yoxlanılması və ödənişlərin həyata keçirilməsi yalnız rəsmi dövlət platformaları vasitəsilə aparılmalıdır".