“Azərbaycan dövlətinin daxili siyasətində sosial siyasət həmişə prioritet istiqamət təşkil edib. Heç də təsadüfi deyildir ki, ənənəvi olaraq, bizim dövlət büdcəmizin 40%- dən çoxu sosialyönümlü xərclərin maliyyələşdirilməsinə yönəldilir”.
Bunu Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” qanunun layihəsini təqdim edərkn deyib.
Komitə sədri bildirib ki, cənab Prezident İlham Əliyevin 2024- cü il 23 dekabr tarixli sərəncamı ilə 2025- ci il üçün 5- ci sosial İslahatar zərfi qəbul edilmiş, cari ildə minimum əmək haqqı 16%, pensiyaların minimum məbləği isə 14,3% artıb, 3 milyondan çox vətəndaşımızın sosial rifah halının yüksəlməsi təmin edilib.
“Ümumuyyətlə, 2019-cu ildən başlayaraq ölkəmizdə cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 5 dərin sosial islahatlar zərfi qəbul edilib. Bu paketlərin illik maliyyə dəyəri 8.5 milyard manat təşkil edir və 4 milyon vətəndaşın sosial təminatının yaxşılaşmasına xidmət edir”, - o qeyd edib.
Komitə sədrinin sözlərinə görə, Fondun 2026-cı il üçün gəlirləri 8 milyard 323 milyon manat təşkil edəcək ki, bu da cari ilin proqnoz göstəricisi ilə müqayisədə 705,7 milyon manat (9,3%) çoxdur.
Deputat onu da bildirib ki, 2019-cu ildən başlayaraq əmək pensiyalarının minimum məbləği ölkə üzrə pensiyaçılar üçün yaşayış minimumunu üstələyib, bu meyil gələn ildə də davam edəcək.
“2026-cı ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 203,6 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da cari ilin təsdiqlənmiş proqnozuna nisbətən 2,6%, yaxud 5,2 milyon manat çoxdur.
Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə AHİK vasitəsi ilə maliyyələşdiriləcək xərclər 25 milyon manat nəzərdə tutulmuşdur.
Qanun layihəsi büdcə sisteminin vahidlik və müstəqillik prinsiplərinə müvafiqdir və gələn il şəhid ailələrinin, qazilərin pensiya və müavinət alan bütün vətəndaşlarımızın sosial rifahının yaxşılaşması üçün etibarlı təminat yaradacaq”, - o vurğulayıb.