VI İslam Həmrəyliyi Oyunlarının Təftiş Komitəsinin üzvləri Ər-Riyada səfər edib -FOTOLAR

VI İslam Həmrəyliyi Oyunları (İHO) ilə əlaqədar yaradılmış Təftiş Komitəsinin üzvlərinin 26-27 aprel tarixlərində Oyunların keçirilməsinə namizəd şəhər olan Ər-Riyada səfəri baş tutub.

Sədr Könül Nurullayevanın rəhbərliyi altında Səudiyyə Ərəbistanında səfərdə olan komitə üzvləri öncə İslam Həmrəyliyi İdman Assosiasiyasının rəsmiləri, eləcə də İHO-nun Təşkilat Komitəsinin üzvləri ilə bir sıra görüşlər keçiriblər. Görüşlər zamanı Oyunların keçirilmə tarixi, medal təqdimetmə mərasiminin proqramı, idman obyektlərinin baş planı, "Ər-Riyad 2025" ev sahibi şəhər müqaviləsinin strukturu və digər mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Ər-Riyad şəhərində yerləşən bir sıra idman obyektlərinə baş çəkən komitə üzvləri, Oyunlara hazırlıq səviyyəsi və onların təşkili haqqında ətraflı məlumat əldə ediblər.

Könül Nurullayevanın rəhbərlik etdiyi heyət, eyni zamanda "Ər-Riyad 2025" İslam Həmrəyliyi Oyunlarına qatılacaq idmançıların, məşqçilərin və digər rəsmi heyətin məskunlaşacağı Atletlər kəndinə baş çəkiblər. Səfər zamanı orada yaradılmış şəraitlə yaxından tanış olan Təftiş Komitəsi rəsmiləri qeyd və tövsiyələrini qarşı tərəfə çatdırıblar. Jurnalistlərə açıqlamasında komitə sədri Könül Nurullayeva qeyd edib ki, maraqlı konsepsiyası ilə seçilən bu məkan ən yaddaqalan Atletlər kəndindən biri olacaq. "Burada gördüyümüz yüksək səviyyəli təşkilatçılığa əsasən əminliklə deyə bilərəm ki, VI İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə keçiriləcək", - deyə o, əlavə edib.