Vitse-spikerdən qərəzli Qətnaməyə münasibət

“Fransa Senatının dünən qəbul etdiyi “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” barədə “qətnamə” kağız parçasından başqa bir şey deyil”.

Musavat.com xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev deyib.

“Təəssüflə qeyd etməliyəm ki, məhz bu cür qızışdırıcı addımlar stabilləşməsi arzu edilən Azərbaycan-Ermənistan münasibətlərinə zərbə vurmağa hesablanmışdır. Ermənistan lobbisinin təsiri nəticəsində Fransa Senatının qəbul etdiyi sənəd həqiqətdən çox uzaqdır, özlərinin separatçı mahiyyətini göstərir. Qeyd etməliyəm ki, Fransa uzun illər münaqişənin nizama salınması ilə əlaqədar ATƏT-dən mandat alsa da, bu illər ərzində münaqişənin həll edilməsi ilə əlaqədar heç bir irəliləmə əldə edilməmişdir. Yalnız Azərbaycan rəhbərliyinin iradəsi və xalqın ölkə başçısının ətrafındakı sıx birliyi nəticəsində tarixi torpaqlarımız işğaldan azad edildi. Bu gün ölkəmiz Avropa İttifaqı ölkələri ilə çox sıx münasibətdədir, zamanında atılan doğru addımlar nəticəsində bir sıra Avropa dövlətləri ilə dost olan Azərbaycana qarşı Fransa Senatının qəbul etdiyi qərəzli “sənəd”i şiddətlə qınayırıq. Eləcə də bildiririk ki, “Dağlıq Qarabağ” adlandırılan qondarma qurum yoxdur, Qarabağ beynəlxalq hüquqla tanınan Azərbaycanın ayrılmaz tərkib hissəsidir.

Bu qətnamə sırf məsləhət xarakteri daşıyır hansı ki, 44 günlük müharibə zamanı “Dağlıq Qarabağ”ın müstəqilliyinin tanınması ilə bağlı qəbul edilmiş kağız parçalarından biridir.Fransanın tutduğu mövqe onun ən yaxın müttəfiqləri olan ABŞ və Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və sülh müqaviləsinin imzalanması ilə bağlı yürütdükləri siyasətə tamamilə ziddir. Bubaxımdan Senatın qəbul etdiyi qətnamə Fransanın öz müttəfiqləri arasında da birmənalı qarşılanmayacaq və onun imicinə mənfi təsir göstərəcək”, - A.Əliyev bildirib.