Vüqar Kərimov: “Oxçuçaydakı ekoloji terrorla bağlı Ermənistanı qınayan olmadı”

“Qafanda, ümumiyyətlə, Ermənistan ərazisində fəaliyyət göstərən dağ-mədən zavodlarının tullantı sularının təmizlənmədən axıdılması səbəbindən Oxçuçayda ekoloji fəlakət vəziyyəti yaranıb”.

Oxu.Az xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O qeyd edib ki, problemlə bağlı vaxtilə tədbirlər görülüb, bir müddət çayda sabitlik bərpa edilsə də, hazırda vəziyyət mürəkkəbdir:

“Təəssüf ki, noyabrın 30-dan etibarən orada yenidən götürülən analizlərdə həmin suyun daha pis şəkildə çirkləndirildiyi təsdiqini tapdı. Baxmayaraq ki, biz ekoloji və beynəlxalq təşkilatlara müraciət etdik, amma çirklənmənin qarşısının alınmasıyla bağlı heç bir tədbir görülmədi və Ermənistanı bununla bağlı qınayan olmadı”.