Xalqımız Qafqaz İslam Ordusunun xatirəsini daim əziz tutur

1918-ci ildə Azərbaycan, xüsusilə Bakı öz çətin və məşəqqətli günlərini yaşayırdı. Bolşeviklər daşnaklardan, daşnaklar bolşeviklərdən istifadə etməklə Bakıda azərbaycanlı əhaliyə qarşı təxribatlar, kütləvi qırğınlar törədirdilər. Bütün bunlar xalqın mübarizə əzmini qırmağa, onu ilhaqla barışmağa vadar etməyə hesablanmışdı. Bu, elə bir vaxt idi ki, Azərbaycanda milli-azadlıq hərəkatı baş qaldırmışdı və bunun nəticəsi olaraq mayın 28-də Azərbaycan öz istiqlaliyyətini elan etmişdi. Vəziyyətin gərginliyi səbəbindən Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri Bakıya gələ bilmir, fəaliyyətlərini Tiflisdə davam etdirirdilər. Vəziyyət belə davam edə bilməzdi və dövlətçilik təhlükə altında idi. Buna görə də Azərbaycan hökuməti 1918-ci il iyunun 4-də Osmanlı hökumətinin Ədliyyə naziri Xəlil bəy və üçüncü ordunun komandiri Vəhib Paşa ilə bir müqavilə imzaladı. Bu müqavilənin 4-cü maddəsi Azərbaycanın yaşadığı siyasi və hərbi vəziyyətin aradan qaldırılmasına hesablanmışdı. Azərbaycan Xalq Cümhuriyyəti istiqlalını, dövlətçiliyini qorumaq üçün Türkiyədən hərbi yardım istəməyə məcbur idi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.

Azərbaycan xalqının yardım istəyinə Türkiyə hökumətinin dərhal razılıq verdiyini diqqətə çatdıran deputat müraciətə əsasən, iyun ayında 5-ci Qafqaz diviziyası və 15-ci Çanaqqala diviziyası Nuru paşanın komandanlığı altında birləşdiyini qeyd edib. Bundan sonra Azərbaycan-Osmanlı hərbi birləşmələri Qafqaz İslam Ordusu adlandırıldı. Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçmüşdü. Dövrün tarixi mənbələrində qeyd edilir ki, 5-ci Qafqaz diviziyası Azərbaycanda törədilənlərə qarşı hərbi əməliyyatlar aparmaq, Azərbaycana qəti kömək etmək üçün Gümrü və Qazax istiqamətindən irəlilədi. Bu qüvvələr iki qrupda birləşmişdi. Birinci qrupda 147 zabit, 2812 əsgər, ikinci qrupda 110 zabit, 2763 əsgər var idi. Türk Ordusu Calaloğlu, Sadaxlı, Kəmərli, Aslanbəyli istiqamətində hərəkət edərək Qazaxa gəldi. 1918-ci il iyunun 30-da daşnak-bolşevik hərbi birləşmələri Göy-çaya qəfil hücum etdikləri üçün türk qüvvələrinə əlavə kömək məqsədilə 65 zabit və 2475 əsgər Azərbaycana göndərildi.

“Mənbələrdə göstərilir ki, bu qüvvələrdən əlavə 3-cü ordunun ehtiyatda olan 350 əsgəri də iyulun 9-da Qazaxa gəldi. İyunun 27-də Qafqaz İslam Ordusu Gəncə istiqamətində irəliləyən erməni-bolşevik qoşun birləşmələrinin qarşısını Göyçay yaxınlığında aldı. İyulun 1-də Qafqaz İslam Ordusu əks-hücuma keçib. Türk qüvvələrindən əlavə Azərbaycan korpusu da formalaşdırılmışdı. Bu korpusda xidmət edən azərbaycanlı zabitlər İslam Ordusu komandanlığı tərəfindən Gəncədə açılan qısamüddətli hərbi kurslarda təhsil almışdılar. Bu korpusa azərbaycanlılardan ibarət bir neçə alay və könüllülər daxil idi. Azərbaycan korpusuna podpolkovnik Həbib bəy Səlimov komandanlıq edirdi.

Xilaskar Türk Ordusu Azərbaycanın nizami və könüllü dəstələri ilə çiyin-çiyinə irəliləyirdi. Onu da qeyd edək ki, Bakının azad olunmasından 39 gün əvvəl türk ordusunun Bakıya hücumu məğlubiyyətlə nəticələnmişdi. Türkiyədən əlavə hərbi qüvvələr istəyən və öz hissələrindəki Azərbaycan könüllülərini hərbi cəhətdən hazırlayan ordu ikinci qəti hücuma hazırlaşırdı. Bu gərgin döyüşlərdən sonra türk ordusunun 15-ci diviziya qərargahı, 56-cı və 106-cı piyada alayları (1200 əsgər) əlavə qüvvə kimi Bakıya göndərildi. Bakının azad edilməsi uğrunda gərgin döyüşlər başladı”, - deyə deputat qeyd edib.

Səbinə Xasayeva bildirib ki, sentyabrın 14-dən 15-nə keçən gecə Qafqaz İslam Ordusu sürətli hücumla Bakıya daxil oldu. Bakı azad edildi. Sentyabrın 15-i Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa Gəncədə yerləşən Azərbaycan hökumətinə teleqram göndərdi: "Allahın köməyilə Bakı şəhəri 15 sentyabr, saat 9-un başlanğıcında bizim qoşunlar tərəfindən alındı".

“Azərbaycanın istiqlalı uğrunda canından keçən Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin şərəfinə Şəhidlər xiyabanında abidə ucaldılıb. Xalqımız onları ehtiramla xatırlayır və xatirəsini daim əziz tutur.