Xocalı uşaqları ilə yazıçı Gülzar İbrahimovanın görüşü

“Kiçik Dünya” Uşaqların Maarifləndirilməsinə Kömək İctimai Birliyinin layihəsi çərçivəsində “İşğaldan azad olunmuş Füzuli, Laçın və Xocalıda uşaqlarla görüş”lərin təşkili həyata keçirildi.

Görüşlərin keçirilməsində əsas məqsəd uşaqların yay tətili zamanı vaxtlarının maraqlı, səmərəli keçirilməsi, maarifləndirilməsi, zehni bacarıqlarının inkişafı və dünyagörüşünün artırılması, həmçinin həssas bölgələrdəki uşaqların diqqətdən kənarda qalmaması idi.

Layihənin rəhbəri “Kiçik Dünya” Uşaqların Maarifləndirilməsinə Kömək İctimai Birliyinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB Prezident təqaüdçüsü, Jurnalistlər Birliyinin və Mətbuat Şurasının üzvü, H.Zərdabi mükafatçısı, uşaqların sevimli yazıçısı Gülzar İbrahimova idi.

“İşğaldan azad olmuş Füzuli, Laçın və Xocalıda uşaqlarla görüşlərin təşkili” layihəsinə əsasən uşaq yazıçısı Gülzar İbrahimova ilə oxucuların görüşü təşkil olundu, yazıçının kitabları uşaqlara və kitabxanalara hədiyyə olundu.

Xocalı rayon Mədəniyyət Evində xocalılı uşaqlarla görüş “Kiçik Dünya” Uşaqların Maarifləndirilməsinə Kömək İctimai Birliyinin layihəsinə əsasən və Azərbaycan Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə və Qarabağ Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə baş tutdu.

Tədbirdə Xocalı Mədəniyyət Evinin işçiləri, qəsəbə klubunun, kitabxananın əməkdaşları, valideynlər, müəllimlər, 4 №-li nömrəli Xocalı şəhər və Ağcakənd tam orta məktəblərinin şagirdləri, 1 №-li uşaq bağçasının uşaqları iştirak etdilər.

Tədbiri qəsəbə klubunun müdiri Zahid Məsimov açaraq sevimli qonağı – Gülzar İbrahimovanı salamladı və xocalılı balalarla yazıçının görüşünün keçirilməsi təşəbbüsünü alqışladı. O qeyd etdi ki, belə layihələrin həyata keçirilməsi vacibdir, çünki balalarımızın maarifləndirilməsi əsas vəzifələrimizdən biridir.

Tədbirin aparıcıları Diliş və Fidan Şahverdiyevalar kompozisiya şəklində çıxışlar edərək tanınmış yazıçı Gülzar İbrahimovanın həyat və yaradıcılığı haqqında iştirakçılara məlumat verdilər.

Qəsəbə klubunun mədəni təşkilatçısı Könül Məmmədova çıxış edərək yazıçı Gülzar İbrahimovaya maraqlı əsərlərə görə minnətdarlıq etdi.

1№-li uşaq bağçasının uşaqları Gülzar İbrahimovanın sözlərinə yazılmış “Gizlənpaç” mahnısına maraqlı kompozisiyada rəqs etdilər. Şagirdlərdən Aylin Quluzadə müəllifin sözlərinə yazılmış “Dünya, sən çox gözəlsən” mahnısını, Ayan Məmmədova “Ana dilim” mahnısını ifa etdilər. Yazıçı onlara “Kiçik Dünya” Uşaqların Maarifləndirilməsinə Kömək İctimai Birliyinin Diplomlarını və kitablarını hədiyyə etdi.

Tədbir zamanı öyrədici, əyləncəli müsabiqələr və krossvord uşaqların marağına səbəb oldu. Yuxarı sinif şagirdləri “Qədim Azərbaycan” və “Vətənimizin gözəllikləri” krossvordunun qalibləri olaraq, “Qızıl açar” diplomu və hədiyyələr qazandılar. Kiçikyaşlı oxucular isə “Gizlənpaç” oyununda gizlənən uşaqları tez taparaq hədiyyə qazandılar.

Görüşdə Gülzar İbrahimovanın şeirləri və onun şeirlərinə bəstələnmiş mahnılar səsləndirildi, nağıllarından səhnəciklər göstərildi.

Yazıçı görüş iştirakçılarına yaradıcılığındakı yeniliklərdən danışdı. “Sehrli Dünya” YouTube nağıllar kanalına 97 min abunəçi olduğunu böyük sevinclə oxucuları ilə bölüşdü.

Xocalı rayon Mədəniyyət Evinin bədii rəhbəri Təranə Qasımova çıxış edərək, göstərdiyi dəstəyə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, təşkilatçılığa görə Azərbaycan Mədəniyyət Nazirliyinə və gözəl əsərlərə görə Gülzar İbrahimovaya minnətdarlığını bildirdi.

Yazıçı Xocalı Mədəniyyət Evinin işgüzar kollektivinə təşəkkür etdi.