Yasamal rayonunda Novruz şənliyi keçirilib

Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Hüseyn Cavid parkında minlərlə rayon sakininin iştirakı ilə Novruz bayramı təntənəli şəkildə qeyd edilib. Novruz şənliyinə qatılan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov yerli sakinləri təbrik edərək onlarla bayramlaşdı. Bayram şənliyində həmçinin Milli Məclisin deputatları, ali məktəb rektorları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, yerli idarə və təşkilat təmsilçiləri, Yasamal bələdiyyəsinin və rayon ictimaiyyətinin nümayəndələri fəal iştirak etdilər.

Bayram şənliyində bildirildi ki, xalqımızın gözəl adət-ənənələrini özündə yaşadan bu bayram ənənəvi olaraq xüsusi təmtəraqla, özünəməxsus adət-ənənələrlə qeyd edilir. Novruz bayramının dövlət tərəfindən yüksək səviyyədə qeyd olunması ənənəsi isə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün bu gözəl ənənə prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Şən və yaddaqalan bədii proqram ilə çıxış edən incəsənət ustaları şəhərimizin ən gözəl istirahət məkanlarından olan Hüseyn Cavid parkını bayram ovqatı ilə bəzəmişdi. Konsertdə bir çox məşhur incəsənət ustaları tamaşaçılara bir-birindən maraqlı ifalar təqdim etdilər. Bayram şənliyi Yasamal rayonunun sakinləri tərəfindən böyük məmnunluqla qarşılandı.