"Yatırılan vəsaitin geri qayıtması layihənin kifayət qədər uğurlu olacağından xəbər verir"

Son zamanlar ölkəmizin elektrik enerjisi ixracının artırması ilə bağlı həyata keçirilən layihələr Azərbaycanın enerji ixracında gələcək perspektivlərə sürətlə hazırlaşmasından xəbər verir.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

"Enerji ötürücü infrastruktura investisiyalar, partnyor ölkələrin sayının durmadan artması, Azərbaycanın praqmatik siyasətinə etibarın artması, dövlət başçısının geniş və uğurlu iqtisadi siyasəti Azərbaycan elektrik enerjisi istehsalı və ixracından böyük gəlirlər əldə etməsinə imkan verəcək", - T. Mirkişili bildirib.

Onun sözlərinə görə, enerji müstəqilliyi milli təhlükəsizliyin mühüm tərkib hissəsidir: "Ulu Öndər Heydər Əliyevin səyi və rəhbərliyi ilə Mingəçevirdə 1981-ci ildə istismara verilən “Azərbaycan İstilik Elektrik Stansiyası” o zaman və bu gün üçün də regionun ən böyük elektrik stansiyasıdır. Bu stansiya 1981-ci ildən başlayaraq bu günə qədər ölkəmizin elektrik enerjisi təhcizatında mühüm yerə və rola malikdir. Təsadüfi deyil ki, Vətən Müharibəsi dövründə Ermənistanın hədəf aldığı əsas infrastruktur obyektlərimizdən biri də məhz bu stansiya idi".

T. Mirkişili qeyd edib ki, Mingəçevirdə güclü elektroenergetika infrastrukturu yaradılıb: "2018-ci ildə baş verən qəzadan sonra Prezident İlham Əliyevin tapşırığı ilə stansiyada əsaslı yendənqurma işləri aparılıb. 2022-ci ildə ölkəmizdə istehsal olunan 29 milyard kVt/saat elektrik enerjisinin 93 %-i istilik elektrik stansiyalarında istehsal edilib. Ötən il 3 milyard kVt/saat enerji ixrac edilib".

Komitə sədri bildirib ki, bu gün məhz Heydər Əliyev ilində Mingəçevirdə gücü 1280 mVt olan yeni istilik elektrik stansiyasının təməlinin qoyulması vaxtilə Ulu Öndər tərəfindən başladılan yolun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi deməkdir: "Eyni zamanda, bu stansiyada tətbiq olunacaq texnologiya az qaz həcmi ilə yüksək iş məhsuldarlığı əldə etməyə imkan yaradacaq. İnvestisiya planına görə bir neçə il ərzində yatırılan vəsaitin geri qayıtması layihənin kifayət qədər uğurlu olacağından xəbər verir".