Yazıçı-publisist, şair Gülarə Munisin “Yaddaşlarda qalan müəllim” kitabının təqdimatı keçirildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Yasamal rayon Heydər Əliyev Mərkəzində yazıçı-publisist, şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Gülarə Munisin “Yaddaşlarda qalan müəllim” kitabının təqdimatını keçirdi.
Tədbirin əvvəlində Qarabağ uğrunda canlarından keçən şəhidlərimizin, Ulu Öndər Heydər Əliyevin və istedadlı müəllim, qayğıkeş pedaqoq Adil Kərimovun xatirələri bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova yeni kitabın Şərqdə ilk divan yazan qadın, yazıçı Gülarə Munisin sayca 31-ci kitabı olduğunu bildirdi. O, qeyd etdi ki, kitab istedadlı müəllim, əməksevər insan, çox gənc yaşında el ağsaqqalı adını qazanmış Adil Əmirastan oğlu Kərimovun əziz xatirəsinə həsr olunub. Adil müəllimin gözəl xüsusiyyətlərindən biri onun vətənpərvərliyi idi. O, Azərbaycana, doğma yurduna, torpağına vurğun idi. Müəllimlik peşəsi onun üçün müqəddəs idi. O, peşəsinin vurğunu idi, şagirdlərini çox sevirdi. Kitabı oxuyarkən oxucu hiss edir ki, müəllif qəhrəmanını çox sevir. Kitabda A.Kərimovun həyat və müəllimlik fəaliyyəti haqqında maraqlı məlumatlar, onu tanıyanların və keçmiş şagirdlərinin xatirə yazıları verilib.
Kitabın müəllifi, yazıçı-publisist, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Gülarə Munis çıxışında tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi və qeyd etdi ki, bu kitab həyatdan nakam köçmüş, peşəsini sevən müəllim haqqında yazılıb. Gülarə Munis bildirdi ki, mən bu kitabı yazdığım zaman nümunəvi bir ailə şəcərəsi gördüm. Bu kitabı yazdıqca tez-tez gözlərim yaşla dolurdu.

“Adil müəllimin nakam həyatı məni çox kədərləndirdi. Onun qohumları, doğmaları ilə söhbət edərkən, gözlərində kədər gördüm. Onun keçmiş şagirdləri mənə maraqlı xatirələr söylədilər. Kaş ki, həyatda belə müəllimlərimiz çox olardı”, – deyə Gülarə Munis çıxışını bitirdi.

Adil Kərimovun keçmiş şagirdləri Abdulla İmaməliyev və Səfər Qarayev bildirdilər ki, Adil müəllim fizika-riyaziyyat elmi üzrə böyük filosof idi, öz fənnini mükəmməl bilirdi, fizikanı şagirdlərə sevdirməyə bacarırdı. Onlar A.Kərimovu çox istedadlı müəllim və pedaqoq, vətənpərvər insan kimi xarakterizə  edərək, onu ehtiramla yad etdilər.
Müəllimin keçmiş şagirdi, professor Aslan Bayramov çıxışında qeyd etdi ki, Adil müəllimin istedadı anadangəlmə idi. O, məktəbdə böyük laboratoriya yaratmışdı və şagirdlərinə dərsi burada əyani vasitələrlə daha maraqlı izah edirdi. 

Tanınmış uşaq yazıçısı, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Gülzar İbrahimova gənclərimizə bildirdi ki, Adil müəllim kimi ləyaqətli, nümunəvi ömür sürmək lazımdır. 

Adil Kərimovun keçmiş şagirdi, ADPU-nun dosenti, kimya üzrə fəlsəfə doktoru İsa Cəfərov Adil müəlliminin əsl insan və  ziyalı olduğunu vurğuladı. Bildirdi ki, Adil müəllim savadı ilə xalqın yoluna işıq saçırdı. İ.Cəfərov söylədi: “Adil müəllimin keçdiyi dərsi biz elə sinifdə öyrənirdik. O, dərsi əyani vasitələrlə başa salırdı”.

M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, şair-publisist, “Vedibasar” qəzetinin baş redaktoru, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin ideoloji məsələlər üzrə müşaviri Nəsibə İsrafilqızı çıxışında bildirdi ki, mən yaxşı müəllimlərin qarşısında baş əyirəm. Nəsibə xanım çıxışını yazdığı  şeirlə bitirdi.
“Bütöv Azərbaycan” qəzetinin  təsisçisi və baş redaktoru, Hərbi Jurnalistlər Birliyi İdarə Heyətinin sədri Tamxil Zirəddinoğlu bu tədbirə bayram ovqatı ilə gəldiyini bildirdi. O, dedi: “Kitabın naşiri Misir müəllim hər zaman şəhid övladlarına kömək edir, əl tutur”. O, müəllim haqqında gözəl şeir söylədi.

Adil Kərimovun keçmiş şagirdi Əyyub Azadəliyev müəllimi ilə bağlı bir-birindən gözəl xatirlər söylədi.

Kurud İcmasının sədri Səxavət Hacıyev Kurud kəndindən çox savadlı müəllimlər çıxdığını bildirdi. O qeyd etdi ki, kəndin bütün sakinləri Adil müəllimi ehtiramla yad edirlər.
Mənsumə xanım Adil müəllimin sevimli şagirdlərindən biri olduğunu qeyd edərək, sevimli müəllimi haqqında gözəl xatirələr söylədi.
Qohumları Yusif Abbasov və Təmraz Məmişov kitabın araya-ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərini  bildirdilər, A.Kərimov haqqında maraqlı faktlar söylədilər.

A.Kərimovun qardaşı Vasif Kərimov kitabın müəllifinə, tədbir iştirakçılarına minnətdarlığını bildirdi.

Kitabın naşir Misir Aslanov dedi ki, mən bu kitabı tək yaza bilməzdim. O, kitabın ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə dərin minnətdarlığını bildirdi.
Tədbirin bədii hissəsində M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucuları, mügənni, Əməkdar artist Rəhilə Bəndəliyeva və muğam ustası, xanəndə, Respublika və Beynəlxalq müsabiqələr laureatı Maya Cəbrayılova gözəl ifaları tədbirə rəng qatdılar. Onları İ.Əbilov adına Mədəniyyət Mərkəzinin tar ifaçısı Tunar Behbudlu və kamança ifaçısı Orxan Hüseynov müşayiət etdilər.

 “Mehriban” Mahnı və Rəqs Kollektivinin (bədii rəhbər Respublika və Beynəlxalq müsabiqələr laureatı, bəstəkar Esmiralda Hüseynova) üzvləri Nərmin Babazadə, Məryəm Bəbirli və Nihad Həsənov “Mən fəxr edirəm ki, azərbaycanlıyam” və “Azərbaycan” mahnılarını ifa etdilər. 

Tədbir iştirakçılarına və qonaqlara, habelə Yasamal rayon MKS-nə Gülarə Munisin “Yaddaşlarda qalan müəllim” kitabı hədiyyə olundu.

Kitabın təqdimatında müəllimlər, şair və yazıçılar, ziyalılar, geniş ictimayyət nümayəndələri, A.Kərimovun qohumları və ailə üzvləri iştirak etdilər.

Tədbir iştirakçılarına Adil Kərimovun həyat və müəllimliyi haqqında videoçarx nümayiş edildi. Videoçarx Mərkəzi  Kitabxananın YouTube kanalında yerləşdirilib: