Yeni Azərbaycan Partiyası: Tarixi zərurətdən siyasi reallığa

Asif Əsgərov

Milli Məclisin deputatı

Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müasir tarixində dönüş nöqtəsi kimi dəyərləndirilir. 1990-cı illərin əvvəllərində ölkədə ictimai-siyasi böhran, sosial kataklizmlər və iqtisadi tənəzzül hökm sürürdü. Belə bir mürəkkəb şəraitdə tanınmış ziyalıların təşəbbüsü ilə ölkəni böhrandan çıxara biləcək qüdrətli siyasi platformanın formalaşdırılması zərurətə çevrilmişdi. Onlar bu tarixi missiyanı yalnız böyük dövlətçilik təcrübəsinə malik olan Ulu Öndər Heydər Əliyevin reallaşdıra biləcəyinə inanırdılar. Məhz bu inamın nəticəsi olaraq yeni bir siyasi təşkilatın təsis edilməsi istiqamətində ilk addımlar atıldı.

O dönəmdə məşhur “91-lər”in Ümummilli Lider Heydər Əliyevə müraciəti bütöv bir xalqın arzu və istəklərini ifadə edən bir çağırış idi. Bu amil həm də ölkəmizin gələcək inkişaf yolunun müəyyənləşməsində həlledici rol oynadı. Ulu Öndərin “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması obyektiv zərurətdən doğur” fikri həmin dövrün reallıqlarını əks etdirirdi.

21 noyabr 1992-ci il tarixində Azərbaycanın bütün bölgələrindən gəlmiş 550 nümayəndənin iştirakı ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfransda YAP-ın yaradılması barədə tarixi qərar qəbul edildi, partiyanın Proqramı və Nizamnaməsi təsdiq olundu. Həmçinin, Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Demokratik siyasi sistemin formalaşması, cəmiyyətin təşkilatlanması və dövlətçilik prosesinin möhkəmləndirilməsi üçün milli maraqlara söykənən siyasi qüvvə mühüm önəm kəsb edir. Məhz bu tarixi zərurətdən irəli gələrək meydana çıxan YAP müstəqil dövlətin qurulması prosesində aparıcı rol oynayan siyasi təşkilata çevrildi.

Yeni Azərbaycan Partiyası ictimai-siyasi proseslərə fəal şəkildə təsir göstərdi, demokratiyanın, siyasi mədəniyyətin və idarəçilik ənənələrinin formalaşmasında mühüm rol oynayaraq qısa müddətdə ölkənin ən nüfuzlu təşkilatına çevrildi. Geniş xalq kütlələrinin dəstəyini qazanaraq ümumxalq partiyasına çevrilən YAP ölkənin siyasi xəritəsində dövlətçilik ideologiyasının daşıyıcısı, xalqın maraqlarının ifadəçisi kimi möhkəmlənmişdir. Hər zaman cəmiyyətin siyasi sabitliyi, milli birlik və həmrəylik partiyanın fəaliyyətinin əsas prinsiplərini təşkil etmişdir.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə hökm sürən siyasi xaos və idarəçilik böhranı aradan qaldırılmış, vahid dövlətçilik ideyası cəmiyyətin inkişafının əsas istiqamətinə çevrilmişdir. Ümummilli Lider dövlət quruculuğu prosesini ardıcıl və sistemli şəkildə həyata keçirərək yeni Konstitusiyanın qəbulu, hüquqi bazanın formalaşdırılması, səmərəli idarəetmə mexanizmlərinin yaradılması və ölkənin beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi istiqamətində fundamental addımlar atmışdır. Bu dövrdə sosial-iqtisadi islahatların həyata keçirilməsi ölkənin uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirmiş, sabitlik, təhlükəsizlik və dayanıqlılıq prinsipləri əsasında yeni dövlət idarəçiliyi modelinin formalaşmasına imkan yaratmışdır. Ümummilli Liderin reallaşdırdığı genişmiqyaslı fəaliyyət müstəqilliyi qoruyub gücləndirməklə yanaşı, gələcək uğurlar üçün möhkəm və etibarlı təməl yaratmışdır.

2005-ci il martın 26-da keçirilmiş Yeni Azərbaycan Partiyasının III qurultayında Prezident İlham Əliyevin partiyanın yeni Sədri seçilməsi tarixi əhəmiyyət kəsb edir. Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyev yolunu uğurla davam etdirərək, partiyanın siyasi xəttinin möhkəmlənməsinə və ölkədə davamlı sabitliyin təmin olunmasına töhfə vermişdir. Ötən dövr ərzində partiyanın strukturu daha da təkmilləşdirilmiş, kadr siyasəti yenilənmiş və YAP dövlətin inkişaf strategiyasının əsas siyasi dayağı kimi səmərəli şəkildə fəaliyyət göstərmişdir. Partiyanın rəhbərliyi Vətənə sədaqət, milli mənəvi dəyərlərə hörmət və ümummilli maraqlara xidmət prinsipləri ilə fəaliyyət göstərir. YAP-ın əsas dəyərləri olan peşəkarlıq, siyasi məsuliyyət, etik davranış, innovativlik və vətəndaş fəallığı partiyanın müasir tələblərə uyğun fəaliyyətini təmin edir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər dövlətimizin qüdrətini, milli iradənin sarsılmazlığını və ordumuzun peşəkarlığını dünyaya bir daha nümayiş etdirdi. Bu şanlı qələbə həm də gənc nəslin fədakarlıq və şücaətinin vəhdətinin parlaq nəticəsi kimi yaddaşlara həkk olundu. Müstəqillik illərində yetişən, yüksək vətənpərvərlik ruhuna sahib gənclərimiz döyüş meydanında misilsiz qəhrəmanlıq göstərərək xalqımızın qürur mənbəyinə çevrildilər.

5 mart 2021-ci il tarixində keçirilmiş VII qurultay Yeni Azərbaycan Partiyasının tarixində mühüm mərhələ oldu. Qurultayda partiyanın yeni Proqramı və Nizamnaməsi qəbul edildi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın YAP Sədrinin birinci müavini təyin olunması isə həm partiyanın, həm də ölkənin ictimai-siyasi həyatında yeni dinamika yaratdı. YAP-ın yeni Proqramı müasir dövrün çağırışlarına və qlobal tendensiyalara uyğun olaraq hazırlanmışdır. Proqram partiyanın əsas dəyərlərini, perspektiv hədəflərini və siyasi fəaliyyət mexanizmlərini əhatə edir. Heydər Əliyev yolu, dövlətçilik, müstəqillik, qanunun aliliyi, demokratik ənənələr, sosial ədalət kimi strateji istiqamətlər partiyanın gələcək fəaliyyətinin ideoloji təməlini təşkil edir. Bununla yanaşı, partiyanın müəyyən etdiyi strateji hədəflər ölkənin sosial, siyasi, iqtisadi və mədəni sahələrində geniş islahatlar üçün yol xəritəsi rolunu oynayır.

2023-cü ilin sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirildiyi lokal xarakterli antiterror tədbirləri dövlətimizin müdafiə və təhlükəsizlik sahəsində çevikliyini göstərib, ölkəmizin suverenliyi və ərazi bütövlüyü təmin edilib. Bu əməliyyat Azərbaycanın proaktiv təhlükəsizlik siyasətinin uğurla həyata keçirildiyini və ordumuzun yüksək döyüş hazırlığını bir daha nümayiş etdirib.

Tarixi zəfərlərdən sonra keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərinin nəticələri xalqın Yeni Azərbaycan Partiyasına olan güclü dəstəyinin göstəricisidir. 2024-cü ildə keçirilmiş prezident seçkilərində partiyanın namizədi cənab İlham Əliyevin qələbəsi cəmiyyətin YAP-ın siyasi kursuna olan dəstəyinin və inamının təzahürü oldu. Milli Məclisə seçkilərdə qazanılmış üstünlük, bələdiyyə seçkilərində əldə edilmiş parlaq nəticələr isə bu partiyanın ölkənin siyasi sistemində aparıcı mövqeyə malik olduğunu bir daha təsdiqlədi.

Yeni Azərbaycan Partiyası yaranmasından ötən dövr ərzində Azərbaycanın ictimai-siyasi həyatında həlledici rol oynamış, dövlətçilik ənənələrinin möhkəmlənməsinə mühüm töhfə vermişdir. YAP bu gün də ölkənin inkişaf strategiyasının əsas aparıcı qüvvəsi olaraq fəaliyyət göstərir və müasir dövrün çağırışlarına uyğun şəkildə öz siyasi xəttini inkişaf etdirir. Tarixi missiyanın davamı olan bu fəaliyyət Azərbaycanın gələcəyinin daha da parlaq olacağına inam yaradır.