Yeni əsrin yeni lideri

2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə Azərbaycan xalqı müasir dövlətimizin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyev siyasətinin ardıcıl davamçısı cənab İlham Əliyevi dəstəkləyərək, böyük ruh yüksəkliyi ilə onu Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu tarixi addım əyani formada göstərdi ki, Heydər Əliyevin siyasi kursuna alternativ yoxdur və Umummilli Liderin inkişaf strategiyası böyük uğurla davam etdiriləcək.

Yeni dövrün müasir lideri obrazını xarakterizə edən xüsusiyyətləri özündə cəmləşdirən Dövlət Başçısı Azərbaycanın siyasi, iqtisadi imkanlarını genişləndirərək və ölkəmizin beynəlxalq arenadakı mövqelərini möhkəmləndirib, 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzün bərpa edilməsinə nail oldu.

2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən sistemli tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər artıq tarixə qovuşan Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi.

Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirmiş və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına etibarlı zəmin yaratmışdır.

Prezident İlham Əliyevin rəhbərliyi altında qəhrəman Ordumuz mənfur düşməni torpaqlarımızdan qovaraq, beynəlxalq hüququ öz gücünə bərpa etdi və dövlət suverenliyinin sarsılmazlığını bütün dünyaya bəyan etdi. Bu tarixi hadisə Müzəffər Ali Baş Komandanın mükəmməl hərbi-siyasi stategiyasının döyüş meydanında parlaq formada həyata keçirilməsinin möhtəşəm təsdiqi oldu. Böyük Zəfərin məntiqi nəticəsi olaraq, müasir şəraitdə yaşadığımız regionda gerçəkləşdirilən bütün irimiqyaslı layihələr ölkəmizin birbaşa iştirakı və milli maraqlarının qorunması prinsipinə riayət olunmaqla həyata keçirilir. Cənubi Qafqaz regionunda formalaşan yeni siyasi, iqtisadi və hüquqi reallıqlar əyani surətdə nümayiş etdirir ki, Azərbaycan beynəlxalq münasibətlər müstəvisində güclü aktora çevrilib. Bütün bunlar Dövlət Başçısının rəhbərliyi altında həyata keçirilən praqmatik xarici siyasət strategiyasının məntiqi nəticəsidir.

Nizami Səfərov, Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü