Yeni geosiyasi düzənə təsir edən strateji hadisə

Prezident İlham Əliyevin ABŞ-a səfəri və bu səfər çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə nəzərdə tutulan yüksək səviyyəli görüş yalnız iki ölkə arasında ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyması deyil, eyni zamanda Cənubi Qafqaz regionunda formalaşmaqda olan yeni geosiyasi düzənə birbaşa təsir edə biləcək strateji hadisə kimi qiymətləndirilməlidir. Bu səfər Azərbaycanın çoxqütblü və balanslaşdırılmış xarici siyasətinin daha bir parlaq təzahürüdür.

Azərbaycan ilə ABŞ arasında diplomatik münasibətlər müxtəlif dövrlərdə fərqli dinamika nümayiş etdirsə də, tərəflər enerji təhlükəsizliyi, beynəlxalq terrorizmlə mübarizə və regional sabitlik kimi mühüm istiqamətlərdə əməkdaşlıq edərək strateji tərəfdaşlığa doğru ardıcıl addımlar atıblar. Prezident İlham Əliyevin bu səfəri İkinci Qarabağ müharibəsindən sonrakı dövrə təsadüf edir ki, bu da Azərbaycanın artıq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, regionda yeni reallıqlar formalaşdırmış güclü aktor statusu ilə dialoqa daxil olduğunu göstərir. Vaşinqton üçün bu vəziyyət Azərbaycanla yalnız iqtisadi və enerji sahələrində deyil, həm də regional təhlükəsizlik və sabitlik məsələlərində daha fəal, bərabərhüquqlu əməkdaşlığın qurulması baxımından strateji əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin ABŞ-a səfəri həm də Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması məsələsində Azərbaycanın açar aktor mövqeyini daha da gücləndirəcək. 

2020-ci ildən sonra formalaşmış yeni reallıqlar Ermənistanla sülh prosesinin Azərbaycanın irəli sürdüyü şərtlər çərçivəsində inkişafını qaçılmaz edib. Vaşinqtonun bu prosesdə vasitəçi kimi iştirak etmək niyyətləri yeni olmasa da, bu dəfə danışıqlar masasına öz ərazi bütövlüyünə tam nəzarət edən, suverenlik hüququnu bərpa etmiş güclü tərəf kimi əyləşən Azərbaycan var. ABŞ-Azərbaycan münasibətləri kontekstində bu sülh təşəbbüslərinə veriləcək siyasi dəstək eyni zamanda, Ermənistan daxilindəki revanşist dairələrə açıq mesaj xarakteri daşıyacaq.

ABŞ səfəri həm də bu balanslaşdırılmış siyasətin Vaşinqton vektoru üzrə gücləndirilməsi baxımından mühüm addımdır. Bu baxımdan Azərbaycanın qlobal güclər arasında milli maraqlara əsaslanan balanslaşdırılmış siyasəti ölkəmizə beynəlxalq münasibətlər sistemində özünəməxsus mövqe qazandırıb və bu siyasət sübut edir ki, Azərbaycan heç bir güc mərkəzinin təsir dairəsində olmayan, strateji yolunu müstəqil müəyyənləşdirən suveren dövlətdir.

Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona həyata keçirdiyi işgüzar səfəri Azərbaycan-ABŞ münasibətlərində mövcud olan müsbət dinamikanın davamlı xarakter daşıdığını bir daha təsdiqləyir. Bu səfər eyni zamanda iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşməsinə və yeni əməkdaşlıq arxitekturasının formalaşmasına mühüm töhfə verəcək.

 

Hörmətlə,

Rəşad Mahmudov 

YAP İdarə Heyətinin üzvü,

Millət vəkili