Yeni və müstəqil Azərbaycan naminə: 30 illik şərəfli inkişaf yoluna bir baxış

“Biz gələn il, partiyamızın 30 illik yubileyini keçirəcəyik. Hesab edirəm ki, partiya yeniləşmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir. Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın.” Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin partiyanın ötən il tarixi Zəfərimizin reallıqları əsasında keçirilən VII qurultayında səsləndirdiyi bu fikirlər 30 illik yolun aydın mənzərəsini təqdim etməklə yanaşı, gələcəklə bağlı bir çağırış, hədəf oldu. Ölkə Prezidenti, eyni zamanda, İdarə Heyətinə bu tapşırığı verdi ki, 3 ay ərzində partiyanın yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva edən yeni Proqramı hazırlansın və təqdim edilsin. YAP İdarə Heyətinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə “Biz birlikdə güclüyük!” çağırışı ilə yeni Proqram təsdiqləndi. YAP-ın yeni Proqramında partiyanın inkişaf tarixinə və uğurlarına nəzər salınır, onun ulu öndər Heydər Əliyev yoluna və irsinə sadiqliyi, qarşısına qoyduğu məqsəd və vəzifələri böyük məsuliyyətlə, layiqincə yerinə yetirdiyi vurğulanır.Təbii ki, partiyaya milyonların sevgisini qazandıran da məhz sözlə əməl birliyi, monolitliyi, dövlətə, xalqa xidmət nümunəsini nümayiş etdirməsidir. Yeni Azərbaycan Partiyası xalqın istəyi, zamanın tələbi ilə 1992-ci il 21 noyabr tarixində təsis olunanda o dövrün reallıqlarına uyğun olaraq təsdiqlənən proqramın əsas çağırışı “Yeni müstəqil Azərbaycan uğrunda!” idi. Bu çağırış ulu öndər Heydər Əliyevin “91-lər”in “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətinə cavabıdır. YAP VII qurultaya qədər fəaliyyətini bu Proqram əsasında qurdu, bütün vəzifələrin icrasına lazımı səviyyədə nail oldu. Partiyanın Proqramında müstəqillik, dövlətçilik, azərbaycançılıq, varislik, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət kimi ideoloji prinsiplər müəyyən edilmişdi. Proqramda hüquqi, demokratik, dünyəvi dövlətin və vətəndaş cəmiyyətinin, bazar iqtisadiyyatının inkişafı, milli-mənəvi dəyərlərin qorunması və Azərbaycanın dünya birliyində özünə layiqli yer tutmasına dair məqsədlər öz əksini tapmışdı. YAP 30 ildə bu vəzifələrin uğurlu icrasına nail oldu.

Hər iki Proqramın özündə ehtiva etdiyi dövrlərin təhlili fonunda Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yola nəzər salaq. 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda təsis konfransını keçirən Yeni Azərbaycan Partiyasının bu gün sıralarında 800 minə yaxın üzvün birləşməsi hər zaman qeyd edildiyi kimi, sadəcə bir statistika deyil. Bu, ulu öndər Heydər Əliyevin dünənimizin, bugünümüzün və gələcəyimizin əsası kimi dəyərləndirilən ideyalarına sədaqətin, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın və dəstəyin ifadəsidir. Eyni zamanda, partiyanın yarandığı gündən tutduğu yola sadiqliyinin nəticəsidir. YAP müxalifət partiyası kimi yaransa da heç zaman dövlətə, dövlətçiliyə qarşı müxalifətdə olmadı. Yarandığı gündən fəaliyyətinin əsas prinsipi “Güclü dövlət, yüksək rifah” oldu. Adı ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir partiya təbii ki, dövlətə, xalqa xidmət edərək Onun şah əsəri olan müasir müstəqil Azərbaycanın daha da inkişafına, qüdrətlənməsinə öz töhfələrini verəcək. Ümummilli Lider partiyaya inamını belə ifadə etmişdir: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.”Bu günümüzün reallıqları ulu öndər Heydər Əliyevin ziyalıların müraciətinə cavabında əksini tapan arzu və istəklərinin təsdiqidir.

Ümummilli Lider xalqın böyük əksəriyyətinin istəyini ifadə edən “91-lər”in “Yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz. Yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrindən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi-iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərinə öz layiqli töhfəsini verə bilər… Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o, uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar” kimi böyük inamı özündə əks etdirən fikirlərlə zəngin “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətinə “Yeni, müstəqil Azərbaycan uğrunda” cavabında bildirmişdir ki, “Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram.” Həmin cavabda Azərbaycanın müstəqilliyi tarixi nailiyyətimiz kimi dəyərləndirilərək bu günü və gələcəyi üçün görüləcək işlərin xronologiyası təqdim edilmişdir.

Dünya şöhrətli dahi şəxsiyyətin Yeni Azərbaycan Partiyasının dünəni, bu günü və gələcəyi ilə bağlı inamı partiyanın qət etdiyi 30 illik yolun bələdçisinə çevrildi. YAP dünya təcrübəsində bənzəri olmayan bu mühüm uğura da imza atdı ki, yaranmasından 7 ay sonra iqtidar partiyası kimi fəaliyyətini davam etdirir, 30 illik tarixini qələbələr və uğurlarla zənginləşdirərək bu gün dünyaya səs salan tarixi Zəfərimizdə töhfələrinin olmasından qürur hissi keçirir.

Ölkəmizin həyatında mühüm rol oynayan seçkilərə yeni şüarlarla qatılan, arxada qalan dövrün uğurlarına söykənərək hədəflərini açıqlayan YAP-ın hər zaman qarşısına qoyduğu əsas vəzifə artıq tarixə qovuşan Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin təbliğinə, Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə, ərazi bütövlüyümüzün bərpa olunmasına öz töhfələrini vermək olub. Bu hədəfi açıqlamaqla bərabər, belə bir inam da ifadə edilirdi ki, dövlətimizin qətiyyəti, Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi, münaqişənin həlli üçün möhkəm hüquqi bazanın yaradılması sayəsində tezliklə problem həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, bu əzəli torpaqlarımızda yeni həyat başlayacaq.

Bu gün Yeni Azərbaycan Partiyası 30 illik yubileyini məhz Zəfər ruhunda, işğaldan azad edilmiş ərazilərimizdə qalibiyyətimizin rəmzi olan üçrəngli bayrağımızın dalğalandığı, genişmiqyaslı bərpa-quruculuq işlərinin vüsət aldığı, Qarabağın və Şərqi Zəngəzurun cənnət məkana çevrildiyi bir zamanda qeyd edir. Bu, partiyamızın yaradıcısı, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin əsas amalı idi. Ümummilli Liderin “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik” kimi arzu və istəkləri reallığa çevrildi. Ötən il Şuşada, Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalının qala konsertində ulu öndər Heydər Əliyevin vaxtilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi bu fikirlərin davamı olaraq Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində dediyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözlərini əks etdirən videoçarx təqdim edildi. Cıdır düzündə hamı birlikdə “Qarabağ Azərbaycandır!” söylədi. Dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalı ənənəsi bərpa edildi. Bu gün artıq keçirilən tədbirlərdə tarixi Zəfərimizə gedən yoldan, postmünaqişə dövrünün reallıqlarından, cənab İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in ölkəmizin qarşısında açdığı imkanlardan, bir sözlə, Böyük Qayıdış proqramının uğurlu icrasından bəhs edilir. Hazırda bütün işğaldan azad edilən ərazilərimiz quruculuq meydanını xatırladır. Qarabağın və Şərqi Zəngəzurun hava qapıları dünyaya açıldı. Bu, həm tarixi Zəfərimizin dünyaya təqdimatı, həm də gələcəkdə bu bölgələrin potensialından səmərəli istifadəyə, turizm imkanlarının genişləndirilməsinə yönələn addım oldu. Azərbaycan bu kimi addımları ilə bir daha sübut edir ki, öz torpaqlarımızdayıq və burada əbədi olacağıq.

Ötən il VII qurultayını Zəfər ab-havasında keçirən Yeni Azərbaycan Partiyası yubiley tədbirini də xoş ovqatda qeyd edir, partiyanın 800 minə yaxın üzvünün hər biri qalib Azərbaycanın vətəndaşı olmaqdan, Müzəffər Prezidentin rəhbərlik etdiyi partiyada təmsil olunmaqdan qürurludur. Azərbaycanın bu gününü və gələcəyini düşünərək möhkəm təməl yaradan ulu öndər Heydər Əliyevin siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident cənab İlham Əliyevin hər bir çıxışı, ən yüksək tribunalardan səsləndirdiyi fikirlər, 44 günlük Vətən Müharibəsi, həmçinin postmünaqişə dövründə yerli və xarici mətbuata müsahibələrinin hər biri ölkəmizin dünəninə baxış əsasında bu günümüzün təhlili, müəyyənləşdirilən hədəflərin, bir sözlə, dünyaya nümunə göstərilən inkişaf modelimizin təqdimatıdır. Bu baxımdan Yeni Azərbaycan Partiyasının ötən il tarixi Zəfərimizin reallıqları əsasında keçirilən VII qurultayı həm ölkəmizin, həm də partiyanın keçdiyi inkişaf yolunun təhlili əsasında qarşısında dayanan vəzifələrin açıqlanmasında əhəmiyyətli rol oynadı. Yeni Azərbaycan Partiyasının bundan sonra da ölkəmizdə bütün proseslərin mərkəzində dayanacağına əminliyini ifadə edən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev bu çağırışı etdi ki, 1992-ci ilin noyabr ayı, Yeni Azərbaycan Partiyasının yaradılması gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. 1993-cü ilin oktyabr ayında ulu öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçildi və ölkəmizin böhrandan xilas olaraq inkişaf, tərəqqi dövrü başladı. Müstəqillik tariximiz 1991-ci ilin oktyabrından deyil, məhz Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından başladı. Gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik və kimə borcluyuq. Əgər ulu öndər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət, bir yarım müstəmləkə kimi yaşaya bilərdi. Bu tarixi bilməliyik, bilirik və bundan sonra da fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq. 1993-2003-cü illər ölkəmizin həyatında həlledici illər olub.

2003-cü ildən bugünədək qazanılan uğurlar ulu öndər Heydər Əliyevin siyasətinin təntənəsidir. Ümummilli Lider 2003-cü ildə xalqa tarixi müraciətində bildirmişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Cənab İlham Əliyev 2003-cü il prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildiyi ilk gündən atdığı hər addımında Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirməklə yanaşı, onun görmək istədiyi Azərbaycanı dünyaya təqdim etmək üçün biri-birindən əhəmiyyətli uğurlara imza atır. Dövlət başçısı 2003-cü ildə keçirilən andiçmə mərasimində bildirmişdir: “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik.”

Cənab İlham Əliyevin 19 illik Prezidentlik dövrünün 17 ilində atılan hər addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident cənab İlham Əliyevin siyasətinin şah əsəridir. Məhz Müzəffər Ali Baş Komandanın qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü sayəsində 44 günlük Vətən Müharibəsi Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi. Dövlət başçımızın tarixi Zəfərimizdən dərhal sonra Birinci xanım Mehriban Əliyeva ilə işğaldan azad edilmiş ərazilərimizə səfəri Böyük Qayıdışa doğru atılan addım, tarixi hadisə kimi dəyərləndirildi. Artıq Zəfərimizin ikinci ilini təntənəli şəkildə qeyd etdik. Dövlət başçımız, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Zəfər Günü ilə əlaqədar Şuşada təşkil edilən tədbirdə hərbçilər qarşısında çıxışı zamanı bir daha Zəfərimizi şərtləndirən amillərdən, bu torpaqlarımızda görülən bərpa-quruculuq işlərindən, icra olunan Böyük Qayıdış proqramından geniş bəhs edərək bildirdi ki, biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdik.

Bu gün Yeni Azərbaycan Partiyasının hər bir üzvü sevinclidir. Milli kimliyimizi, qürurumuzu özümüzə qaytaran şanlı Zəfərimiz həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının qarşısında yeni imkanlar açıb. Partiyanın tarixi Qələbəmizin reallıqları əsasında keçirilən VII qurultayında “Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var” söyləyən dövlət başçısı cənab İlham Əliyev, eyni zamanda bildirdi ki, müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir: “Müstəqillik illərində biz bir amalla yaşayırdıq ki, doğma torpağımızı düşmənin əlindən alaq, işğaldan azad edək və ərazi bütövlüyümüzü bərpa edək. Biz buna nail olduq. Beləliklə, bir çox hallarda dediyim kimi, bugünkü qurultayı da bu sözlərlə yekunlaşdırmaq istərdim: “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Yeni Azərbaycan Partiyasının keçdiyi yolun bələdçisi olan 30 ildə qazanılan uğurları bir yazıda əhatə etmək qeyri-mümkündür. Reallıq və qürurverici hal budur ki, 1992-ci ildən “Yeni müstəqil Azərbaycan uğrunda” şüarı ilə yola çıxan Yeni Azərbaycan Partiyası bu gün dövrün, zamanın tələblərinə, ən əsası, tarixi Zəfərimizin yaratdığı reallıqlara söykənərək “Biz birlikdə güclüyük!” deyir.

Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasına güvənir, ona sarsılmaz inam bəsləyir, daim etimad göstərir. Partiyanın VII Qurultayından sonra YAP-a 30 mindən çox yeni üzv qəbul olunması (onlardan 15 mindən artığı gənclərdir) Prezident, partiyamızın Sədri İlham Əliyevin siyasətinə birmənalı dəstəyin ifadəsi, YAP-ın artan nüfuzunun göstəricisidir.

Ölkəmizin, o cümlədən Cənubi Qafqaz regionunun aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının 5 fəsildən ibarət olan yeni Proqramında qarşısında dayanan hədəflər və vəzifələr açıqlanır. Son 19 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident cənab İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti, təkmil islahatları nəticəsində Azərbaycanın əldə etdiyi uğurlar YAP-ın siyasi sistemdə, beynəlxalq partiyalararası münasibətlərdə mövqeyini daha da gücləndirir. YAP hər zaman irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları ilə xalqın rəğbətini qazanır. Partiyanın ölkədə geniş vüsət alan islahatlar prosesinə dəstəyi atdığı hər addımda özünü nümayiş etdirir. 30 ildə zəngin və şərəfli yol keçən Yeni Azərbaycan Partiyası cəmiyyətdə qələbələr, zəfərlər partiyası kimi nüfuz qazanıb. Ölkədə keçirilən hər bir seçki partiyaya xalqın dəstəyinin, sevgisinin təqdimatıdır. Zamanın sınaqlarından şərəflə çıxan Yeni Azərbaycan Partiyası yeni hədəflərə doğru inamla addımlayır. Partiyanın hər bir qurultayında qəbul olunan qərarlar ölkəmizin həyatında yeni mərhələnin əsası olur. Bir mühüm məqamı xüsusi qeyd etməliyik ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dövlət başçısı cənab İlham Əliyevin Sərəncamları əsasında 2017-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti, ötən il partiyanın VII qurultayında Yeni Azərbaycan Partiyası Sədrinin Birinci müavini təyin edilməsi bir daha xalqımızda bu əminliyi yaradıb ki, birgə səylər nəticəsində Azərbaycan, ölkəmizin ictimai-siyasi həyatının aparıcı qüvvəsi olan, milyonların sevgisini qazanan Yeni Azərbaycan Partiyası daim möhtəşəm uğurlara imza atacaq. Qalib Azərbaycan, eyni zamanda, zəfərlərə yol açan, dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası xalqın bütün arzu və istəklərini reallığa çevirir, “Biz birlikdə güclüyük!” çağırışı ilə gələcəyə daha böyük inamla addımlayır. Partiyamızın növbəti yubileylərində Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın tam şəkildə reallaşmasından, bu məkanların potensialından səmərəli istifadə nəticəsində möhtəşəm uğurlarımızdan bəhs edəcəyik. Hər günü tarixinə mühüm hadisə kimi yazan Yeni Azərbaycan Partiyası doğrudan da dünənin, bu günün və gələcəyin partiyasıdır.

Elməddin Quliyev,

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin məsul işçisi