Yuxuda savaş - 13 yaşlı Ayxandan yeni HEKAYƏ

Hər kəsə salam. Bu gün mövzu tapa bilmədiyim üçün qərara gəldim ki, mətn yazım. Mətnimizin mövzusu isə qəza nəticəsində komaya düşən bir uşağın yuxular aləminə daxil olması və başına gələnlərdir.  Elə isə gəlin  başlayaq.
 

Günlərin bir günü Rasim yuxudan ayılanda saatın səkkiz tamam olduğunu görüb tez yerindən dik atıldı. Tələsik əynini geyinib qaça-qaça məktəbə yollandı. Dərsə gecikmişdi. Rasim ildırım sürətilə məktəbin qapısından içəri daxil oldu. Pilləkənləri iki-iki qalxaraq sinfə tərəf yüyürdü.  Bəxtindən  müəllimə hələ  gəlməmişdi. Rasimin ürəyi az da olsa, rahatlamışdı. Bir saniyə dərindən nəfəs aldıqdan sonra kitab-dəftərini stolun üzərinə qoydu. Bu zaman sinfin qapısı açıldı. Müəllimə sinif otağına daxil oldu.

 Bu gün Rasimgilin dörd dərsləri var idi. Dərs başladı. Şagirdlər sakitcə müəllimi dinləyir, verilən sualları əl qaldıraraq cavablayırdılar.
 Saniyələr dəqiqələri dəqiqələr isə saatları təqib edirdi.

Dərslər bitdi. Şagirdlər sevincək halda məktəbdən çıxdılar.  Rasim başına gələcəklərdən xəbərsiz şəkildə evə gedirdi. Bu zaman uzaqdan sürətlə  gələn bir maşın Rasimə vurub dərhal oradan uzaqlaşdı. Rasim müvazinətini saxlaya bilməyib yerə sərildi. Bu zaman ətrafda olan insanlar dərhal Rasimin yanına qaçdılar. Rasim hərəkətsiz halda asfaltın üzərində uzanmışdı. Onu bu halda görənlər dərhal təcili yardım çağırdılar. Rasim tezliklə xəstəxanaya çatdırıldı. Lazımi müayinələr olundu, gərəkli müdaxilələr edildi. 

Bu zaman  Rasim gözlərini açdı, amma xəstəxanada yox,  özünü meşəlik bir yerdə olduğunu gördü. Ətrafında bir-birindən gözəl ağaclar var idi. Daha da qəribəsi yanında üç uşağın olması idi. İki qız, bir oğlan. Hamı ayıldıqdan sonra çaşqın vəziyyətə ətraflarına və bir-birilərinə baxırdılar. Bu zaman göydə uçan dörd varlıq uşaqları görüb, sanki, nəsə axtarırmış kimi sevinclə onlara tərəf yaxınlaşdı. Uşaqlar isə əksinə, uçan varlıqları görüb hərəsi bir tərəfə qaçmağa başladılar. Varlıqların hərəsi bir uşağın dalınca düşüb çox keçmədən onları tutdular.  Rasimi tutan varlığın adı Tomris idi.  Onlar bura boş yerə gəlmədiklərini,  bütün insanların gələcəyinin onların əlində olduğunu başa salmağa çalışdı.

Tomris Rasimi götürüb onu heyranedici bir saraya apardı. Tomris bütün uşaqlara onların buranın mühafizəçisi olduqlarını başa saldı. Sonra isə özlərini təqdim etdilər. Mühafizəçilərin dördü də qız idi - Atina, Sabira, Maluna və Tomris. Atina çəhrayı gözlü, sarısaçlı, ortaboylu idi. Sabira yaşıl gözlü, ağsaçlı idi. Malunanın isə qırmızı gözləri və qara saçları var idi. Tomris mavi gözlərə və mavi saçlara sahib idi. Hamısı bir-birindən gözəl idi. Tomris onların başçıları idi. Uşaqlar bir-biri ilə tanış olmuşdular, təkcə Rasim qalmışdı. Birinci Rasimə uzanan əl oğlandan oldu: 

- Mən Murad, tanışlığımıza şadam, - dedi.

Qızlardan "mən Fatimə, mən Səma. Mən də Rasim.  Şad oldum".  Tomris sevincli halda:

- Onda gəlin gedək Morkuzun otağın. Bunu dediyi anda bütün uşaqlar bir ağızdan:

- Morkuz kimdi ki?

- Morkuz, sizdə daxil olmaqla, bütün insanlara yuxu gördürən varlıqdır, - Tomris dedi. 
Mühafizəçilər uşaqlarla birlikdə pilləkənlərdən düşərək çox nəhəng bir zala daxil oldular. Zal o qədər böyük idi ki, qabaq-qabağa olan adamlar bir-birilərini görmürdülər. Hündürlüyü isə Everest dağından da yüksək idi və ortada nəhəng bir varlıq dayanırdı. O, Morkuz idi. Ona aşağıdan baxanda üzü görünmürdü. Morkuz uşaqları görüb öz boyunu balacalaşdırdı, uşaqlarla eyni boya endi. O, havada süzülürdü, uşaqlar heyrətə içində idilər. Atina uşaqların halını görüb tez hərəkətə keçdi və dedi: 

- Hə, uşaqlar. Morkuz bizim liderimizdir və biz də onun köməkçiləriyik. 

Morkuz Atinanın sözünü kəsib: 

- Salam uşaqlar, necəsiz?  Sizə böyük ehtimalla niyə burada olduğunuz danışılmayıb. Mən Morkuz, bu gördüyünüz ağaclar, heyvanlar və torpaqların sahibi mən ilə qardaşım, ilk insanla birlikdə yaradıldıq. Mən və qardaşım Tora insanlara yaxşılıq və pis yuxular gördürmək üçün dünyaya gəldik. İkimiz də insanlara yuxu gördürüb güc toplayırıq və bəzi güclərə yiyələnə bilirik. Amma tək fərqlə, insanların çoxu psixoloji cəhətdən qaranlıq olduğu üçün qardaşım daha çox güc toplayıb ən yaxşı bacarığını alacaq.

Murad sual verdi:

- Bəs o bacarıq nədir Morkuz?

Morkuz:

-  Tora özünə bir ordu hazırlayır. Bu gördüyünüz divarı yıxıb  hər yeri işğal edib bütün insanlara pis yuxu gördürərək daha da çox güc toplayıb dünyaya portal açacaq və dünyanın hakimiyyətini əlinə alacaq. Oradan da ucsuz-bucaqsız bir gücə sahib olub bütün qalaktikalara portal aça biləcək. Yəni onu dayandırmaq lazımdır. İndi sizi bir kapsulun içinə salacağıq, orada sizin özəl güclərinizi ortaya çıxardacağıq və yadınızdan çıxartmayın, bura yuxu aləmidir. Burada hər şey eləmək mümkündür. Sizin hər birinizin bir köməkçisi olacaq. Tomris sən Rasimin, Atina sən Səmanın, Sabira sən Muradın, Maluna sən də Fatimənin köməkçisi olacaqsan! 
Uşaqlar ikinci mərtəbəyə qalxdılar, burada səkkiz ədəd kapsula var idi. Fatimə soruşdu:

- Niyə burada dörd yox, səkkiz ədəd kapsul var?  Siz də bizimlə gələcəksiniz? 

Maluna: 

- Bəli, əzizim, biz sizə kömək edəcəyik. İki gün ərzində sizin gücləriniz ortaya çıxacaq. Daha sonra Tora və ordusuna qarşı savaşacağıq.
Uşaqlar və mühafizəçilər kapsullara girib heç kimin xəyal belə edə bilməyəcəyi ağappaq bir otaqda gözlərini açdılar. Tomris:

- Gəl Rasim, sənin gücünün nə olduğunu öyrənməyin vaxtıdır, - deyib əlini Rasimin başına qoydu. Gözlərini yumub onun da yummasını istədi. Sənin gücün sudur, sudan istədiyin hər şeyi suyu istədiyin kimi işlədə bilərsən. Lakin bunu əvvəlcə öyrənməlisən. Gəl başlayaq dedi.
Tomris bir stol və bir stəkan su yaratdı və Rasimə üzünü tutub:

- Gözlərini yum və bu suyu hərəkət etdirdiyini xəyal elə. Onun hərəkət etdiyini fikirləş, sonra o stəkanın içindən suyu al və istədiyin bir silah düzəlt. Rasim Tomrisin bütün dediklərini edib suya hakim olmağı bacardı. İki gün ərzində də bu bacarığı daha sürətli və gözəl edə bilirdi, amma bir problem var idi. Morkuz növbətçiləri yanına çağırdı. Bütün növbətçilər olduğu kapsuldan çıxıb Morkuza kömək etmək üçün aşağı düşdülər və bu vaxtı güclü bir zəlzələ baş verdi. Uçan bir adanı yaxşılıq və pislik olaraq ikiyə bölən divar yıxıldı. Toranın ordusu hücuma keçmişdi. Maluna bunu görüb Morkuza xəbər verdi.

- Tezcə savaşa hazır vəziyyətə gəlin. Savaş başladı. Burada sadəcə bir tərəf qazanacaq, tez olun. Morkuz əmrini verdi.
Tomris və bütün növbətçilər çaş-baş qalmışdılar. Amma özlərini tezcə toplayıb çölə çıxmışdılar. Toranın ordusu divardan otuz metrdən artıq irəliləmişdi. Növbətçilər və Morkuz bütün gücləri ilə ordunu məğlub etməyə çalışdılar, amma Toranın ordusu azalmaq bilmirdi. Çünki Tora tez-tez təzələrini yaradırdı. Morkuz əsəbiləşib havaya qalxdı və qardaşının yanına getdi. Başına bir böyük daş atdı. Daşın ölçüsü Günəş boyda idi, amma Toranın başı bir millimetr tərpənmədi.
Morkuz Tora ilə döyüşərkən gücü az olduğu üçün çox keçmədən yerə sərildi. Tora bir saniyədə qılınc yaratdı və Morkuzun boynuna dayadı.

- Növbətçilər, təslim olun, yoxsa, Morkuz öləcək. Deyə qışqırdı.
Növbətçilər başqa əlacları qalmadığı üçün təslim oldular amma anidən torpaq çökməsi baş verdi və bütün ordu həmin boşluğa düşdü.

Toranın alovdan olan silahına su topu kimi böyük bir qüvvə gəldi və Toranın silahı daşa döndü. Morkuz qardaşının əlindən çıxanda Tora öz ətrafının alovlara büründüyünü gördü. Sonradan şiddətli əsən bir külək Toranı yerə yıxdı.     

Morkuz qardaşının yerdə olduğunu görüb gücünü çəkmək üçün tez başına əlini qoydu, Tora getdikcə zəifləyirdi. Morkuz güc qazanırdı. Sonra burada nə olduğunu anlamaq üçün üzünü növbətçilərə tutanda uşaqları gördü. Onların yanına yaxınlaşdı:

-  Uşaqlar, afərin sizə. Sizin sayənizdə  dünya böyük bir dərddən xilas oldu.

 Rasim:

- Morkuz! Arxana bax! Tora yoxdur! Morkuz sakin bir tonda dedi:

- Qorxmayın, biz ikimiz də toqa adlı qülləyə atılmasaq, məhv ola bilmərik. Mən onun bütün gücünü aldım. O, on-on beş nəfərə ancaq pis yuxu gördürə bilər. Amma artıq sizin getmək vaxtınız gəldi. Siz ayılmasanız, əsl bədəninizdə problemlər ola bilər. Sizə etdiyiniz hər şeyə görə təşəkkür edirəm.  Sağ olun, uşaqlar.

Növbətçilər, Morkuz və uşaqlar bir-biriləri ilə sağollaşdılar. Sıra ilə Səma, Murad, Rasim, Fatimə gözlərini yumdular. Rasim ayılanda valideynləri üçün toy-bayram idi. Hamı çox sevinirdi. Muradın başı üzərində duran anası onu ayıltmağa çalışırdı. Fatimənin ailəsi isə süfrə arxasında  onu gözləyirdi. Səmaya gəlincə, yatağının yanında kağız var idi. Kağızda isə dükana gəl yazılmışdı. Hər bir uşaq məmnun,  yuxular aləmində isə hər şey yolundadır.

Hə dostlar, hekayəmizin də sonuna çatdıq.

Hekayəni oxuyan hər bir kəsə təşəkkür edirəm. Özünüzə yaxşı baxın, sağ olun, var olun.