Zəngilan Beynəlxalq Hava Limanının inşası bölgənin yeni reallıqlar əsasında inkişafını göstərir

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ikinci, Şərqi Zəngəzurun isə ilk hava limanı - Zəngilan Beynəlxalq Hava Limanı da qısa müddətdə yüksək standartlar əsasında inşa edildi və istifadəyə verildi. Ötən gün Azərbaycan və Türkiyə prezidentlərinin açılış mərasimində iştirak etməsi, səslənən bəyanatlar bölgənin yeni reallıqlar əsasında inkişafının göstəricisidir. Mərasimin məhz Zəngilanın işğaldan azad olunmasının 2-ci ildönümündə baş tutması, Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması təbii ki xüsusi məna daşıyır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan və Türkiyə bərpa edilən Qarabağda və Zəngəzurda da bir yerdədir. Zəngilan Beynəlxalq Hava Limanı Azərbaycanın qəhrəmanlıq dastanından sonra indi də Qarabağın inkişaf dastanının yazılmasının bir göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.

O vurğulayıb ki, Azərbaycan bu gün həm Qarabağın, həm də Şərqi Zəngəzurun hava məkanının təhlükəsizliyini təmin etmək gücündədir. Füzuli Beynəlxalq Hava Limanından sonra Zəngilanda da aeroportun qısa müddətdə inşası işğaldan azad olunmuş ərazilərdə bərpa prosesinin sürətlə və plan üzrə getdiyini bir daha təsdiqləyir. Hər iki limanın inşası həm siyasi, həm iqtisadi, həm də tarixi əhəmiyyət daşıyır. Azərbaycan azad olunmuş ərazilərə qayıtdığı kimi, Qarabağın və Şərqi Zəngəzurun hava məkanında da artıq sərbəst və təhlükəsiz şəkildə uçuşlar həyata keçirir.

Hava limanlarının inşasının bu ərazilərdə nəqliyyat infrastrukturunun kompleks həllinin tərkib hissəsi olduğunu diqqətə çatdıran K.Nurullayeva deyib: "Nəzərə alsaq ki, Füzuli və Zəngilan hava limanları beynəlxalq statuslu hava limanlarıdır və burada həm sərnişindaşıma, həm də yükdaşımaların həyata keçirilməsi gələcəkdə bölgənin iqtisadi baxımdan dirçəlməsi üçün geniş imkanlar açır. Hava limanları iqtisadi baxımdan vacibdir. Çünki Qarabağın və Şərqi Zəngəzurun böyük iqtisadi potensialının reallaşması, burada istehsal ediləcək məhsulların daxili bazara, o cümlədən xarici bazara ixrac edilməsi baxımından hava limanları mühüm əhəmiyyət kəsb edir.

Yeni aeroportların uçuş-enmə zolağı Beynəlxalq Mülki Aviasiya Təşkilatının bütün tələblərinə uyğun müvafiq avadanlıqlarla təchiz olunub. Bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verəcək.

Hazırda Laçında da nadir hava limanı inşa olunmaqdadır. Relyefin mürəkkəbliyinə və tələb olunan maliyyə vəsaitinin çoxluğuna baxmayaraq, Azərbaycan Füzuli və Zəngilan Beynəlxalq Hava Limanının inşasını reallaşdırmaqla həm ilk təcrübə yaradır, həm də təbii ki, bölgənin bərpasını sürətləndirir. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi təbii ki, həm bu bölgədə yaşayan insanların rifahını təmin edəcək, həm də bölgənin turizm imkanlarını artıracaq. Bununla da, işğaldan azad olunmuş ərazilərimiz iri nəqliyyat qovşağına çevriləcək".

Deputatın sözlərinə görə, azad olunmuş ərazilərdə aparılan bərpa prosesi böyük qayıdışın təmin olunmasına hesablanıb. Soydaşlarımız bərpa işlərindən sonra azad edilən ərazilərə qayıdaraq, öz dədə-baba yurdlarında təhlükəsiz şəraitdə yaşayacaqlar. Prezident İlham Əliyevin də söylədiyi kimi, bütün keçmiş məcburi köçkünlər qayıdacaqlar. Dövlət onların qayıdışı üçün bütün tədbirləri görür.