Zəngilanın ölkəmiz üçün böyük nəqliyyat-logistik əhəmiyyəti var

44 gün davam edən Vətən müharibəsinin şanlı Zəfər günlərindən biri də 20 oktyabrdır, 20 oktyabr  2020- ci ildə Zəngilan şəhəri erməni işğalından azad edilmişdir. Zəngilan rayonunun ərazisi həm İranla, həm də Ermənistanla həmsərhəd olduğu üçün rayonunun ərazisi həmişə ölkəmiz üçün böyük strateji əhəmiyyət daşımışdır. Zəngilan rayonu Zəngəzur qəzasında yerləşirdi. 1920-ci il 28 aprel tarixində bolşevik işğalından sonra Zəngəzur qəzasının yuxarı hissəsi bolşevik Rusiyasının təkidi ilə Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilmişdi, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalmışdı. Zəngilan Respublikamızın həm tarixi-dini, memarlıq abidələri ilə ən zəngin rayonlarından biridir, həm də təbiəti, təbii sərvətləri, faydalı qazıntıları ilə olduqca zəngin rayondur. Bəsitçay çinar meşəsi, Vejnəli qızıl yataqları, Zəngilanın mineral suları bütün dünyada məşhur olmuşdur.

Zəngilanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi 45 mindən çox olan rayon əhalisinin doğma torpaqlarından didərgin düşməsi, ölkəmizin digər şəhər və rayonlarında məcburi köçkün həyatına məhkum edilməsi ilə nəticələnməklə yanaşı, həm də rayonun faydalı qazıntılarının, təbii sərvətlərinin, təbiətinin erməni vandalları tərəfindən qanunsuz olaraq vəhşicəsinə istismar edilməsinə, təbiətə külli miqdarda ziyan vurulmasına, ağacların-meşələrin qırılması, çayların çirklənməsinə gitirib çıxarmışdır. Rayon ərazisindən axan Oxçuçayın çirkləndirilməsi o həddə çatmışdır, bu artıq tək ölkəmiz üçün yox, bütün region üçün böyük ekoloji fəlakət kimi qiymətləndirilmiş və dəfələrlə beynəlxalq platformalarda dilə gətirilmişdir. Ermənistanın sənaye tullantıları, xüsusən də dağ-mədən sənayesinin tullantıları Oxçuçaya axıdılmış, bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün çay sanki sənaye tullantılarının kollektoru kimi istifadə olunmuşdur. Avropanın ən böyük çinar meşəsi olan Bəsitçay çinar meşəsinin qırılması da ermənilərin təbiətə qarşı törətdiyi ekoloji terrorun daha bir göstəricidir.

44 günlük Vətən müharibəsində Zəngilan döyüşləri Azərbaycan Ordusu tərəfindən aparılmış ən uğurlu Arazboyu əməliyyatlardan biri olmuşdur. Nəticədə Azərbaycan Ordusu erməniləri Zəngilanda ağır məğlubiyyətə uğradaraq, düşmənin xeyli canlı qüvvəsini və texnikasını sıradan çıxarmış və sonda Zəngilan şəhərini düşmən işğalından azad etmişdir. Zəngilanın düşmən işğalından azad edilməsi Ordumuza hərbi-strateji və mənəvi güc verməklə yanaşı həm də iki mühüm nəticə  baxımından olduqca əhəmiyyətli olmuşdur. Birincisi, Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilmişdir. Azərbaycan-İran sərhədinin bir hissəsi 30 ilə yaxın işğal altında qaldığı üçün İranla sərhəd boyu istehkam qurğularına, mühafizənin təşkilinə tam nəzarət edə bilmirdik. Odur ki, Vətən Müharibəsindən dərhal sonra İranla sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlanmışdır. İkinci mühüm məqam oldur ki, Zəngilan rayonunun işğaldan azad edilməsi ilə Azərbaycan Ordusu cənub hissədə Ermənistanla sərhədə çıxmışdır.

Vətən Müharibəsi başa çatdıqdan sonra digər rayonlarımızın işğaldan azad edilməsi uğrunda aparılmış döyüşlərdə fəqlənən hərbi qulluqçularımız kimi, Zəngilan uğrunda gedən döyüşlərdə şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular da dövlət tərəfindən təltif edilmişdir. Müzəffər Ali Baş Komandanın sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6 mindən çox hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Müharibənin bitməsindən sonra “Böyük Qayıdış”a ən sürətlə start verən rayonlarımızdan biri məhz Zəngilandır. İlk “ağılı kənd” pilot layihəsi məhz Zəngilanda icra edilib, Ağalı kəndində 200 evdən ibarət kənd salınıb. Kənddə artıq məktəb, bağça, tibb məntəqəsi, “ASAN”, “DOST” kimi xidmətlər, sahibkarlığa dəstək xidmətləri mövcuddur. Cari ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıb.

Bu gün Zəngilanın ölkəmiz üçün böyük nəqliyyat-logistik əhəmiyyəti var. Rayonda artıq hava limanının tikintisi başa çatıb. Təməli qoyulan Zəngilan-Horadiz avtomobil yolunun, eləcə də Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun böyük strateji əhəmiyyəti var. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin açılması uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, Azərbaycanın əsas hissəsinin qardaş Türkiyə ilə birləşdirilməsi növbəti tarixi nailiyətimiz olacaq. Zəngəzur dəhlizinin açılması həm də bölgə üçün yeni iqtisadi perspektivlər yaradacaqdır. Cənab Prezident Zəngəzur dəhlizinin açılması üçün böyük əmək sərf edir və  əzm nümayiş etdirir.  Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasındakı son çıxışı zamanı da cənab Prezident Azərbaycanın Üçtərəfli Bəyanatın bütün müddəalarını yerinə yetirməsinə baxmayaraq Ermənistanın Bəyanatın özünə aid hissəsini icra etmədiyini,  Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz girişi təmin etmədiyini, həmçinin Azərbaycan ərazisində erməni silahlı qüvvələrini indiyədək çıxarmadığını bir daha gündəmə gətirmişdir. Cənab Prezident qətiyyətlə bildirdi ki, biz hələ ki, səbr nümayiş etdiririk, lakin bunun da bir həddi var, 2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq.

Xalqımız, Ordumuz cənab Prezidentin rəhbərliyi ilə ən çətin vəzifənin öhdəsindən birlikdə gələrək torpaqlarımızı düşmən işğalından azad edib, dövlətimizin ən parlaq səhifəsi birlikdə yazılıb. Bundan sonra da bu dəstək və birlik nəticəsində Zəngəzur dəhlizinin açılması da daxil olmaqla qarşımıza qoyduğumuz bütün vəzifələrin öhdəsindən gələcəyimizə heç bir şübhə yoxdur.
 
 
Milli Məclisin Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin
sədri Ziyafət Əsgərov