Zərdab sakini baş nazir Əli Əsədova müraciət edib

Zərdab rayon sakini, sahibkar Füzuli Qasımov Avropa.info saytı vasitəsi ilə baş nazir Əli Əsədova müraciət edib.

Sahibkar müraciətində Zərdab şəhər Zərdabi küçəsi 4 ünvanında yerləşən qeyri-yaşayış binasına (mağaza) 2022-ci ildə çıxarış aldığını, lakin 1980-ci ildə inşa olunan mağazaya daxil olan anbar və tualet çıxarış və texniki pasportda səhvən qeydə alınmayıb. Əvəzində isə mağazanın 52.7 kv.m hissəsi anbar kimi göstərilib.

Füzuli Qasımov qeyd edir ki, dəfələrlə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etdikdən sonra, 2024-cü ildə ona torpaların uçotu haqda informasiya sistemində düzəlişlər edilməsi ilə bağlı məktub daxil olub. Əmlak Məsələləri Dövlət Xidməti məsələnin həllini ərazi idarəsinə tapşırıb. Ancaq, qeydiyyata alınmış ərizənin son icra tarixi keçməsinə baxmayaraq, Ucar ərazi idarəsi problemi həll etmək fikirində deyil.

Füzuli Qasımov bildirir ki, dəfələrlə 16 saylı Ucar ərazi idarəsi rəhbərliyinin qəbulunda olmağına baxmayaraq, nəticə barədə rəsmi məlumat ala bilməyib. Sahibkar yenidən ƏMDH rəisi Mətin Eynullayevə müraciət etdiyi və 05.03.2025-ci ildə məktubuna cavab gəldiyini bildirir.

“Cavab məktubunun məzmunu eyni olmaqla bərabər, Tarif Şurasının yeni qiymətləri ilə bağlı da məlumatlandırılmışam. Bildirilib ki, müvafiq xidmət haqqı ödənilməklə ərazi idarəsi və ya idarənin Zərdab şöbəsində məsələyə baxılacaq. Ancaq, ərazi idarəsi yenə də ərzimə cavab olaraq imtina məktubu göndərərək, texniki pasportda dəyişiklik edilməsi üçün, ƏMDH ilə icarə müqaviləsinin təqdim edilmədiyini bildirir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında qanunun 11.1 və 15-ci maddələrinə görə, mülkiyyətə çıxarış almaq üçün ƏMDH ilə hər hansısa icarə müqaviləsinə ehtiyac yoxdur. Torpaq məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndində göstərilir ki, Azərbaycan vətəndaşları və hüqui şəxslər torpaq sahələrinə mülkiyyət, istifadə və icarə hüququ əldə edə bilərlər”, – deyə sahibkar qeyd edir.

Füzuli Qasimov Baş nazir Əli Əsədova müraciət edərək, mülkiyyətində olan mağazaya aid anbar və tualet hissəsinin qanuniləşdirilməsinə yardım etməsini xahiş edir. Sahibkarın müraciətinin fotosunu təqdim edirik.