Ziyanını büdcəyə və vətəndaşa yükləyən dövlət qurumları: Özəlləşdirmə yeganə çıxış yoludur?

Bununla da, Agentliyin yığılmış zərəri 3,7 dəfə artaraq 44,182 milyon manata çatıb. Sənədə əsasən, həmin il BNA cəmi 68 min manat əməliyyat gəliri əldə edib.

Agentliyin xərcləri isə 32,224 milyon manat, o cümlədən əmək haqqı və işçilərlə bağlı digər xərcləri 1,659 milyon manat, amortizasiya xərcləri 8,132 milyon manat, əməliyyat xərcləri 16,416 milyon manat, digər xərcləri isə 6,019 milyon manat təşkil edib.

Ümumiyyətlə, BNA zərərlə işlədiyini açıqlayan yeganə qurum deyil. Hesablama Palatasının rəyinə görə, 2020-ci ildə 5 iri dövlət şirkəti ("Azərsu", "Azərenerji", "Azəriqaz", AZAL, Dəmir Yolu) dövlət büdcəsinə ödədiklərindən 19 dəfə çox dövlət büdcəsindən dəstək alıblar, təxminən 81 mln. manat vergi ödəmələrinə qarşı 1.5 mlrd. manatdan bir qədər çox büdcə dəstəyi olub.

Qeyd edək ki, hələ bir il öncə dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması məqsədilə Prezidentin fərmanı ilə İnvestisiya Holdinqi yaradılıb.

Ötən müddət ərzində bir sıra sahələrdə, məsələn, AZAL-ın qiymətlərində heç bir yumşalma olmayıb.

Yəni bu kimi qurumlar həm dotasiya almasına, həm də qiymətlərin yüksək olmasına baxmayaraq, zərərlə işlədiklərini bildirirlər.

Bəzən mövcud problemdən çıxış yolu kimi özəlləşdirmənin vacibliyi göstərilir. Həmin qurumların ziyanla işləməsinin qarşısını necə almaq olar və özəlləşdirmə yeganı çıxış yoludurmu?

Millət vəkili Azər Badamov “Cümhuriyət” qəzetinə bildirib ki, xidmət sahələrində fəaliyyətlər rentabelli olmalıdır:

“Müvafiq qurumların rəhbərləri də rəhbərlik etdiyi qurumların rentabelli olmasını diqqətdə saxlamalıdırlar. Ancaq bir məqamı yaddan çıxarmamalıyıq ki, il yarımdan çoxdur pandemiya vəziyyətində yaşayırıq və xidmət sahələri də itkilərlə üzləşib. O cümlədən, BNA və digər xidmət sahələrində fəaliyyət göstərən strukturlarda da itkilər olub. Xidmət sahəsinin gəlirliliyi xidmət müddətində meydana gəlir. Xidmətdə məhdudiyyət yarananda, iş getmədikdə, sahənin saxlanılması, işçilərin əmək haqlarının verilməsi həmin müəssisənin büdcəsindən sərf olunur, ancaq gəlir olmur. Son il yarımda həmin müəssisələrin ziyanla işləməsi başadüşüləndir.

Ancaq ondan əvvəlki, yeni bir dövrdə, məhdudiyyətlər aradan qaldırıldıqdan sonra həmin müəssisələr gəlirlə işləməlidir və əksinə, dövlət büdcəsinə vəsait ödəməlidirlər. Əgər hər hansı bir struktur belə fəaliyyət qura bilmirsə, yaradılmış İnvestisiya Holdinqinin rəhbərliyi tərəfindən müəyyən ciddi addımlar atılacaq”.

Millət vəkilinin sözlərinə görə, bu sahədə özəlləşdirmənin hansı müsbət və mənfi təsirlərinin olacağını qabaqcadan demək çətindir:

“Düzdür, özəl müəssisələrdə rentabellik yüksələcək, gəlirlilik artacaq, müəyyən artıq ştat vahidləri və yaxud xərclərə yol verilməyəcək, ixtisarlar aparılacaq. Ancaq özəl strukturların hansı tariflərlə xidmət göstərəcəyi də sual altında qalır. Bu gün ictimai nəqliyyatda hərəkət, dövlət, Tarif Şurası tərəfindən tənzimlənir. Ona görə tənzimlənir ki, ictimai nəqliyyat dövlət mülkiyyətindədir və ona görə də qiymət artımına yol verilmir. Ancaq özəl mülkiyyətə keçəndən sonra dövlət büdcəsindən maliyyə ayrılmayacaq, həmin təşkilatlar müstəqil şəkildə fəaliyyət göstərdiklərindən qiymətləri də müstəqil şəkildə müəyyənləşdirməli olacaqlar. Bu da əhalinin sosial vəziyyətinə mənfi təsir göstərəcək amil kimi ortaya çıxa bilər. Ona görə də bütün bu məsələlər hesablanmalıdır, ondan sonra özəlləşdirmə haqqında qərar verilməlidir”.

İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, dövlət şirkətlərinin idarəetməsində böyük problemlər olması Prezident səviyyəsində səsləndirilib:

“İnvestisiya Holdinqi yaradıldı və dövlət şirkətlərinin böyük bir qisminin idarəetməsi həmin Holdinqə həvalə edildi. Ancaq hələ ki, ciddi bir struktur dəyişikliyinin olduğunu görmürük. İnvestisiya Holdinqinin yaradılmasının avqustun 6-da bir ili tamam olur, ancaq ciddi irəliləyiş yoxdur. Dövlət birbaşa iqtisadiyyatda oyunçu olduqda heç də yaxşı nəticələr gətirmir. Xərclərin şişirdilməsi yolu ilə ziyanla işlədiklərini bəyan edərək, həm vergilərdən yayınırlar, həm də dövlət büdcəsindən əlavə dotasiyalar alaraq, rəhbərləri öz güzaranlarını çox yaxşı səviyyədə davam etdirirlər. Yəni ziyanla işləyən dövlət şirkətlərinin həyat şəraitinə, sürdükləri avtomobillərə, yaşadıqları evlərə baxdıqda görmək olar ki, onlar heç də ziyanla işləyən şirkətin rəhbəri deyillər.

Bu nöqteyi-nəzərdən korrupsiya sxemləri, müxtəlif əməliyyatlar vasitəsilə əməliyyat xərclər şişirdilir və xərclərin şişirdilməsi hesabına gəlirlə işləmədiyini b bəhanə edərək dövlət büdcəsindən əlavə dotasiyalar alınır. Bu, uzun illərdir ki, Azərbaycanda tətbiq edilən praktikadır. Nəticə etibarilə dövlət şirkətlərinin ziyanla, qeyri-rentabelli işləməsi günümüzün reallığıdır. İstənilən dövlət şirkəti ilə bağlı araşdırma aparanda görürük ki, rəsmi rəqəmlərə görə, guya ziyanla işləyirlər. Ancaq ziyanla işləmələrinin səbəbini özləri izah edə bilmirlər. Bu günə qədər heç bir dövlət şirkətinin açıqlaması olmayıb ki, ziyanla işləməklərinin səbəbi nədir. Əgər ziyan varsa, ziyanla işləməyin aradan qaldırılmasının yolları da var. Xərcləri azaldırsan, idarəetməni optimallaşdırırsan, digər addımlar atırsan ki, ziyanla işləməyəsən. Ancaq illərdir ki, eyni şirkətlər ziyanla işlədiklərini bəyan edirlər. Burada idarəçilərin idarəetmə formasının və şəxslərin qeyri-rasional çalışdıqlarının şahidi oluruq. Günahın böyük bir qismi də həmin qurumların rəhbərlərinin çiyninə düşür”.

Ekspertin fikrincə, bəzi dövlət müəssisələrinin özəlləşdirməyə ehtiyacı yoxdur, bəzilərinin isə ehtiyac var:

“Məsələn, “Azərxalça” niyə dövlət müəssisəsi olmalıdır, dövlət niyə xalça toxumalıdır? Yəni o tipli müəssisələr özəlləşdirilə bilər. Əgər nəqliyyat sahəsindən söhbət gedirsə, onlar Böyükşəhər bələdiyyəsinin tərkibinə verilməlidir. Nəhayət ki, Bakıda Böyükşəhər bələdiyyəsi yaradılmalı, mer seçkiləri keçirilməli, nəqliyyat infrastrukturu həmin bələdiyyənin tərkibində olmalıdır ki, nəzarət mexanizmi güclü olsun. Bəzi sahələrdə özəlləşdirmə aparmaq olar, bəzi sahələr isə dövlətin digər idarəetmə formalarına, o cümlədən yerli özünü idarəetmə orqanlarına keçməlidir”.