74-cü Beynəlxalq Astronavtika Konqresinin Azərbaycan üçün əhəmiyyəti

Prezident İlham Əliyev: “Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib”

 Azərbaycan digər beynəlxalq tədbirlər kimi oktyabrın 2-dən strat götürən 74-cü Beynəlxalq Astronavtika Konqresini də yüksək səviyyədə təşkili edib. Bunun üçün aidiyyəti qurumlar tərəfindən böyük hazırlıq işləri görülüb. Bakı Konqres Mərkəzində keçirilən açılış mərasimində səhnələşdirilmiş musiqili tamaşanın, 1973-cü ildə Bakıda keçirilmiş 24-cü Beynəlxalq Astronavtika Konqresi və Azərbaycan haqqında videoçarxların nümayiş etdirillməsi, musiqi proqramı bunu deyəmə əsas verir. Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə hazırlığı hər zaman qonaqlar tərifindən də xüsusi qeyd olunur. Bunu 74-cü Beynəlxalq Astronavtika Konqresinin iştirakçıları da xüsusi olaraq bildiriblər və Azərbaycan Prezidentinə xüsusu təşəkkür ediblər. Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mouri həm Prezident İlham Əliyevin qəbulunda olarkən, həm də Konqresin açılış mərasimində bu haqda öz səmimi fikirlərini çatdırıb: “Beynəlxalq Astronavtika Konqresi kosmik ictimaiyyətin nümayəndələri olaraq hamımız üçün unikal bir hadisədir. Bir çoxlarımız işini paylaşmaq, həmkarlarımızı salamlamaq və dünyanın hər yerindən çoxşaxəli və entuziazmla dolu olan cəmiyyətlə yeni əlaqələr yaratmaq üçün yalnız ilin bu vaxtı bir araya gələ bilirik. Prezident Əliyevin möhtəşəm dəstəyi olmasaydı, əlli ildən sonra Bakıya qayıda bilməyəcəkdik. Təşəkkür edirəm, cənab Prezident”.

Qeyd edək ki, oktyabrın 2-də 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev tədbirdə iştirak ediblər. Prezident İlham Əliyev açılış mərasimində çıxış edərək Azərbaycanın əldə etdiyi uğurlardan, strateji proritetlərindən, beynəlxalq təşkilatlarla əməkdaşlığından danışıb: “Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub və dostlar qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə yönəlib”. Cənab Prezident çıxışında Azərbaycanda son zamanlarda əldə olunmuş nailiyyətləri aydın şəkildə nümayiş etdirən rəqəmləri qeyd edib: “Son 20 il ərzində, ümumi daxili məhsul dörd dəfə artıb, büdcə gəlirləri 30 dəfədən çox artıb, xarici ticarət dövriyyəsi on dəfədən çox artıb. Birbaşa xarici borc ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Azərbaycanın xarici valyuta ehtiyatları birbaşa xarici borcumuzu on dəfə üstələyir. Son 20 il ərzindəki sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yatırılmışdır”.

Yeri gəlmişkən, elə həmin gün Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində sərgi də təşkil olunub. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev sərginin də açılışında iştirak ediblər. Sərginin rəmzi açılışını bildirən lentin kəsilməsindən sonra iştirakçı şirkətlərin stendləri ilə tanışlıq olub. Məlumat verilib ki, 8 min kvadratmetr sahədə yaradılan sərginin pavilyonunda 36 ölkədən 150 şirkətin stendləri iştirakçılara təqdim edilir.

Dövlətimizin başçısı və birinci xanım Türk Kosmik Agentliyinin, Səudiyyə Ərəbistanının Kosmik Agentliyinin, ABŞ-ın Milli Aeronavtika və Kosmos Administrasiyasının (NASA), Hindistanın Kosmik Tədqiqatlar Təşkilatının, “Israel Aerospace Industries” şirkətinin, İtaliyanın Aeronavtika və Astronavtika Assosiasiyasının, Çinin Astronavtika Cəmiyyətinin və digər şirkətlərin stendlərinə baxıblar.

Bu tədbir çərçivəsində BMT-nin Kosmik Fəza Məsələləri İdarəsinin və Beynəlxalq Astronavtika Federasiyasının birgə təşkilatçılığı ilə “Sosial və iqtisadi faydalar naminə kosmik texnologiyalar” adlı seminar və Kosmik Nəsil Məşvərət Şurasının Kosmik Nəsil Konqresi də keçirilib.

Onu da bildirək ki, 74-cü Beynəlxalq Astronavtika Konqresi kosmik sahədən olan 22 şirkətin əldə etdiyi sponsorluq paketinin sayına görə rekord həddə çatıb. Belə ki, Bakı Konqresi beynəlxalq sponsorluq paketinin satışı üzrə Avstraliya, Almaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Fransada keçirilən konqresləri geridə qoyub. Konqresin ümumilikdə 30-dan çox sponsoru var.

Qeyd edək ki, 2022-ci il mayın 28-də Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə “Akıncı” pilotsuz uçuş aparatının üzərinə imza atmışdılar. 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Selçuk Bayraktar həmin pilotsuz uçuş aparatının kiçikölçülü maketini dövlətimizin başçısına hədiyyə edib.

 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox qonağın iştirak etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresinin Azərbaycan üçün əhəmiyyəti böyükdür. Azərbaycanı daha yaxından tanıyan bu iştirakçılarla perspektiv əməkdaşlıq planlarının qurulması mümkündür.

 

Paşazadə Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi