Azərbaycan-Türkiyə dostluğu və müttəfiqliyi yüksək səviyyədədir

“Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, iki qardaş ölkə öz siyasəti ilə bu birliyi  daha da möhkəmləndirir. Təkcə tarixi Zəfərimizdən bugünədək Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını özündə ehtiva edən  mühüm hadisələrə  diqqət yetirmək kifayətdir. Sevincli, kədərli günlərində bir olan iki dost ölkə atdığı addımları ilə dünyaya birlik, həmrəylik mesajlarını ünvanlayırlar. 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı ilk gündən dünyaya  “Azərbaycan tək deyil. Türkiyə yanındadır” mesajını çatdıraraq  sonadək siyasi, mənəvi dəstəyini göstərən qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan  tarixi Zəfərimizin dünyaya təqdimatı olan Zəfər Paradında Prezident İlham Əliyevin yanında oldu və  “Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir” bəyan etdi.  Reallıq budur ki, bu gün Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yüksək zirvəsindədir. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər  əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə yüksək səviyyədədir.  Dövlət başçısı İlham Əliyevin  avqustun 9-da Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Konya şəhərində  keçirilən V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirakı da deyilənlərin təsdiqidir.”

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, dövlət başçısı İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə  dəvətə görə minnətdarlıq ifadə edilərək ölkələrimiz arasında müxtəlif sahələrdə möhkəmlənən dostluq, müttəfiqlik münasibətlərinə bir daha diqqət yönəldildi,  bölgədə postmünaqişə dövrü ilə bağlı fikir mübadiləsi aparıldı, eyni zamanda, iqtisadi, enerji, nəqliyyat və hərbi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu: “Azərbaycan-Türkiyə birliyi regionda sülhün və təhlükəsizliyin təminatıdır. Bu əlaqələr bütün türk dünyasının birliyində mühüm rol oynayır. Cənab İlham Əlyev daim bu çağırışı edir ki, gücümüz birliyimizdədir. İki qardaş ölkənin türk dünyasının  birliyinə verdikləri töhfələr davamlılığı ilə diqqət çəkir.”

İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlardan bəhs edən millət vəkili vurğulayıb ki, keçirilən    İslam Həmrəyliyi Oyunları bu hədəfə böyük töhfələr verir: “Azərbaycan 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Həmçinin 2017-ci il dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə  “İslam Həmrəyliyi İli” elan edilmişdir. Bu iki mühüm hadisə Azərbaycanın islam həmrəyliyinin möhkəmləndirilməsində nə qədər maraqlı olduğunu, bunu əməli fəaliyyəti ilə təsdiqlədiyini nümayiş etdirir. “Bakı-2017”də 54 ölkədən 3 mindən çox atlet idmanın 24 növü üzrə keçirilən yarışlarda 269 dəst medal uğrunda mübarizə aparmışdı. Avqustun 18-dək davam edəcək V İslam Həmrəyliyi Oyunlarında isə  56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.
İştirakçı ölkələrin, həmçinin idmançıların say tərkibində nəzərə çarpan artım da bir çox məqamlara işıq salır.”

Malik Həsənov qeyd edib ki, İslam Həmrəyliyi Oyunları idman tədbiri olmaqla yanaşı, dünyaya birlik, həmrəylik, dostluq, qardaşlıq mesajlarıdır: “V İslam Həmrəyliyi Oyunlarının  məhz Konyada keçirilməsi də  təsadüfi deyil. Belə ki,  Konya müxtəlif mədəniyyətləri bir araya gətirir. Açılış mərasimində təqdim edilən kompozisiyalar da özlüyündə günümüzün əsas çağırışlarını açıqladı. Dünya müsəlmanlarının  həmrəyliyn gücü ilə birləşdiyi bir daha diqqətə çatdırıldı.”

“Ümumilikdə hər bir beynəlxalq əhəmiyyətli tədbir keçirildiyi məkan ilə yanaşı, mahiyyəti baxımından daim diqqətdə olur,  geniş müzakirələrə yol açır” söyləyən millət vəkili bildirib ki, V İslam Həmrəyliyi Oyunlarının digər mühüm məqamı Azərbaycan Prezidenti İlham Əliyevin    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə açılış mərasimində iştirak etməsidir: “Bu bir daha təsdiqləyir ki,  Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirirlər. Təkcə tarixi Zəfərimizdən ötən iki ilə yaxın dövrdə hadisələrin xronologiyasına diqqət yetirsək görərik ki,  ən mühüm məqamlarda iki dost, müttəfiq ölkənin Prezidentləri çiyin-çiyinə dayanıblar.  Azərbaycan-Türkiyə qardaşlığı, müttəfiqliyi əbədidir, sarsılmazdır. Nəinki Azərbaycanın, türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada imzalanan Müttəfiqlik  Bəyannaməsi bu əlaqələrin gələcək inkişafının yol xəritəsidir”.