Bədxah dövlət qazdığı çuxura həmişə özü düşür!.

Xalqımız qonşuluğa həmişə həssas olub. Sözündə də, əməlində də. Qonşuluq qarşılıqlı olur. Birtərəfli qonşuluğun sonunda narazılıqla, narazılıqdan yaranan qarşıdurmalar daha kəskin münasibətlər yaradır. Buna maraqlı olan dövlətlər qonşuluq haqqını, deməli, özünəhörməti itirmiş dövlətlərdir. Özünə hörmət etməyən dövlətin beynəlxalq nüfuzu olarmı? Yox, qətiyyən yox! İran İslam  Respublikası da nüfuzunu belə itirməkdədir.
Bir hikməti xatırlayıram: “Xasiyyət özünü nə vaxtsa mütləq göstərir”. Bu söz  fərdlərə də aiddir, dövlətlərə də. Fərdin də mərdi, namərdi olur, dövlətin də. Suda boğulmaqda olan kəs nicat kimi, qurtuluş kimi saman çöpünə də əl uzadır. Ermənistan illərlə dünyanı yalanlarına inandırmağa çalışdı, bacarmadı. Ermənilik xislətinə uyan beş-üç dövlətdəm savayı digər dövlətlər bu yalanlara inanmadı. İran Azərbaycana qarşı münasibətlərini gizlətməyə çalışsa da, uydurduğu yalanları ictimailəşdirməyə cəhd göstərsə də ona inanan dövlətlər azdı. Bir bayatı var:
 
Olursan vəfalı dost ol,
Olmursan kəs aranı.
 
İranın vəfalı (etibarlı) dost olmağa mərdliyi, aranı kəsməyə qüdrəti çatmır. Nə edir İran?
Dini mənsubiyyətiylə əməli düz gəlməyən İranın siyasətçilərinin də, din xadimlərinin də mənəviyyatının mayası yalandı, riyakarlıqdı, yamanlıqdı, şər-böhtandı, yəni bəşəriliyi müəyyənləşdirən nə varsa, hamısına düşmənçilikdi. Bu dövlətin yüksək rütbəli məmurlarının siyasi simaları gözə kül üfürməkdi.
Yanvarın 27-də İran vətəndaşı Tehrandakı səfirliyimizə silahlı basqın etdi. Səfirliyin mühafizə xidmətinin rəisi həlak oldu, iki nəfər yaralandı. Səfirlik dövlətin başqa dövlətdə ərazisidir. Yəni İran vətəndaşı İrandan Azərbaycan ərazisinə silahlı basqın etdi. Bu basqına görə İran hökuməti məsuliyyət daşıyır. Azərbaycanın İrandakı səfirliyinə edilmiş hücumun arxasında “ailə problemlərinə görə bunu edən bir nəfər” fikri İranın müxtəlif dövlət qurumları tərəfindən ciddi-cəhdlə səbəb kimi təqdim edilməsəydi, İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin “İran və Azərbaycan hökumətləri iki xalqın münasibətlərinin bədxahların təsiri altına düşməsinə imkan verməyəcəklər” fikirlərinə inanmaq olardı. Ancaq belə deyil! İnanmaq çətin deyil ki, bu terrorun arxasında son üç ildə Azərbaycana qarşı müxtəlif təxribatlar törədən molla rejimi dayanır!
Terror törədiləndən az sonra terrorçudan İranın dövlət televiziyasının müsahibələr hazırlaması hadisənin mahiyyətini yayındırmaq üçün yaradılan alibi deyildimi? İran siyasətçiləri buna kimi inandırmağa çalışır?!
Bu terror İranın Azərbaycana münasibətinin necəliyinin göstəricisidir. İran rəsmən terrora görə Azərbaycandan üzr istəməli, terroru təşkil etmiş qurumu, onun rəhbərlərini açıqlamalı, onlar beynəlxalq hüquqi müstəvidə cəzalandırılmalıdır. Bu, Azərbaycançılığın tələbidir! 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı