Türkmənistanın dövlət başçısı Sərdar Berdiməhəmmədov Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı 70 illik yubileyi münasibətilə “Türkmənistanın Fəxri Ağsaqqalı” adı ilə təltif edib.
Bu barədə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun türkiyəli həmkarına göndərdiyi təbrikdə deyilir.
“Türkmən xalqına mehriban qonşuluq və yaşlı nəslə hörmət ənənələrinə sadiq qalaraq, Türkmənistan-Türkiyə münasibətlərinin inkişafına verdiyiniz böyük şəxsi töhfənizi, xalqlarımızın birliyinə yönəlmiş xidmətlərinizi yüksək qiymətləndirərək, həmçinin 70 illik yubileyi münasibətilə sizə “Hormatly il a ulusy” (“Türkmənistanın fəxri ağsaqqalı”) fəxri adının verilməsi qərara alınıb”, - Türkmənistan prezidentinin məktubunda qeyd olunur.
S.Berdiməhəmmədovun sözlərinə görə, ölkəsinin xarici siyasətinin mühüm istiqamətlərindən biri Türkiyə ilə müxtəlif sahələrdə strateji və uzunmüddətli əlaqələrin ardıcıl inkişafı və möhkəmləndirilməsidir. Türkmənistan prezidenti, həmçinin iki ölkənin beynəlxalq təşkilatlar, o cümlədən BMT və Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığını qeyd edib.
S.Berdiməhəmmədov iki ölkə arasında artan ticarət dövriyyəsinə də diqqət çəkib. Onun sözlərinə görə, Türkiyə Türkmənistanın ən böyük xarici ticarət tərəfdaşlarından biridir, onun ölkəsində iqtisadi layihələrin həyata keçirilməsində iştirak edən çoxsaylı türk şirkətləri Türkmənistan iqtisadiyyatının şaxələndirilməsinə və sosial layihələrin həyata keçirilməsinə töhfə verir.
Berdiməhəmmədov Ərdoğanı bütün türkmən xalqı adından "Türkmənistanın fəxri ağsaqqalı" adına layiq görülməsi münasibətilə səmimi qəlbdən təbrik edib, möhkəm cansağlığı, xoşbəxtlik və ailə rifahı, Türkiyə Cümhuriyyətinin qardaş xalqına isə sülh, gələcək tərəqqi və firavanlıq arzulayıb.