Kürdəmirdə böyük həcmli sosial layihəyə start verilib

Əziz Kürdəmirlilər,
Hər birinizi salamlayıram və məlumat üçün bildirirəm ki, rayonumuzda böyük həcmli sosial layihəyə start verilib. Layihənin hədəfi rayon əhalisinin ən az təminatlı ailələri, valideyinlərini itirmiş uşaqlar, tək analar, xəstə yatağına məhkum olan qocalar və uşaqlardır. Məqsəd bu qrupdan olan şəxslərin sosial ehtiyaclarının qarşılanması, geyim, məktəb ləvazimatı, əlillər üçün nəzərdə tutulmuş avadanlıqlarla təmin edilməsi, vətəndaşların miqrasiya, yerli icra orqanları və digər qurumlarla sənəd tərtibatının hazırlanmasında köməklik edilməsi və s. sahələri əhatə edir. Hədəf qruplarından biri də Qarabağ döyüşlərində şəhid olmuş və ya səhhətini itirmiş şəxslərin və onların ailə üzvlərinin səhiyyə problemlərinin qarşılanmasıdır.
Xüsusi minnətdarlıq hissi ilə bildirirəm ki, layihənin icrası ölkə ərazisində fəaliyyət göstərən ən böyük qeyri-hökumət təşkilatlarından olan "Uğur” Gənclər qrupu və "Xeyriyyə” QHT tərəfindən həyata keçirilir və layihənin hədəfi rayonumuzada bu sinifdən olan 3000-5000 (üç-beş min) ailənin ehtiyaclarını qarşılamaqdır. Bu məqsədlə "Uğur” Gənclər qrupu və "Xeyriyyə” QHT-nin rəhbərləri Günel xanım Abbasova və Qahirə xanım Rzayeva iki gün müddətində rayonumuzda olmuş, layihənin fəaliyyət istiqamətlərini müəyyənləşdirmişlər.
İlk olaraq Rayon İcra Hakimiyyəti, yerli icra strukturları, təhsil şöbəsinin təqdim etdiyi məlumatlar əsasında yerlərdə real vəziyyətlə tanış olduq. Layihənin rəhbər şəxsləri tərəfindən rayonun Qarasu, Şilyan, Atakişili, Çöhranlı kəndlərində siyahıya alınmış ailələrin ünvanlarında real vəziyyəti qiymətləndirildi və qeyd etməliyəm ki, artıq iki gün ərzində iyirmidən çox ailəyə baxış keçirilərək konkret yardımlar edildi. Bildirim ki, növbəti həftədən bu proses digər kənd və qəsəbələrimizdə də davam etdiriləcəkdir.


 Xüsusi olaraq qeyd edim ki, layihənin idarə edilməsi deputatın ofisi tərəfindən aparılır və vətəndaşlarla görüşlər, onların problemləri haqqında məlumatların əldə edilməsi, müvafiq istiqamətlərin verilıməsi birbaşa olaraq mənim xüsusi nəzarətim altındadır.
Fürsətdən istifadə edərək "Uğur” Gənclər qrupu və "Xeyriyyə” QHT-nin rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm, onlara işlərində uğurlar arzulayıram.
Əziz seçicilərim, mənim doğmalarım!
Pandemiya səbəbindən rayona gəlmək, sizlərlə canlı ünsiyyət qurmaq imkanım olmasa da fikirlərim, düşüncələrim daim sizinlədir və mən ümid edirəm ki, biz hamılıqla bu çətin günləri arxada qoyaraq bir çox problemlərimizin öhdəsindən birlikdə gələcəyik.
Özünüzü və ailələrinizi qoruyun!!!

Əminə Ağazadə
Millət vəkili