Kürdəmirdə Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib - Foto

İyunun 13-də rayonun Heydər Əliyev Mərkəzində "15 İyun - Milli Qurtuluş Günü” nə həsr olunmuş dəyirmi masa təşkil olunub.

  sabahinfo.az-a verilən məlumata görə tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, Yeni Azərbaycan Partiyasının fəalları, ziyalılar və ictimayətin nümayəndələri iştirak edirdilər.

   Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə tər gül-çiçək dəstələri düzdülər. Heydər Əliyev Mərkəzinin foyesində "15 İyun - Milli Qurtuluş Günü” münasibətilə təşkil olunmuş kitab və rəsm sərgisi ilə tanış oldular.

  Dəyirmi masada  "Tarixi qayıdış və xalqın qurtuluşu ” mövzusunda  Atakişili  kənd tam orta məktəbinin  tarix müəllimi Sevinc Əzimova, "Heydər Əliyev müstəqilliyimizin təminatçısıdır” mövzusunda   Mürtülü kənd tam orta məktəbinin tarix müəllimi  Şəbnəm Məmmədəliyeva və "Heydər Əliyev siyasətinin  uğurlu  davamı”mövzusunda Sor-sor kənd  tam  orta məktəbinin direktoru Zeynal Səfərov çıxış edərək  Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra fəaliyyətindən, yeritdiyi siyasətin ən mühüm və ən başlıca cəhəti respublikamızın müstəqilliyinin qorunub saxlanılması olmasından, Azərbaycan dövlətçiliyinin inkişaf etdirilməsindən ətraflı danışdılar.

         Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qeyd edib ki, 1988-ci ildən başlayaraq Azərbaycanda dərinləşməkdə olan ictimai-siyasi, hərbi böhran getdikcə kuliminasiya nöqtəsinə çatırdı. O vaxtkı Azərbaycan rəhbərliyinin cəsarətsizliyi, qətiyyətsizliyi yenicə qazanılmış dövlət müstəqilliyimizi uçuruma daha da yaxınlaşdırırdı. Belə bir vəziyyətdə ölkə rəhbərliyi əlacsız qalmışdı və nə etmək lazım gəldiyini bilmirdi. Xalq son ümid yeri kimi Ulu öndər Heydər Əliyevə müraciət etdi. Həmin dövrdə xalqın müxtəlif təbəqələrinin nümayəndələri axın-axın Naxçıvana gedir, bu böyük, qüdrətli şəxsiyyətdən Bakıya dönüb respublikanı düşdüyü ağır vəziyyətdən qurtarmaq üçün təkidlə xahiş edirdilər. Ziyalılar müdrik şəxsiyyətə məktubla müraciət edərək mövcud vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz öhdəsinə götürməyi bacaracaq və Azərbaycanı məhv olmaqdan xilas edə biləcək şəxsin yalnız onun olduğunu bildirdilər, təkidlə xahiş etdilər ki, ölkəni böhrandan qurtarmaq üçün yaradılan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq versin. Ziyalıların müraciətinə cavab verən Ulu öndər Azərbaycanda baş verən hadisələrdən, ölkənin gələcək taleyindən ciddi narahat olduğunu və ömrünün qalan hissəsini xalqına həsr etməyə hazır olduğunu bildirdi. O vaxt artıq ölkəni idarə etmək iqtidarında olmayan mövcud hakimiyyət də Heydər Əliyevin Bakıya gəlməsini ondan acizanə xahiş edirdi. Heydər Əliyev xalqın çağırışını qəbul etdi. 1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə müstəqil Azərbaycanın tarixində yeni mərhələ-milli qurtuluş başlandı. Bu, inkişaf, tərəqqi, yeniləşmə və yüksəliş dövrü oldu.

Sonda Yeni Azərbaycan Partiyasına  daxil olmuş bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim edildi.