Bircə su pərisi yox idi – Neftçalada ilk dəfə Balıq Festivalı keçirildi 

Sona yaxınlaşmaqda olan 2025-ci il ərzində Azərbaycanın bölgələrində müxtəlif məhsul festivalları təşkil olunub. Belə ki, Samuxda ərik festivalı, Şəmkirdə tərəvəz festivalı, Daşkəsəndə kəndli-fermer festivalı, Kürdəmirdə bostan festivalı, Xaçmazda şaftalı festivalı, Göygöldə moruq festivalı, Göyçayda nar festivalı, Şamaxıda üzüm və şərab festivalı, Masallıda çəltik-düyü festivalı, Saatlıda pambıq festivalı, Balakəndə xurma festivalı, Ağdaşda heyva festivalı keçirilib.

Sıra Neftçalaya da gəlib çatdı. Dekabrın 4-də saat 11:00-dan başlayaraq, rayonda ilk dəfə Balıq Festivalı təşkil olundu. Tədbir Neftçala Rayon İcra hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və Akvakultura mərkəzinin birgə təşkilatçılığı ilə baş tutdu.

Festivalın təşkilində əsas məqsəd regionun artan turizm potensialını nümayiş etdirmək, Neftçalanın əsrlərdən gələn balıqçılıq ənənələrini yaşatmaq və sakinlərə, eləcə də qonaqlara açıq havada rəngarəng, istirahət imkanı yaratmaqdır.

Girişin sərbəst olduğu festivalda balıqçılıq irsini canlandıran təqdimatlar və unikal sərgilər, rəngarəng əl işləri, interaktiv foto-zonalar və yaradıcılıq guşələri, həyəcanlı müsabiqələr və ailəvi əyləncələr, su idman yarışları, Kür çayında gəzinti, canlı musiqi, rəngli performanslar və enerji dolu konsert proqramı, dünyanın müxtəlif mətbəxlərindən ləzzətlər və xüsusi kulinariya təqdimatları, kənd təsərrüfatı və balıqçılıq məhsullarının sərgi-satış yarmarkası təşkil olunub.

Park-Bulvar Kompleksində qurulan sərgi və satış yarmarkasında müxtəlif növ təzə və hisə verilmiş balıqlar, həmçinin balıq məhsullarından hazırlanmış xüsusi təamlar təqdim edilib. Kür çayında balıq tutma yarışları və çaya nərəcinsli balıqların buraxılması böyük maraqla qarşılanıb.

Tədbirdə iştirakçılara Aqrar Sığorta Fondu haqda ətraflı məlumat verilib, fermerlərin, o cümlədən balıqçşı fermerlərin nohurçuluq təsərrüfatlarına təbii fəlakətlərdən, iqlim dəyişikliklərindən dəyə biləcək ziyanın sığortalanması üçün Fondun xidmətindən yararlanmaları mexanizmləri sadalanıb. Tədbirdə həmçinin Neftçalada fəaliyyət göstərən sənaye müəssisələrinin yenilikləri (yod analizi, qida tullantılarından gübrə hazırlayan cihaz və s.) nümayiş etdirilib.

Tədbir iştirakçıları arasında keçirdiyimiz sorğudan bəlli oldu ki, qonaqlar təşkilati iuşdən razı qalıblar. Sosial şəbəkə üzərindən apardığımız müşahidələr göstərdi ki, festivalda iştirak edə bilməyənlər tədbirin keçirilməsi üçün məhz şənbə və bazar günlərinin seçilməməsindən təəssüfləniblər.

İnanırıq ki, Neftçala Festivalı Azərbaycanda qədim ənənəsi olan balıqçılığın inkişafına və əhalinin ərzaq məhsulları ilə təminatına əhəmiyyətli töhfə verəcək.

 Elnarə Həziyeva