“Bu aparıcılar həyatlarında 2-3 kitab oxuyub, ya yox”

“Bizdə peşəkar xəbər verə bilən, yaxşı çatdıran, üslubu olan aparıcılar çox azdır. Biz xəbərlərin effektinə fikir vermirik. Xəbər bizə ya çox soyuq, ya da çox hay-küylü çatır”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Nizami Cəfərov Milli Məclisin Mədəniyyət komitəsinin iclasında bildirib. 

Deputat qeyd edib ki, ictimai şuralar da bədii şuralar kimi işləmir, özünü doğrultmur: “Yayım Şurası isə müəyyən müddət sonra həvəsdən düşür, nəzarət icraçıların, direktorların əlinə keçir. Bu belə olmamalıdır. Maliyyə Yayım Şurasının əlindədir”.

Teleseriallar mövzusuna da toxunan millət vəkili vurğulayıb ki, seriallar olmadıqca Azərbaycan xalqının nitqi düzəlməyəcək: “Seriallar qədər xalqa təsir edən vasitə yoxdur. Lakin təəssüf ki aktyorlar danışa bilmirlər. Çalışırıq seriallarda yaraşıqlı bəylər, gözəl xanımlar olsun, amma bununla yanaşı nitq də peşəkar olmalıdır. Aparıcılarımızın da hamısı yaraşıqlıdır, lakin əksəriyyətin nitqi kələ-kötürdür. Çünki bu aparıcılar həyatlarında 2-3 kitab oxuyub, ya yox”.