Çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nöqsanlar aşkarlanan çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən paytaxtın Xətai rayonu, S. Əhmədov küçəsi, ev 5D ünvanında fəaliyyət göstərən fiziki şəxs Əsədov Asim Ehtiram oğluna məxsus çörək istehsalı müəssisəsində aparılmış plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, müəssisədə sanitar texniki və sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, havalandırma sisteminin quraşdırılmadığı, tavan, döşəmə və divar səthlərinin asan təmizlənmənin və dezinfeksiya vasitələrinin təsirinə davamlı materiallarla üzlənmədiyi, texnoloji ardıcıllığa və temperatur rejiminə əməl edilmədiyi, xammalların və inqrediyentlərin çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin xüsusi geyimlə tam təmin edilmədiyi, həmçinin ilkin və dövri tibbi müayinədən keçmədiyi aşkar olunub.

Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.