Deputat: AŞPA-nın destruktiv siyasəti ona olan inamı sıfra endirib

“Azərbaycana qarşı qarayaxma kampaniyasının növbəti ünvanı Avropa Şurası Parlament Assambleyası (AŞPA) oldu. Bu dəfə beynəlxalq qurumda təklif olunub ki, Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ məhdudlaşdırılsın. Səbəblər də olduqca cılızdır, amma məsələyə daha geniş prizmadan baxanda məlum olur ki, Qərbin bu strukturu da Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi parlaq Qələbəni həzm edə bilmir. AŞPA nümayəndə heyətimizin səsvermə hüququnu məhdudlaşdırmaqla Azərbaycana təzyiq, Ermənistana isə dəstək göstərməyə çalışır. Ancaq bu səmərəsiz beynəlxalq təşkilatdakılar unutmamalıdırlar ki, Azərbaycana qarşı nümayiş etdirilən bütün bu ikili standart siyasət faydasızdır və Bakı milli maraqlarına, nüfuzuna kölgə sala biləcək istənilən addıma imkan verməyəcək”.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, tibb elmləri doktoru Rəşad Mahmudov söyləyib.

Deputat vurğulayıb ki, AŞPA-nın iclasında Azərbaycan nümayəndə heyəti iştirak etsə də, onun səsvermə hüququ məhdudlaşdırılıb. Əsas səbəb kimi göstərilir ki, 2023-cü ildə Azərbaycan tərəfi Laçın dəhlizinə getməyə və Qarabağdakı vəziyyəti izləməyə, eləcə də azərbaycanlı “siyasi məhbuslarla” görüşə icazə verməyib. Xatırladaq ki, almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnamələrinin təsdiq edilməməsi ilə bağlı qərəzli təklifi dəstəklənib və qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib. Bu təşəbbüsü dəstəkləyən alman deputat və həmkarları məsələni insan haqları baxımından izah etməyə çalışsalar da, bunun insan haqları ilə heç bir əlaqəsi olmadığı aydındır. Əslində, 44 günlük Vətən müharibəsinin nəticələri Avropanın bəzi dövlətlərini ciddi narahat edir. Xüsusilə də Azərbaycanın separatizmə son qoyaraq ərazisinin bütövlüyünü bərpa etməsi “Köhnə dünya”dakıların geosiyasi ambisiyalarını suya salıb. Azərbaycanın 30 il ərzində müxtəlif platformalarda, o cümlədən AŞPA səviyyəsində apardığı müzakirələrdən, qəbul edilən qətnamələrin kağız üzərində qalmasından sonra müstəqil surətdə öz suverenliyini və ərazi bütövlüyünü təmin etməsi bir çox dövlətlərin, beynəlxalq təşkilatların, o cümlədən AŞPA-nın marağına uyğun gəlməyib.

Bu qurum heç zaman Azərbaycana qarşı dürüst davranmayıb. Hələ ötən il oktyabrın 12-də bu qurum Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı həqiqət və faktlardan uzaq, erməni təbliğatının əsas elementlərini təkrarlayan, qərəz və yalanlardan qaynaqlanan qətnamə və tövsiyə sənədi qəbul etmişdi. Rəsmi Bakı o zaman həmin sənədi Avropa Şurasının Azərbaycana göstərdiyi ədalətsiz yanaşmanın növbəti təzahürü kimi qiymətləndirmişdi. Ona görə ki, sənədlərdə regionda mövcud olmuş münaqişənin kökündə dayanan problemlər diqqətdənkənar buraxılmışdı. AŞPA 19-20 sentyabr hadisəsindən sonra erməni mənşəli sakinlərin könüllü olaraq Ermənistana qayıtmalarına tam başqa don geyindirməyə çalışmışdı. Antiterror tədbirləri ona görə həyata keçirilmişdi ki, ölkəmizə qarşı hərbi təhdidlər davam edirdi və buna son qoyulmalı idi. Ancaq AŞPA Azərbaycanın suveren hüquqlarını qorumasına yox, separatizmi dəstəkləyən Ermənistana arxa olmağa çalışmışdı.

Bəs demokratiyanı və insan hüquqlarını qoruyan bu qurum niyə 2020-ci ildə 44 günlük müharibədən sonra münaqişə və mina partlayışları nəticəsində itkin düşmüş azərbaycanlıların taleyinə biganə qaldı? Cavab çox sadədir, AŞPA bəzi beynəlxalq qurumlar kimi siyasi təzyiq aləti rolunu oynamağa can atır.

Reallıq onu göstərir ki, qurumda fəaliyyət göstərən bəzi avropalı nümayəndələr vətəndaşları olduğu ölkələrin destruktiv siyasətlərini AŞPA platformasında da yürütməyə çalışırlar. Buna görə də Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması Qərbin siyasi riyakarlığı və sifariş kimi qiymətləndirilməlidir.

Təbii sual ortaya çıxır: AŞPA üçün insan və vətəndaş hüquqları, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri önəmlidirsə, niyə 30 il Ermənistanın işğal siyasətini qınamadılar? Bu müddət ərzində niyə bir avropalı deputat demədi ki, Ermənistan üzv olduğu təşkilatın digər üzvünün ərazisini işğal edib və buna görə də erməni nümayəndə heyətinin AŞPA-da fəaliyyəti məhdudlaşdırılmalıdır? Ancaq indi Azərbaycanı ittiham etməyə çalışırlar, Bakı yüz minlərlə məcburi köçkünün hüquqlarını bərpa etməyə başlayıb, lakin bu fakt AŞPA-nın üzvlərini narahat edir. Etnik ermənilərin hüquqlarını mövcud olmayan təhlükələrdən qorumağa çalışan AŞPA Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının bərpası və layiqli şəkildə geri qaytarılması ilə bağlı müraciətlərə məhəl qoymur. Bu, ikili standart deyil, nədir?

Deputat sonda qeyd edib ki, Azərbaycan özünə hörmət edən, öz milli maraqlarını qoruyan və digər ölkələrdən də bunu gözləyən dövlətdir. Bakı Avropa təşkilatları ilə də sağlam əməkdaşlıq etmək istəyir və bu istiqamətdə zəruri addımlar atır. Ancaq AŞPA-nın belə destruktiv siyasəti onu gözdən salır və ona inamı sıfra endirir. Azərbaycan ədalətin tərəfindədir. Rəsmi Bakının fəaliyyətində, davranışlarında bu, aydın şəkildə görünür. Ölkəmizə qarşı təhdid, qarayaxama kampaniyası qəbulolunmazdır. AŞPA-nın fəaliyyətində irqçilik, İslamofobiya mühitinin varlığı göz önündədir. Bu qurum heç vaxt Azərbaycana səmimi münasibət göstərməyib və tribunalarında zaman-zaman ölkəmizə qarşı səsləndirilən iftiraların şahidi olmuşuq. Hesab edirəm ki, Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarı alqışa layiq haldır.