Ermənistan üçün növbəti tarixi şans

Xəbər verdiymiz kimi, mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında" sərəncam imzalayıb.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasl üzrə Dövlət Komissiyasının yaradılması haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncam son Brüssel görüşündə əldə olunmuş razılığa əsaslanır:

"Analoji komissiya Ermənistan Baş naziri tərəfindən də yaradıldı. Yaxın günlərdə iki ölkənin sərhədində görüşün keçirilməsi nəzərdə tutulur. Qeyd etmək istəyərdim ki, delimitasiya üzrə komissiyanın yaradılması aprel ayının 6-da keçirilmiş görüşdə razılaşdırılsa da, erməni tərəfinin əsassız tələbləri buna imkan verməyib. Lakin Prezident İlham Əliyevin apardığı prinsipial və qətiyyətli siyasət nəticəsində erməni tərəfi şərtlərimizi qəbul etdi. Beləliklə proses başlandı. İnşallah, yaxın zamanlarda sərhədlər müəyyənləşər, kommunikasiyalar açılar və iqtisadi əməkdaşlığa start verilər. Regionda dayanıqlı sülhün bərqərar olması üçün sadaladığım amillər açar rolunu oynaya bilər".

Deputat qeyd edib ki, Azərbaycanın apardığı siyasət açıq, şəffaf və sülhün əldə olunmasına hesablanıb:

"Lakin Ermənistan barədə bunu demək çətindir. Çünki Ermənistan, Azərbaycandan fərqli olaraq, müstəqil siyasət aparmaq iqtidarında deyil. Əvvəlki üçtərəfli razılaşmaların icra olunmamasının əsas səbəbi məhz budur. Son razılaşmalar Ermənistan üçün növbəti tarixi şansdır. Əgər istifadə etməsə, çox şey itirə bilər.

Ümumiyyətlə, Prezidentin sərəncamı nizamlanma istiqamətində mühüm addımdır. Qazax rayonunun 7 və Naxçıvanın Kərki kəndlərinin qaytarllmasının şahidi olacağıq".