Ermənistana müasir dağıdıcı silahların verilməsi ciddi təhlükədir - Könül Nurullayeva

Şuşada “İskəndər-M” raketinin qalıqlarının aşkar olunması bir daha göstərdi ki, Azərbaycan Ermənistanın işğal siyasətinə son qoymaqla bölgədə çox böyük təhlükənin qarşısını alıb.

Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, Ermənistan kimi ölkələrə müasir dağıdıcı silahların verilməsi olduqca böyük təhlükədir:

"Bu, 44 günlük müharibə dövründə dinc azərbaycanlı əhalinin raket atəşinə tutulması ilə nəticələndi. Qadağan olunmuş silahlardan istifadə, ilk növbədə, Ermənistanın işğalçı mahiyyətini ortaya qoyur. Eyni zamanda silahlardan istifadəyə nəzarət edən beynəlxalq təşkilatlar da bu məsələyə reaksiya verməlidir. NATO-nun tərəfdaşlıq proqramında iştirak edən Ermənistanın digər tərəfdaş ölkə olan Azərbaycana qarşı ağır raketlərdən istifadə etməsi beynəlxalq öhdəliklərin kobud şəkildə pozulmasıdır.

Ermənistan kasetli silahlardan mülki şəxslər və mülki infrastruktura qarşı da istifadə edib. Ümumiyyətlə, 44 günlük müharibə zamanı Ermənistanın hərbi qüvvələri Azərbaycanın şəhər, rayon və kəndlərini böyük dağıdıcı gücü olan silahlardan atəşə tutublar".

Deputatın sözlərinə görə, təsadüfi deyil ki, araşdırma zamanı bəzi beynəlxalq təşkilatlar erməni silahlı qüvvələrinin 44 günlük müharibədə ballistik raket və iri kalibrli artilleriya silahlarından istifadə etdiyi 10-dan çox insidenti sənədləşdirib:

"Məsələ burasındadır ki, bu insidentlər zamanı hərbi hədəflərin müşahidə edilmədiyi ərazilərdə mülki şəxslərin və obyektlərin raket hücumuna məruz qaldığı təsdiqlənib. Hərbi ekspertlərin də söylədiyi kimi, hərbi hədəfləri mülki əhalidən və mülki obyektlərdən ayırd edə bilməyən silahlardan istifadə edilən hücumlar hədəfsiz zərbələr olduğundan müharibə qanunlarını kobudcasına pozur. Bu, eyni zamanda beynəlxalq humanitar hüquqa da ziddir. Əhalinin məskunlaşdığı ərazilərdə dağıdıcı silahlardan istifadə Ermənistanın işğal və terrorçu siyasətinin tərkib hissəsidir. Münaqişə dövründə də, atəşkəs müddətində də Ermənistan mülki əhalini atəş altında saxlayır, azyaşlılar da daxil olmaqla, sivil insanların ölümünə səbəb olan silahlı təxribatlar həyata keçirirdi.

Ümumiyyətlə, istər münaqişənin davam etdiyi, istərsə də 44 günlük Vətən müharibəsi dövründə bir daha aydın oldu ki, Ermənistanın silahlarla davranışı həddindən artıq təhlükəlidir. Bu ölkə nəinki müharibə vaxtı, habelə humanitar atəşkəs dövründə də özünü sözün həqiqi mənasında terrorçu kimi aparır. Bu baxımdan Ermənistan ilə silah əməkdaşlığı edən tərəflər daha diqqətli olmalı, silahlara nəzarət edən təşkilatlar isə intensiv şəkildə Ermənistana öz öhdəliklərini xatırlatmalıdır".