Cavanşir Feyziyevin müraciətinə Avropa Parlamentindən reaksiya

Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, millət vəkili Cavanşir Feyziyev Ermənistanın hərbi təxribatı ilə bağlı Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə səlahiyyətlə şəxslərinə müraciət edib. Müraciətdə Ermənistanın təcavüz aktı barəsində  Avropa Parlamentinin vəzifəli şəxslərinə ətraflı məlumat verilmiş və sərhəddə baş verən hadisələr və onların doğuracağı nəticələr  üçün bütün məsuliyyətin Ermənistanın siyasi hakimiyyətinin üzərinə düşdüyü bildirilmişdi. Bu gün redaksiyamıza  daxil olan məlumata görə Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri xanım Marina Kalyurand  deputatımızın müraciətinə cavab olaraq Bəyanat yayımlayıb.



Xanım Kalyurand öz Bəyanatında son günlərdə Azərbaycan-Ermənistan sərhədində baş verən və Tovuz rayonunda hərbi və mülki şəxslərin həlak olması ilə nəticələnən hərbi qarşıdurmaya görə dərin narahatlıq hissi keçirdiyini bildirir və həlak olmuş şəxslərin ailələrinə dərin hüznlə başsağlığı ifadə edib. Diplomat qeyd edib ki, Avropa Parlamentinin dəfələrlə qeyd etdiyi kimi, bu münaqişənin hərbi yolla həlli yoxdur və münaqişə yalnız BMT Nizamnaməsinə və ATƏT-in Helsinki Yekun Aktına uyğun şəkildə beynəlxalq hüquq normalarına əsasən həll edilməlidir. Bəyanatda ATƏT-in Minsk Qrupunun 2009-cu il Əsas Prinsipləri əsasında münaqişənin həlli istiqamətində səylərinə dəstək ifadə olunur. Avropa Parlamentinin təmsilçisi   münaqişə tərəflərini hərbi əməliyyatları dərhal dayandırmağa, gərginliyin artmasına xidmət edən bütün hərəkətlərdən çəkinməyə və münaqişənin dərinləşməsinin qarşısını almaq üçün dərhal danışıqlara başlamağa çağırış edib.