“Könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatlar təqdim edilib

Dövlət Gömrük Komitəsində fəaliyyətini başa vuran növbəti “Könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatların verilməsi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə çıxış  edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, Komitə sədrinin vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov gənc nəslin sağlam, savadlı, vətənpərvər ruhda yetişməsini, hərtərəfli dövlət qayğısı ilə əhatə olunaraq cəmiyyətin bütün sahələrində təmsil olunmasını ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin nəticəsi kimi səciyyələndirib, 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyinin nümayiş etdirdiyi qəhrəmanlıq, əzm, vətənpərvərlik nümunəsinin ölkəmizdəki məqsədyönlü gənclər siyasətinin bariz nümunəsi olduğunu bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı ilə formalaşan könüllülük hərəkatının ölkəmizin sosial-iqtisadi həyatında mühüm rol oynadığı vurğulanıb, gənc nəslin hərtərəfli inkişafı, bilik və bacarıqlarının artırılmasındakı əhəmiyyətindən danışılıb.

Tədbirin sonunda “Könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatlar təqdim edilib.