Siyasətçilər müasir dövrü keçid dövrü adlandırır. Qarşılıqlı anlaşılmazlıqlar da keçid dövrünün təzahürüdür, əsassız ərazi iddiaları da, ərazi iddialarına görə başlayan müharibələr də. Siyasi fəaliyyəti dinc dünyaya yönəltmək zərurəti bütün dövlətlərin xarici siyasətinin əsasını təşkil etmir. Ona görə münaqişələr olur, münaqişələr böyüyüb müharibəyə çevrilir, müharibə ölümlərlə, dağıntılarla nəticələnir. Bunların qarşısını siyasi dərklə alınması baxımından dünyəvi proseslər də genişləndirilir. Belə proseslər həm də Forumlarla həyata keçirilir.
Martın 12-də Bakıda keçirilən “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Forum da bu qəbildəndir. Bakı Forumu kimi gerçəkləşən bu Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də çıxış etdi. Bu çıxış Forumun mahiyyətinin açılması baxımından diqqəti çəkdi. Təhlükəsizlik, sabitlik və müdafiə məsələlərinin hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmasa qalan bütün məsələlərin tamamilə mənasız olacağını, bu Forumun gündəliyinin çox geniş olduğunu, əsas diqqətin bölgəmizdəki və dünyadakı mövcud vəziyyətə yönəldiləcəyinə əminliyini diqqətə çatdıran dövlət başçımız regional təhlükəsizliyin Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olduğunu, işğal olunmuş ərazilərimizi güc vasitəsilə azad etdiyimizi, sülhə siyasi yollarla nail olduğumuzu da qeyd edərək dedi: “Beləliklə, biz dünya miqyasında nadir bir təcrübəyə malikik - milyonlarla insanın etnik təmizləməyə məruz qaldığı işğal şəraitində yaşamaq təcrübəsi. Təqribən 30 il ərzində ərazimizin təxminən 20 faizi işğal altında olmuşdur. Biz beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə lazımi diqqətin göstərilməməsindən və münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq aktorların selektiv yanaşmasından əziyyət çəkirdik. Təxminən 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən qətnamələri yalnız kağız üzərində qalırdı. Beləliklə, bu bir təcrübədir, amma bu mənfi təcrübə olmuşdur. Daha sonra 2020-ci ilin 44 günlük Vətən Müharibəsi zamanı ərazilərimizi güc vasitəsilə azad etmək təcrübəsini qazandıq və düşünürəm ki, bu da mühüm göstəricidir. Əgər sülh yolu ilə həll üçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək zəruridir. Məhz belə də oldu. Biz əvvəlcə güc tətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Bu da müasir tarixdə, müasir dedikdə son onillikləri nə¬zərdə tuturam, nadir bir təcrübədir ölkə özü güc tətbiq edərək suverenliyini və ərazi bütöv-lüyünü bərpa etdi”.
Sülh ikitərəfli münasibətlərin dayağıdır. Əgər hər iki tərəf buna səmimiyyətlə əməl edirsə. Sülh hər iki tərəfin iqtisadi inkişafı, sağlam gəncliyi, müasir səviyyədə həyata keçirilən təhsil sistemi deməkdir. Sülh hər iki tərəfin sabahlarının qarantıdır. Forum iştirakçıları dövlət başçımızın bu tezisləri əhatələyən fikirlərini də böyük diqqətlə dinlədilər, bu fikirlərin təkcə siyasi mahiyyətini deyil, həm də həyati dəyərin ifadəsinə əmin oldular: “Üçüncü təcrübə isə sülh təcrübəsidir – sülhə necə nail olmaq olar. Bu isə asan iş deyil. Biz görürük ki, uzunmüddətli münaqişələr davam edir və qlobal xəritədə yeni gərginlik nöqtələri yaranır. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması da nadir bir vəziyyətdir: 2023-cü ilin sentyabrında baş verən son qanlı toqquşmadan 2025-ci ilin avqustunda sülhün əldə edilməsinə qədər müddət iki ildən az çəkdi. Hesab edirəm ki, bu, normallaşmanın görünməmiş sürətidir və güclü siyasi iradənin mövcudluğu və düşmənçiliyin əbədiyyətə qədər davam edə bilməyəcəyinin, müharibənin sona çatmalı olduğunun dərk edilməsi sayəsində mümkün oldu. Bu, iki ölkə tərəfindən verilmiş bir qərar idi və indi biz, qeyd etdiyim kimi, yeddi aydır sülh şəraitində yaşayırıq. Biz artıq sülhün üstünlüklərini görürük. Mən bunu dəfələrlə demişəm və bir daha təkrar edəcəyəm: sülhdən daha yaxşı heç nə yoxdur. Zənnimcə, dünyada hazırda baş verənlər – yeni gərginlik nöqtələrinin yaranması və uzunmüddətli mövcud münaqişələr beynəlxalq davranış strukturuna təhdid təşkil edir. Bu, həmçinin beynəlxalq hüquqa təhdiddir. Beynəlxalq hüquqa və normalara hörmət edilməyəndə və beynəlxalq təşkilatların qətnamələri nəzərə alınmayanda ölkələrin ərazi bütövlüyü pozulur”.
Azərbaycanın ikitərəfli formatda – heç bir üçüncü tərəf olmadan sülhə nail olmağı qarşısına məqsəd qoyduğunu, özlərini Minsk qrupu adlandıran vasitəçilərin 28 illik fəaliyyətinin bir fəlakət, həmsədrlərin məqsədinin münaqişəni dondurmaq, onu əbədiləşdirmək və hər iki ölkəyə qarşı təzyiq aləti kimi istifadə etmək olduğunu da diqqətə çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olduqca vacib bir məsələdən də söz açdı enerji təhlükəsizliyindən: “Xüsusilə indi paylaşa biləcəyimiz digər vacib bir təcrübə enerji təhlükəsizliyidir, hansı ki, hazırda müəyyən dərəcədə pozucu təsir göstərir. Biz görürük ki, neft və qaz qiymətlərinin kəskin yüksəlişi yalnız istehlakçılar üçün deyil, geniş mənada bir çox problemlər yaradır. Kimsə düşünürsə ki, bu tarazlaşdırılmamış qiymət neft istehsalçıları və ixracatçıları üçün faydalıdır, bu yanlışdır. Çünki bir çox ölkələrin, neft və digər faydalı yanacaq istehsal və ixrac edən ölkələrin suveren fondları var və bu fondlar müxtəlif maliyyə alətlərinə, o cümlədən istiqrazlara investisiya qoyurlar. Birjalar çökdükdə isə bu ölkələr yüksək neft qiymətindən qazandıqlarından daha çox itkiyə məruz qalırlar. Buna görə də biz OPEC+ formatının məsuliyyətli üzvü olaraq, tarazlı və proqnozlaşdırıla bilən neft qiymətinin tərəfdarıyıq, ortaq həllin tapılmasına böyük səylər göstərmişik və OPEC+dakı vasitəçilik fəaliyyətimiz yüksək qiymətləndirilir. Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır. Azərbaycan bütün enerji seqmentlərinin neft, qaz, neft məhsulları, neft-kimya məhsulları və elektrik enerjisinin istehsalı və ixracı ilə məşğuldur. Bazarda tələb və tədarük coğrafiyasının genişlənməsi ilə bağlı biz ixracımızı, xüsusilə təbii qaz və elektrik enerjisinin ixracını artırmağı planlaşdırırıq. Keçən il düz bir il əvvəl görüşdüyümüz zaman bizdən qaz alan ölkələrin sayı 12 idi. Bir il ərzində bu göstərici 16-ya yüksəldi və onların hamısı Azərbaycandan qazı boru kəmərləri vasitəsilə alır. Beləliklə, boru kəmərləri vasitəsilə təbii qaz ixracatçısı kimi, ölkələrin coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. İxrac həcmi artmaqda davam edir və artacaq, bu isə bir çox ölkə üçün enerji təhlükəsizliyi baxımından mühüm amildir. Azərbaycan beynəlxalq bazara etibarlı neft təchizatçısı kimi enerji təhlükəsizliyinə töhfəsini verməyə davam edəcək”…
Dövlət başçımız Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaş olduğunu, Ermənistanla sülh əldə edildikdən sonra Orta Dəhlizin yeni istiqaməti üzərində yaxından işlədiyini də diqqətə çatdırdı...
“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu bir tarixi gerçəkliyin də ifadəsi oldu: sülhə ad olan beynəlxalq tədbirlər sülhün cəfakeşi olan bəşəri dövlətlərdə daha böyük coşqu ilə keçirilir!..
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı