“Lavrovun açıqlamaları manipulyasiya xarakteri daşıyır”

“Sergey Lavrovun səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur. İran öz təxribatlarına davam edir, hərbi texnikalarını Azərbaycan sərhədlərinə yığır. Eyni zamanda, SEPAH nümayəndələri vasitəsilə ölkəmizə hədə-qorxu gəlir və Ermənistanla daha da yaxınlaşmaq xəttini davam etdirir”.

Bu fikirləri Editor.az-a Milli Məclisin deputatı Nəsib Məhəmməliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla danışıqlarının yekunlarına dair mətbuat konfransında İran və Azərbaycan arasında sürtüşmənin müvəqqəti olduğuna və tezliklə problemin həll olunacağına inandığını ifadə edən çıxışına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, İranın həm siyasi, dini, həm də hərbi rəhbərliyi birbaşa Azərbaycan əleyhinə fəaliyyət göstərir:

“Belə bir halda hansı əməkdaşlıqdan söhbət gedə bilər? Lavrovun səsləndirdiyi fikirlər sadəcə manipulyasiyadır və reallığı əks etdirmir. Əməkdaşlıq istəyən tərəf bu istiqamətdə pozitiv addımlar atmalıdır. Amma indiki halda İran nəinki müsbət addımlar atır, əksinə gərginliyi daha da artırır. El arasında “zəhər kanalı” adlandırılan “səhər kanalı” İran ali rəhbərliyinə tabedir və burada yayımlanan məlumatlar hər kəsə məlumdur. Hazırkı vəziyyətdə İran-Rusiya-Azərbaycan əməkdaşlığı üçün münbit şərait yoxdur”.

Deputat qeyd edir ki, Rusiya ilk başda üçlü əməkdaşlığın yaranması üçün mövcud vəziyyətdə kommunikasiyaların açılmasına şərait yaratmalıdır:

“Hərbi texnikaların sərhədə yığılması böyük təhlükədir. Xoşməramlı addım deyil. İndiki vəziyyətdə daha çox ayıq-sayıq olmalıyıq. Bizim Türkiyə ilə qardaşlıq əlaqələrimiz, digər ölkələrlə isə hərbi əməkdaşlığımız mövcuddur. Azərbaycan ordusu günü-gündən güclənir. Lakin ehtiyatda olmağımız lazımdır”.