Anım günü tarixin yaddaşında ehtiram kimi qalacaq

“Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə də öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər”. Böyük Britaniyanın Baş naziri Toni Bleyer belə demişdi. Bu fikirlər böyük bir dövlətin başçısının səmimi etirafı idi və həm Azərbaycana, həm də ona rəhbərlik etmiş böyük tarixi şəxsiyyətə ehtiram idi...

Böyük tarixi şəxsiyyət ən böyük azərbaycanlı idi...

O illərdə Azərbaycanda ali məktəblər məhdud idi. Böyük tarixi şəxsiyyət Heydər Əliyev Moskvanın razılığı ilə hər il Azərbaycandan yüzlərlə gəncin SSRİ-nin ən nüfuzlu universitetlərində təhsil almalarını da təmin etdi, ali təhsilli gənc mütəxəssislərin bu və ya digər respublikada məqsədli aspiranturada təhsil almasını da. Bunun Azərbaycanda cəmiyyətin inellektual səviyyəsinin artımında da müstəsna əhəmiyyəti oldu, elmin inkişafında da, Azərbaycanın və azərbaycanlıların tanınmasında da...

1970-ci ildə Bakı Dövlət Universitetinin 50 illiyi qeyd edilirdi. Azərbaycan KP MK-nın birinci katibi olan Heydər Əliyev bu mötəbər tədbirdə Azərbaycan dilində çıxış etdi. Bu, o dövr üçün böyük cəsarət idi. Bu çıxış Azərbaycanda da, Azərbaycandan kənarda da böyük əks-səda doğurdu. Azərbaycana da, onun rəhbərinə də rəğbət bəsləyənlər çoxaldı.

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə sovetlər dönəmində Azərbaycanın iqtisadi inkişafını təmin edəsi İttifaq miqyaslı sənaye müəssisələri yaradıldı. Bakı Məişət Kondisionerləri zavodu, Ozon zavodu, EHM zavodu, Radio-zavod, ... o dövrlərdə SSRİ miqyasında ən böyük və məhsuldar sənaye obyekti idi. Minlərlə vətəndaş tam avtomatlaşımş bu müəssisələrdə işləyir, işləyə-işləyə ali təhsil alırdı. Bu da cəmiyyətin intellektual səviyyəsinin yüksəlişində vasitə idi...

Azərbaycanda milli-azadlıq hərəkatı genişləndi, Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı qəbul olundu. Lakin hakimiyyət boşluğu, səriştəsizlik dövlətçilik üçün böyük təhlükələr yaratmışdı. Onda xalq ciddi təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Azərbaycanı varlığı bilən böyük insan, ən böyük azərbaycanlı bu dəvəti qəbul etdi, Bakıya qayıtdı. Qısa müddətdə yaranmaqda olan milli qarşıdurmanın qarşısı alındı, bu və ya digər siyasi qruplara xidmət edən silahlı dəstələr ləğv olundu, yerli ərazi özünümüdafiə taborları buraxıldı, orduda vahid komandanlıq yaradıldı. Bu tədbirlər ordunun nizami ordu kimi formalaşmasının başlanğıcı oldu...

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərkərdəliyi ilə 1993-cü il dekabr ayının sonlarında keçirilən Horadiz əməliyyatı yanvarın 6-da başa çatdı. Əməliyyat Azərbaycan Ordusunun şəxsi heyətinə bir həqiqəti yaşatdı: Azərbaycan Ordsusu qələbələr qazanmağa qadirdir. Bu əməliyyat ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksəlişində mərhələ oldu. Əməliyyat nəticəsində Horadiz qəsəbəsi, Füzuli rayonunun 21 kəndi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Azərbaycanın nəzarətinə keçdi. 2016-cı ilin Aprel döyüşlərinin mənəvi başlanğıcı Horadiz əməliyyatı hesab edilməlidir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü, rəhbərliyi ilə Azərbaycanla dünyanın iri dövlətləri arasında iqtisadi müqavilələr imzalandı ki, bunlar da gənc Azərbaycan dövlətinin iqtisadi inkişafında vəsilə oldu...

Azərbaycanda ordu quruculuğu dinamik əsaslarla aparılırdı. Ordunu yüksək hərbi biliklərə malik zabit kadrları ilə komplektləşdirmək üçün Azərbaycanda Hərbi Akademiya yaradıldı.

Xalqımız ümummilli Lideri Heydər Əliyevin siyasi irsini uğurla davam etdirir. Hələ 1988-ci ildən başlayan ərazi iddiası,bu iddiaya görə başlayan işğalçılıq müharibəsi ərazilərimizin 20 faizinin işğalı ilə nəticələnmişdi. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində Ordumuz Ali Baş Komandanın sərkərdəliyi ilə tarixi Zəfər qazandı. Bu Zəfər böyük tarixi şəxsiyyət Heydər Əliyevin dövlətçilik siyasətinin Zəfəri hesab edilməlidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev böyük tarixi şəxsiyyətin yolunu uğurla davam etdirir.

Böyük tarixi şəxsiyyətlərin ideyaları da xalqın sabahlarına düşən işıqdır.

Heydər Əliyevin anım günü tarixin yaddaşında ehtiram kimi qalacaq...

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı