Müəllimlər sinif otaqlarını icarəyə götürür

“Bakı şəhərindəki məktəblərin 10-11-ci sinif şagirdlərinin 40-50 faizi dərsə getmir”. Bu iddianı Modern.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Etibar Əliyev səsləndirib. Deputatın fikrincə, məktəblərdə tədrisin keyfiyyəti get-gedə aşağı düşür: “Müəllimlər sinif otaqlarını icarəyə götürüblər. Müəllim dərsdən sonra şagirdlərə hazırlıq keçir. Müəllim maaş əsasında mövcud proqrama uyğun keçdiyi dərslə niyə kifayətlənmir? Necə ola bilər ki, müəllimin sinifdə keçdiyi dərs keyfiyyətssiz, hazırlıqda keçdiyi dərs keyfiyyətli olur? Bu absurddur. Belə çıxır ki,  məktəblərdə tədrisin keyfiyyəti aşağı düşür. Həm deputat kimi, həm də təhsil eksperti kimi deyirəm ki, məktəblərdə davamiyyət yoxdur. Bu məktəblərin deqradasiyası deməkdir. Bunun qarşısı alınmalıdır. Davamiyyətlə bağlı çox ciddi tədbirlər görülməlidir”.

 

Deputat vurğulayıb ki, müəllimlərin keçdiyi dərslərin keyfiyyəti çox ciddi şəkildə yoxlanılmalıdır: “Məktəbi itirən cəmiyyət öz gələcəyini itirir. Biz məktəbə bu cür yanaşa bilmərik. Hamı həyacan təbili çalır. Məktəblə valideyn arasında qarşıdurmalar var. Valideynlər tədrisə, direktorlara etiraz edirlər. Düşünürəm ki, məktəb mühitinin yaxşılaşdırılması, şagirdlərin davamiyyətinin gücləndirilməsi, məktəb təhsilinin keyfiyyətinin artırılması istiqamətində çox ciddi işlər görülməlidir.Burada ən pis məqam ondan ibarətdir ki, hər şey pisə doğru dərinləşir”.

 

Parlamentari kənd məktəblərində vəziyyətin ürəkaçan olmadığını sözlərinə əlavə edib: “Mənə bu gün məlumat verdilər ki, Beyləqanın Baharabad kəndində riyaziyyat, kimya və ingilis dili müəllimi yoxdur. Biologiya müəllimi isə müvəqqətidir. Bu biabırçılıqdır. 21-ci əsrin məktəbi belə olmamalıdır”.