Razi Nurullayevdən qazilərin iş problemi ilə bağlı təklif: “Kurslar açılsın”

“Hər gün Vətən müharibəsində iştirak edən qazilərimizdən, müharibə iştirakçılarından məktublar alırıq. Onların çoxu deyir ki, dolana bilmirlər, işlə təmin olunmağı xahiş edirlər. Nəzərinizə çatdırım ki, onların çoxunun işlə təmin olunmasında ciddi problem təhsil və peşələrinin olmamasıdır. Təhsili və peşəsi olmayanı isə normal işlə təmin etmək mümkün olmur”.

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev deyib.

O bildirib ki, çox qazılərlə və müharibə iştirakçıları ilə təmas qurur:

“Sorğu da apardım. Gəldiyim nəticə budur ki, bu insanların məşğulluq problemini həll etməyin ən asan, ədalətli və haqqlı yolu onları ali və peşə təhsilinə cəlb etməkdir”.

Deputat təklif edib ki, müharibə iştirakçılarından olan ali və peşə təhsilli şəxslərin işlə təmin edilməsi üçün təxirəsalınmaz addımlar atılsın:

“İkincisi, ali və peşə təhsili olmayanların isə ali və peşə təhsilinə cəlbi tez bir zamanda reallaşsın. Lazımdırsa peşə təhsili ilə bağlı yeni kurslar açılsın. Bu mütləqdir. Ali təhsil üçün ən məqbul üsullardan biri hər bir ali təhsil müəssisənin yanında əlavə kurslar açılmasıdır. Hər bir universitet ən azı 50-100 nəfəri təhsilə cəlb edə bilər. Bir və iki illik intensiv kurslar açılsın və onlara təhsil verilsin. Bu kursların da dövlət tərəfindən qəbul edilməsi üçün parlament səviyyəsində müzakirələr aparılıb qanun qəbul edilə və ya qanuna dəyişiklik oluna bilər. Vacib olan odur ki, müharibə iştirakçılarına savad və peşə verək, onlar özlərinə ləyaqətli həyat və gələcək qura bilsinlər. Əks halda, ölkəmiz durduqca, biz bu problemleri illərdən illərə və nəsillərdən nəsillərə ötürməli olacağıq”.