Sözün ucalığı ömrün ucalığıdı

Təbiətin insanın xarakterinə təsiri olurmu? – sərt qayaların, uca dağların, göz işlədikcə uzanan qövsi-qüzeh ləçəkli çiçəklər sərgisinə dönən çəmənzar-düzlərin, sərin sulu bulaqların, kəhrizlərin, sıx meşələrin,… fərqinə varmamışam. Mənə elə gəlir ki, qaya sərtliyi görən sərtliyin nə olduğunu duyur, çiçəyi çiçəyə söykənən çəmənzar görəndə gözəlliyin, əsrarəngiz səsiylə heyrət yaradan bulaqları, kəhrizləri dinləyənlər həzinliyin, sıx meşələri görənlər keçilməzliyin nə olduğunu dərk edir. Bu dərketmədə xarakter formalaşdırma qüdrəti olduğunu zamanında bilmirik.

Belə təbiət Zəngilanda, Zəngilanın Vənətli kəndində də var. Uşaqlar bu ecazkarlığın əhatə­sində yeniyetmələşiblər, yeniyetmələr bu heyrətin fəlsəfəsini dərk edə-edə cavanlaşıblar. İmamverdi İsmayılov 1958-ci il iyunun 10-da bu kənddə anadan olub. Dünyaya ilk salamı nə vaxt olub – çətin ki, yadına düşsün. 64, 63 il əvvəl verilən salam, alınan əleyk yadda qalmaz. Yadda qalan budur ki, o salam-əleyk səmimi salam-əleyk olub, tərəddüdsüz deyə bilərik ki, şirinliyini indi də saxlamaqdadı – İmamverdinin düşüncələrində, söhbətlərində, Vənətliyə, Zəngilana, Azərbaycana ad olan söhbətlərdə, aqilləri aqilanə xatırlamalarda. Neçə illər əvvəl Abdulla Şaiqə ünvanlanmış bir kəlam eşitmişdim: Yad et məni, Şaiqanə yad et. Yəni Şaiq kimi, Şaiq duyumuyla, Şaiqin həyat, yaşam fəlsəfəsiylə, Şaiqin bədii düşüncəsinin qüdrətiylə yad et; İmamverdi nə xatırlayırsa, azərbaycançılıq düşüncələriylə xatırlayır. “Hər sadə, mürəkkəb cümləsinin də əzəl mübtədası Azərbaycan” olmaqla xatırlayır. Biz də nə xatırlayırıqsa, belə xatırlayırıq….

Meşələri çox sevib İmamverdi – atası İbiş kişi müşəbəyiydi. Ağacın ağaca söykəndiyini də görürdü, ağacın ağaca yük olduğunu da, şimşəyin ağacı yaraladığını da, dolaşığa düşən cığırları da,… Görürdü və gördüklərini gözlərinə, gözlərindən könlünə köçürürdü.  Bilmirdi ki, gördükləri gələcəkdə mətləb-mətləb düşüncələrindən dikələcək – gerçək söz adamı, sözün gerçək adamı olandan sonra zamanında təbiətdə gördüklərini cəmiyyətdə görəndə qaşları çatılacaq, “Görəsən cəmiyyətmi təbiətin təkrarıdı, təbiətmi cəmiyyətin?” – düşünəcək və təbiətin qüdrətinə salavat çevirəcək…

Orta məktəbi bitirdi. Söz çəkirdi onu, sözün düzümünə aludəlik çəkirdi, hadisə və pred­metlərə sözün işığından baxma marağı çəkirdi – jurnalist olmağı qərara almışdı. Sənədlərini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı) jurnalistika fakültəsinə verdi…

İmamverdi sözü sevirdi, sözlə sevdirmək istəyirdi, sözü yaşadırdı, sözlə yaşatmaq istəyirdi; niyyəti bəlli tələbəydi. Şirməmməd müəllimin, Nürəddin müəllimin, Nəriman müəllimin, … mühazirələri, mühazirələri tamamlayan söhbətləri, xatirələri onun da düşüncələrinə hopurdu. O da hiss edirdi ki, həqiqətən “Dama-dama göl olur”; Tələbə-jurnalist yaza-yaza püxtələşirdi, püxtələşə-püxtələşə yazırdı. Xırda-para qeydlər nəzərə alınmasa yazdıqları (informasiyalar, məqalələr) bəyənilirdi – müəllimləri də bəyənirdi, redaksiyaların əməkdaşları da. Bir dəfə “Hansı məqaləni daha əzizliklə xatırlayırsan?” – sualına “İlk məqaləmi. İlk məqalə ilk övlad kimidi…” – deyib

Universiteti 1980-ci ildə bitirdi. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində əmək fəaliyyətinə  başladı. Gənc, istedadlı (və intizamlı!) kadr həmişə ehtiramlarla əhatələnir. Həm də belə ehtiramlar işıq misallı olur – hər yerdən görünür…

İmamverdi İsmayılov 1987-ci ilə kimi Komitədə ştatdankənar müxbir, kiçik redaktor, redaktor, böyük redaktor, şöbə müdiri vəzifələrində işlədi.

Geniş söz ehtiyatına malik idi, səlis nitqi vardı. Bunlar efirə xas jurnalistlik xüsusiyyətləri idi, İmamverdi İsmayılovu belə tanımışdılar və bu yaradıcılıq xüsusiyyətləri onun zəmanəti oldu – bu xüsusiyyətlərinə görə Azərbaycan televiziyasının “Gənclik” Baş redaksiyasının baş redaktoru vəzifəsinə təyin edildi. Fəaliyyətin mahiyyəti eyni idi – jurnalistika, forma nisbətən müxtəlif idi. Forma müxtəlifliyi istedadlıların yeni yaradıcılıq keyfiyyətlərini üzə çıxardır. İmamverdi İsmayılov ad-soyadı səmimiliklə titrlərdən könüllərə köçürdü – verilişlərin mahiyyəti ilə, sözün, görüntünün sözlə görüntünün vəhdətinin qüdrəti ilə, tarixin verilişlərdə, bəzən süjetlərdə əks-sədası ilə, Azərbaycan gəncliyinin “Biz varıq, var olarıq, haqqa ixtiyar olarıq!”, – divani hikməti ilə,…

“Hər verilişdə ən azı yeni bir yaradıcılıq çaları yoxdursa, o veriliş zəif verilişdi. Yeniliklər yaddaqalma, tarixləşmə iksiridi”, – İmamverdi belə deyərdi.

“Gənclik” sevilirdi, gənclik “Gəncliy”i sevirdi – “Gənclik” gəncliyin Azərbaycan adlı dün­ya­dan dünyaya çatan səsi idi.

İmamverdi İsmayılov 1990-cı ilə kimi “Gəncliy”in baş redaktoru oldu…

Yaza-yaza püxtələşmiş tələbə İmamverdi İsmayılov burda baş redaktor kimi sujet-sujet tanındı, tanına-tanına ədəbi kimliyini təsdiqlədi…

Yaradıcılıqla bağlı redaksiyalarda “yeni nəfəs” məfhumu var – “filankəs gəlişiylə redaksi­ya­ya yeni nəfəs gətirdi”. Bu məfhumun yenilik çaları yaradıcılıq uğurunu ümumiləşdirir – əməkdaşlar bu yeniliyə yeniliklər gətirə-gətirə onu təqdir edir. İmamverdi belə tanındı, belə sevildi…

O vaxtlar yeganə tele-kanal vardı, əməkdaşların yaradıcılıq məsuliyyəti bu yeganəliklə səslə­şir­di. Ciddi senzura vardı, hər sözün çalarları nəzərə alınırdı. Bu ideoloji tələblərə əməl etməmək arzuolunmaz müzakirələrlə, arzuolunmaz müzakirələr arzuolunmaz əmrlərlə nəticələnə bilərdi. Bu ehtimallar müəlliflərin də düşüncələrindəydi, baş redaktorun da; mətləb ideoloji “ilişkənliyə” səbəb olmadan deyilirdi. Sözün görünməyən tərəfi düşüncələrə  daha gərəkli olurdu. “Gənclik” baş redaksiyası bu tezisin işığında baş redaktorun yaradıcı düşüncələrinin xeyir-duası ilə uğurlu verilişlər hazırlayırdı. Onun təşəbbüsü ilə hazırlanan verilişlər, uğurlu tele-layihələr tarixdə də qalıb, yaddaşlarda da…

İmamverdi İsmayılov jurnalist kimi, istedadlı jurnalist kimi, peşəkar jurnalist kimi də ehtiramlar əhatəsindəydi, rəhbərlik etmə bacarığı ilə də, novatorluğa – yeniliyə səmimi münasibəti ilə də…

     1990-1992-ci illərdə isə “Kirpi” satira jurnalında işlədi. Bir atalar sözünü xatırlayıram: “İgidin sağı-solu olmaz”; İmamverdi İsmayılov bu jurnalda da jurnalistikada boyu görünən jurnalist oldu. Hazırda Respublika Mətbuat Fondunun sədri olan İmamverdi İsmayılov “Əməkdar jurnalist” fəxri adina layiq görülüb və “Qızıl qələm “ mükafatı laureatıdır.

     Yaxından tanıyanlar deyir ki, İmamverdi sadə insandır (sadəlik insanın mənəviyyatının göyqurşağıdır), təvazökardır (özündən razılıq özünə düşmənçilkdir), qayğıkeşdir (buna bəşəriliyə sədaqət də demək olar).

İmamverdi İsmayılov azərbaycançılıq ideologiyasına sədaqətli azərbaycanlıdır. Bu sədaqət onun yaradıcılığında da görünür (həm də kifayət qədər işıqlı səviyyədə!).

İmamverdi İsmayılov publisistdir – sözün çalarlarına yaxşı bələdliyi onun siyasi publisis­ti­kada bəyənilən, örnəkləşən məqalələrində təzahür edir. Nədən yazır-yazsın, orda Azərbaycan var, Azərbaycan dövləti var, Azərbaycan dövlətçiliyi var, azərbaycançılıq var.

İmamverdi İsmayılovun “Məhək daşı”, “Şah və Mat” əsərləri siyasi publisistikamızın uğur­la­rındandır. Söz təkcə mətləb yaratmır, söz həm də mətləbin ruhunun göstəricisi olur. İmamverdi bu əsərlərində Azərbaycana sədaqət kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin obrazını yarada bilib. Bu obraz tarixin fonunda tarixi obrazdır.

Təşbeh, bənzətmə fikrin daha əhatəliliyini təmin edir. Və yaxşı, orijinal təşbeh də, bənzətmə də ədəbi təfəkkürün ifadə formalarındandır. İmamverdi İsmayılovun yaradıcılığına bələd olanlar bilir ki, istedadlı jurnalistin məqalələrində də, kitablarında da belə ədəbi triumflar var və onlar bəyəniləndir. Bu fikirlər onun siyasi publisistikasına da xasdır: “Siyasət meydanı – hüdudları bilinməyən, oyun şərtləri, qaydaları doğru-dürüst bəlli olmayan və dünyanın özü böyüklüyündə Şahmat Taxtasıdır”. Fikirlər orijinaldır, yenidir, düşündürücüdür. Oxuyursan, düşüncələrin bu fikirlərin davamına yönəlir. Davamında daha həssas, daha gərəkli fikir olacağını hiss edirsən. Bu hissetmə başlanğıcın – oxuduğun fikrin istər fəlsəfi mahiyyətində, istərsə də bədii formatındadır. ” İlham Əliyev siyasət şahmatı arxasında apardığı bütün oyunların ona görə qalib tərəfidir ki, bütün gedişləri dürüstlük meyarına əsaslanır. Səmimidir və özüdür”. Bu siyasət üçün bir azərbaycançılıq təəssübkeşliyi var, bu təəssübkeşlik tarixdən gəlir, Azərbaycan dövlətçiliyinin qaynaqlarına, dün­yə­vi, bəşəri sevgidən gəlir. İmamverdi İsmayılov da bu məqamları nəzərdə tutur, zənnimcə…

“Sonuncu fəsil” əsəri İmamverdi İsmayılovun düşüncələrinin (bədii və həyati!) sözlə mü­kəm­məl ifadəsidir. Bu ifadəetmə böyük yaradıcılıq uğurudur; uğurların başlanğıcı istedaddır, şübhəsiz. İmamverdi İsmayılovun yaradıcılığında tarixə də  sədaqət var, folklora da, dünənlərə də ehtiram var, dünənlərdən başlayan sabahlara da. İmamverdi nənə-baba kəlamlarını, ata deyimlərini jurnalistikaya (ədəbiyyata) gətirməklə azərbaycançılığın cəfakeşi olur: Nələr yazır İmamverdi? –

“Nənəm ölə bilməyən, ağır can verən insan görəndə deyərdi ki, zalımın balasının dalında çox qarğış var deyən belə zillət çəkir…”;

“Dədəm deyərdi ki, bala, sən hələ əlinlə it qoruyub arxanla qapı açmamısan…”; “Anam de­yər­di ki, kəsiyin çörəyini kəsməzlər, bala!..”; “Əmim deyərdi ki, sən elə bir nəsildənsən ki, yaxşısından yaxşısı, pisindən pisi yoxdur…”; “Ölüm ayağındakı müdriklik kimə lazım­dır?”;   “Sədaqət – sədəqə deyil…”; “Günəş – doğanda da, batanda da – Günəş kimi gözəldir…”; “Ba­­şın daşdan-daşa dəyəndən sonra barmağını dişləməyinin nə mənası?!”; “Yorulmadınsa – oturma”; “Tərbiyə – ölüncə səninlədir”; “Atdığın addımlar sənin həyat yolunun ritmləridir”;  “Su verdim, çiçək açdı, amma yellər apardı…”; “Su yatar, dərdli yatmaz”, …

     Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun da məzunu olan İmamverdi İsmayılov Azərbaycan Respublikası Milli Məclisinin ( 24 noyabr 1995-ci ildən)  1-ci, 2-ci,3-cü, 4-cü, 5-ci və 6-cı çağırış   deputatıdır.

     Milli Məclisin 1995-2000-ci illərdə Sosial siyasət Daimi Komissiyasının üzvü, 2000-2005-ci illərdə İnsan hüquqları Daimi Komissiyasının üzvü, 2005-2010-cu illərdə Mədəniyyət məsələləri Daimi Komisiyyasının üzvü, 2010-2020-cu illərdə Mədəniyyət Komitəsinin üzvü olub. 2020-ci ildən isə İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvüdür.

     Avstraliya və Yeni Zelandiya, Braziliya, İsveçrə, Kolumbiya, Koreya, Qətər, Səudiyyə Ərəbistanı, Slovakiya, Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü, Azərbaycan-Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupunun  rəhbəridir.

     Yeni Azərbaycan Partiyasının  Siyasi Şurasının üzvü olan İmamverdi İsmayılov Azərbaycan Prezidenti İlham Əliyevin  8 iyun 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif olunub.

Deputatlıq fəaliyyəti cəmiyyət üçün bəzən aysberq misallı olur; deputatın fəaliyyətini deputatlar daha dürüst görür, dəyərləndirir. Belə dəyərləndirmə cəmiyyət üçün, müəyyən mənada, gerçəkliyin ifadəsi olur. Milli Məclisin deputatı İmamverdi İsmayılovun deputatlıq fəaliyyəti haqqında akademik İsa Həbibbəyli deyir ki, “İmamverdi İsmayılov Milli Məclisin daxili  ictimai mühitində həmişə ön mövqedə dayanır. Onun obyektiv münasibətləri ifadə edən fikirləri yığcam və sərrast sözləri plenar iclaslardakı müzakirələrin əsas tezislərini tamamlamağa və daha da möhkəmləndirməyə xidmət edir…”. Bu fikirlər İmamverdi İsmayılo­vun timsalında deputatlıq obrazıdır və bu obraz Azərbaycan məfkurəsinin yaşadılması baxımından son dərəcə gərəkli görünür.

…Jurnalist İmamverdi İsmayılo­v da, deputat İmamverdi İsmayılo­v da vətəndaş İmamverdi İsmayılo­vun sədaqətli ömürdaşıdı. 65 ilin işığında ömrün sabahlarına bir inamla yol gedir: Sözün işığı-ömrün işığıdı…

Bayram MƏMMƏDOV,

Əməkdar müəllim