Türk Dövlətləri Təşkilatının nüfuzu artmaqda davam edir

Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilmişdir. Cənab Prezident İlham Əliyev də tədbirdə iştirak etmişdir. Qardaş türk dövlətləri ilə keçirilmiş bütün tədbirlər kimi 10-cu yubiley Zirvə görüşü də bizim üçün böyük əhəmiyyətə malikdir. Ümumiyyətlə, dünya ölkələri ilə səmərəli və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətində nə qədər mühüm rol oynayırsa, türk dövlətləri ilə olan mehriban əlaqələrimiz və dostluq münasibətlərimizin inkişafı bu siyasi kursda bir o qədər xüsusi əhəmiyyət kəsb edir. Çünki bu ənənə bizə dahi Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı dövlətimizin xarici siyasi strategiyasının mirasıdır. Ulu Öndər dövlətimizin xarici siyasi strategiyasını formalaşdırarkən türk dövlətləri ilə əlaqələri hər zaman prioritet hesab etmiş və türk dövlətləri arasında münasibətlərin möhkəmlənməsinə şəxsən töhfələr vermişdir.

Artıq heç kimə sirr deyil ki, türk dünyası birliyi özünün ən parlaq və qardaşlığın ən yüksək zirvəyə çatdığı dövrlərindən birini yaşayır. Türk Dövlətləri Təşkilatının son dövrlərdə bu dostluğun və qardaşlığın möhkəmlənməsində rolu həqiqətən də çox böyükdür. Əlbəttə, etnik və mədəni köklərimizin birliyi, ortaq dilimiz, ortaq keçmişimiz hər zaman münasibətlərimizin təməlini təşkil etmişdir. Bu gün isə artıq Türk Dövlətləri Təşkilatı sayəsində bu birlik təşkilatlanmış gücə, siyasi birliyə çevrilmişdir, təşkilat beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. Çox qürurverici haldır ki, türk dünyasının siyasi gücünə və birlik rəmzinə çevrilmiş təşkilatın təməli məhz bizim ölkəmizdə atılmışdır. Xatırladım ki, 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan arasında imzalanan Naxçıvan müqaviləsi ilə təşkilatın təməli qoyulmuşdur. Bu artıq türk dövlətləri arasında əsrlərdən bəri mövcud olan münasibətlərin və əməkdaşlığın təsisatlanmış yeni formatının yaradılması deməkdir.

2021-ci ilin noyabrında İstanbulda keçirilən Zirvə görüşü də təşkilatın sonrakı inkişafında mühüm rol oynamışdır. Həmin görüşdə təşkilatın adı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından Türk Dövlətləri Təşkilatına dəyişdirilmişdir. Məhz həmin vaxt cənab Prezident İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilmişdir. Bu təltif cənab Prezidentin Azərbaycanın Şuraya sədrlik etdiyi 2019-2021-ci illərdə təşkilatın fəaliyyətinin gücləndirilməsinə, təşkilata üzv dövlətlər arasında dostluğun, qardaşlığın daha da möhkəmləndirilməsinə dair gördüyü işlərin layiqli mükafatı idi. Azərbaycanın təşkilata sədrliyi həm İkinci Qarabağ Müharibəsinin olduğu dövrə, həm də bütün dünyanı bürüyən pandemiya dövrünə təsadüf etməsinə baxmayaraq olduqca uğurlu keçmişdir.

Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi, sərmayə qoyuluşu, enerji, nəqliyyat və logistika sahəsində münasibətləri daim inkişaf edir. Nəzərə alsaq ki, təşkilatın tərkibində Türk İnvestisiya Fondu fəaliyyət göstərir, əminliklə deyə bilərik ki, təşkilat həm də iqtisadi qurum kimi fəaliyyət göstərir. Ümumi fonddan əlavə təşkilata üzv olan ayrı-ayrı dövlətlər arasında sərmayə qoyuluşunu asanlaşdırmaq üçün birgə sərmayə fondlarının yaradılması prosesinə start verilmişdir. Artıq Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu öz işinə başlamışdır.

Qardaş türk dövlətlərinin Qarabağın yenidən qurulmasında iştirakı və Böyük Qayıdış Proqramının həyata keçirilməsində bizə dəstəyini xüsusi qeyd etmək istəyirəm. Qazaxıstan Prezidentinin təşəbbüsü ilə Qazaxıstan şirkəti tərəfindən Füzuli şəhərində Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin tikilməsi, Özbəkistanın Prezidentinin təşəbbüsü ilə Füzuli şəhərində məktəb inşa olunması əsl dostluq nümunəsidir. Çünki bu dəstək bizim üçün hər şeydən öncə böyük mənəvi əhəmiyyət daşıyır. Qardaş türk dövlətləri hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanımış, haqq mübarizəmizdə yanımızda olmuş və xalqımızın böyük Zəfərinə bizimlə birgə sevinmişlər. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın 10-cu yubiley Zirvə görüşündə səsləndirdiyi fikirlər xüsusən bizim üçün çox dəyərlidir. Ərdoğan Qarabağ uğrunda müharibədə göstərilən həmrəyliyi dünya ölkələri üçün birliyimizin ən böyük sübutu adlandırmışdır. Həqiqətən də Vətən Müharibəsində qazandığımız qələbə təkcə ölkəmizin deyil, bütünlükdə türk dünyasının qələbəsi olmuşdur. Cənab Prezident Zirvə görüşü zamanı 2023-cü il sentyabrın 19-da Qarabağda aparılmış antiterror əməliyyatları ilə bağlı da geniş məlumat vermiş və 23 saat ərzində bitən əməliyyat nəticəsində Azərbaycanın öz suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdiyini açıqlamışdır. Bu məqam türk dövlətləri başçılarının diqqətindən kənarda qalmamış və onlar xalqımızı dövlətçiliyin möhkəmləndirilməsi və ərazi bütövlüyünün tam bərpası münasibətilə təbrik etmişlər.

Astanada keçirilmiş 10-cu yubiley Zirvə görüşünün “Türk Əsri” çağırışı altında keçirilməsi də diqqətəlayiq məqamdır. Türk dünyasının gələcəyi ilə bağlı hədəflərin düzgün müəyyənləşdirilməsi və bu hədəflərin reallaşdırılması, dövlət başçılarımızın uğurlu diplomatik siyasəti və xalqlarımızın dostluğu iyirmi birinci əsri türk əsrinə çevirməyə qadirdir. Türk dünyası böyük bir ailədir, biz bu ailənin bir üzvü kimi həm Türk Dövlətləri təşkilatının, həm bütövlükdə türk dünyasının inkişafı və rifahı üçün töhfə verməyə davam edəcəyik və türk dünyasının birliyi amalına sadiq qalacağıq.

Milli Məclisin Müdafiə, təhlükəsizlik

və korrupsiya ilə mübarizə komitəsinin

sədri Ziyafət Əsgərov