Uğurlu yatıtım siyasəti

Son 20 ildə həyata keçirilən daxili və xarici siyasətin uğurları Azərbaycanın dünya miqyasındakı reytinqini getdikcə artırır. Bu uğurlar siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə özünü açıq şəkildə büruzə verir. Xüsusilə, üç il əvvəl Vətən müharibəsində Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyulması ölkəmizi dünyada qalib dövlət kimi tanıtdı. Azərbaycan Respublikası son zamanlar tarixinin ən parlaq dövrünü yaşayaraq tarixi torpaqlarında suveren hüququnu bərpa edib. Ölkəmizin Qarabağda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsidir.

 Azərbaycanın sürətli inkişafı artıq dünyanın aparıcı kütləvi informasiya vasitələrinin, televiziya kanallarının da diqqətini cəlb edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə ölkəmizin ötən dövr ərzində keçdiyi inkişaf yolu, iqtisadi potensialı və bu istiqamətdə perspektivlər haqqında ətraflı fikirlərini bölüşüb.

 Dövlətimizin başçısı son 20 ildə ölkəmizin qazandığı uğurlar barəsində məlumat verərək deyib ki, iqtisadi inkişafın təməlində aparılmış islahatlar dayanır. Bu müddət ərzində Azərbaycan neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuş və 300 milyard dollardan artıq sərmayə cəlb edilib. Bu dövrdə ümumi daxili məhsul dörd dəfə artıb. Düşünülmüş sosial siyasət nəticəsində yoxsulluğun səviyyəsi təqribən 50 faizdən 5,5 faizə qədər enib. Bu, onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalinin bütün seqmentləri arasında ədalətli bölünüb. Bununla yanaşı, xarici borcun səviyyəsi hər il azalır. Bu gün bu rəqəm ÜDM-in 10 faizindən aşağıdır.

 Dövlətimizin başçısı “Euronews” televiziyasına müsahibəsində Azərbaycanın iqtisadi-sosial inkişafı barədə danışaraq, ölkəmizin Qərb-Şərq arasında strateji mövqeyində uğurla yararlandığını və həyata keçirilən qlobal əhəmiyyətli layihələr sayəsində mühüm kommunikasiya-nəqliyyat qovşağına çevrildiyini bildirdi. Son illərdə nəqliyyat infrastrukturuna milyardlarla dollar sərmayə qoyulub. Azərbaycan infrastrukturunu tamamilə modernləşdirərək həm Qərbdən Şərqə, həm də Şimaldan Cənuba regionun tranzit mərkəzinə çevrilib. Bu, Azərbaycanın dəmir yollarına, avtomobil yollarına, eləcə də limanlarına aiddir. Azərbaycanda həyata keçirilən həmin infrastruktur layihələrindən fəal şəkildə istifadə olunacaqdır. Qeyd edək ki, bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat layihələrinə qoşulan ölkələrin sayı ondan artıqdır. Azərbaycan unikal coğrafi mövqeyinə görə hər iki layihədə iştirak edən yeganə ölkədir. Bu, ölkəmiz haqqında beynəlxalq tranzit mərkəzlərindən biri kimi danışmağa imkan verir.

 Müxbir Azərbaycanın sentyabrın 19-da keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin bölgədə yaratdığı yeni durumu xatırladır, Qarabağ ermənilərinin evlərini tərk edib Ermənistana getmələrindən və mövcud durumun sülh gündəliyinə təsirlərini qabardaraq, dövlətimizin başçısının məsələyə münasibətini soruşur. Azərbaycan Prezidenti cavabında Bakı və İrəvan arasındakı, belə demək mümkünsə, sülh şərtləri mübadiləsinin mövcudluğunu vurğulayır və ölkəmizin sonuncu dəfə öz şərtlərini sentyabrın 11-də göndərdiyini bildirir: “Mən ümid edirdim ki, Ermənistan bizim təkliflərin nəzərdən keçirilməsi vaxtını uzatmayacaq”. Əlbəttə, məlum birgə açıqlamadan sonra da ilin sonunadək sülh sazişinin imzalanmasına dair ümidlər böyük deyil. İşğaldan və etnik təmizləmədən əziyyət çəkən, deportasiyaya məruz qalan, təxminən 15 min kvadratkilometr ərazisi dağıdılan respublikamız sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verib. Halbuki, verməyə də bilərdi.

 Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi bölgədə sabitliyin, davamlı sülhün əldə olunması istiqamətində həm Ermənistan hakimiyyəti, həm də cəmiyyəti üçün vacib bir mesaj idi. Prezident açıq şəkildə bəyan etdi ki, bu gün Azərbaycanlılar və ermənilər Rusiyada, Ukraynada, Gürcüstanda hətta eyni kəndlərdə yaşayırlar. Demək, bunu Azərbaycanda və Ermənistanda da etmək mümkündür.

Arzu Daşdəmirov - ADPU-nun Fizika fakültəsinin dekanı, dosent, əməkdar müəllim