ÜST qriplə bağlı MÜRACİƏT ETDİ

“Avropada, o cümlədən Azərbaycanda son bir ay ərzində qrip və digər tənəffüs yolu virusların yayılmasında artım müşahidə olunur”.

Bu barədə Sabahinfo.az-a Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyindən xəbər verilib.

Bildirilib ki, həm ilkin tibbi yardım, həm də xəstəxana səviyyələrində xəstələrin sayı da artıb:

“COVID-19 və mövsümi qripin birgə sirkulyasiyası ilə həssas insanların, o cümlədən yaşlıların, immuniteti zəif olan şəxslərin, hamilə qadınların və yeni doğulmuş körpələrin sağlamlığı daha böyük risk altındadır. Biz infeksiyaların qarşısını almaq, həssas insanları qorumaq və səhiyyə sistemimizin çoxsaylı təhlükələrin qarşısını alması üçün səylərimizə davam etməliyik".

ÜST virusun yayılmasının qarşısını almaq üçün əlimizdə olan aşağıdakı vasitələrdən istifadə etməyə çağırır:

• COVID-19 və qripə qarşı peyvənd olunmaq;
• Kütləvi və ya qapalı yerlərdə maska taxmaq;
• Əlləri mütəmadi olaraq təmizləmək;
• Özünüzü pis hiss edirsinizsə, evdə qalmaq;
• Öskürərəkən və ya asqırarkən ağzı salfet və ya bükülmüş dirsəklə örtmək;
• Xüsusilə kütləvi və ictimai yerlərin yaxşı havalandırılmasını təmin etmək.